Xəzər dənizi təhlükə qarşısında: Bizi hansı fəsadlar gözləyir?
Xəzər dənizində suyun səviyyəsinin azalması və sahil xəttinin geri çəkilməsi son dövrlər ekoloji narahatlıqları artıran əsas məsələlərdən birinə çevrilib. Bəzi ərazilərdə dənizin mövcud sahil xəttindən 800 metrədək geri çəkildiyi bildirilir. Bu proses nəticəsində əvvəllər su altında olan ərazilər quruyur, sahil ekosisteminə, canlı aləminə və təsərrüfat fəaliyyətinə təsirlər meydana çıxır. Mütəxəssislər isə Xəzərdə su səviyyəsinin azalmasının uzunmüddətli nəticələri ilə bağlı xəbərdarlıq edirlər.
Crossmedia.az-a açıqlamasında ekoloq Elman Cəfərli bildirib ki, Xəzər dənizinin dayazlaşması və sahil xəttinin geriyə doğru çəkilməsi son illərin ən ciddi ekoloji problemlərindən birinə çevrilib:

"Xəzərin geri çəkilməsini adi gözlə belə müşahidə etmək mümkündür. Düzdür, bununla bağlı peyk görüntüləri də mövcuddur, lakin sahil ərazilərində də dənizin son illərdə xeyli geri çəkildiyini aydın görürük. Bu vəziyyət Bakı bulvarında da müşahidə olunur. Şahdilidə də müşahidələr aparmışam. Digər ekoloq həmkarlarımız da araşdırmalar həyata keçiriblər. Xəzər dənizi kifayət qədər geri çəkilib, nəticədə hektarlarla torpaq sahəsi, yəni yeni quru ərazilər meydana çıxıb.
Xəzərin qurumasının və dayazlaşmasının əsas səbəbi, təbii ki, qlobal iqlim dəyişikliklərinin təsirlərini artıq göstərməsidir. Xəzəri qidalandıran əsas çay Volqadır. Xəzər dənizinə daxil olan suyun təxminən 80 faizini Volqa çayı təmin edir. Volqa hövzəsində yağıntıların azalması çayın su səviyyəsinin aşağı düşməsinə səbəb olur ki, bu da Xəzərin su ilə qidalanmasını çətinləşdirir. Digər çaylarda da suyun azalması müşahidə olunur. Qlobal iqlim dəyişikliklərinin nəticəsi olaraq yağıntıların azalması ilə yanaşı, buxarlanma da artır. Xəzər dənizində də buxarlanmanın miqdarı yüksəlib.
Antropogen təsirlər, yəni insan amili də bu prosesə təsir göstərir. Çaylardan təsərrüfat və sənaye məqsədləri üçün su götürülməsinin həcmi artıb. Həm Volqa çayından, həm də digər çaylardan daha çox su götürülməsi Xəzərə tökülən suyun miqdarının azalmasına gətirib çıxarır.
Xəzərin quruması və sahil xəttinin geri çəkilməsi balıqçılığa və biomüxtəlifliyə çox ciddi ziyan vurur. Eyni zamanda, nəqliyyat infrastrukturuna da mənfi təsir göstərir. Bildiyiniz kimi, sahil xəttinin geri çəkilməsi gəmiçilik fəaliyyətinə, limanların işinə ciddi maneələr yaradır. Limanlarda gəmilərin dayanması, yüklərin boşaldılması və yüklənməsi prosesləri çətinləşir.
Xəzəri qoruyub saxlamaq lazımdır. Bunun üçün beş Xəzəryanı dövlət – Azərbaycan, Rusiya, Qazaxıstan, Türkmənistan və İran birgə fəaliyyət göstərməlidir. Yaxşı olardı ki, bu beş dövlət Xəzərin problemlərini birlikdə müzakirə etsin, ekspertlərin iştirakı ilə mütəmadi monitorinqlər aparsın və çıxış yolları axtarsın. Xəzərə tökülən suyun azalması qlobal ekoloji problemdirsə, bunu bir dövlətin aradan qaldırması mümkün deyil. Hətta beş dövlət də bu planetar prosesi tamamilə dayandıra bilməz. Lakin onun nəticələrini yumşaltmaq və dənizin qurumasını müəyyən qədər azaltmaq mümkündür.
Bunun üçün ilk növbədə Xəzəri qidalandıran çaylardan qanunsuz su götürülməsinin qarşısı alınmalıdır. Eyni zamanda, nəsli kəsilmək təhlükəsi ilə üzləşən heyvan və bitki növlərinin məhv edilməsinin, ovlanmasının və qırılmasının qarşısı alınmalıdır ki, biomüxtəliflik qorunsun. Yəni bir tərəfdən təbiətə zərər vuran proseslər baş verirsə, digər tərəfdən insanların da ətraf mühitə əlavə ziyan vurmasına imkan verilməməlidir".
Ekoloq qeyd edib ki, son illərin hesablamaları 2020-ci ildən etibarən Xəzər dənizinin səthində hər il 25 faiz azalma baş verdiyini göstərir:
"Bunun əsas səbəbləri kimi buxarlanmanın artması və dənizi qidalandıran çaylarda suyun azalması göstərilir. Bəs Xəzəri qorumaq üçün nə etmək lazımdır?
Rusiyada bu istiqamətdə maraqlı bir təşəbbüs irəli sürülüb. Bildiyiniz kimi, Baykal gölü dünyanın ən dərin gölüdür. Baykalın quruma təhlükəsi olmasa da, ekoloji böhran oraya da təsir göstərir. Rusiyada ekoloqlar və təbiətsevərlər narahatdırlar ki, gələcəkdə Baykalda da oxşar problemlər yarana bilər. Buna görə də gölün qorunması məqsədilə ildə bir dəfə Baykal Günü elan olunub. Həmin gün müxtəlif maarifləndirmə tədbirləri keçirilir, televiziya kanallarında və kütləvi informasiya vasitələrində sosial çarxlar yayımlanır, insanlara gölün qorunması ilə bağlı çağırışlar edilir. Tanınmış şəxslər də təbiətin və Baykal gölünün mühafizəsinə dəstək verirlər.
Yaxşı olardı ki, Azərbaycanda da Xəzər dənizinin qorunması ilə bağlı ayrıca Xəzər Günü, yəni ekoloji gün müəyyən edilsin. Bildiyiniz kimi, yer səthinin, su ehtiyatlarının, torpağın və çayların qorunması ilə bağlı beynəlxalq səviyyədə qəbul edilmiş müxtəlif günlər var. Yaxşı olardı ki, biz də yerli səviyyədə bu cür tədbirlər həyata keçirək və insanların ekoloji şüurunun formalaşmasına töhfə verək.
Çünki siz deyə bilərsiniz ki, əgər bu, planetar prosesdirsə, qlobal iqlim dəyişikliyinin nəticəsidirsə, bir insan, bir şirkət və ya ayrı-ayrı sosial qruplar Xəzərin qurumasının qarşısını almaq üçün nə edə bilər? Amma mən sizə deyirəm ki, çox şey etmək mümkündür. Hətta bir insanın üzərində böyük məsuliyyət var.
Məsələn, yeni salınan məhəllələrdə qanunsuz kanalizasiya xətlərinin çəkilməsi və çirkab sularının dənizə axıdılması halları var. Mən özüm Corat qəsəbəsində bunun şahidi olmuşam. Çirkab suları sahilə, oradan da birbaşa dənizə axıdılır. Əgər insanların ekoloji şüuru yetkin olsa, onlar bunun hansı fəsadlara səbəb olduğunu anlayarlar. İlk növbədə, sahil zolağı çirklənir. Yay mövsümündə insanlar həmin ərazilərə istirahətə gəlirlər və çirkab sularının yaratdığı bakteriyalar müxtəlif dəri xəstəliklərinə və digər sağlamlıq problemlərinə səbəb ola bilər.
Bununla yanaşı, dənizdəki canlı növləri də məhv olmaq təhlükəsi ilə üzləşir. Məişət və çirkab sularının tərkibində çoxlu kimyəvi maddələr var. Bu maddələr balıqlara və dənizdə yaşayan digər canlılara zərər vurur, onları zəhərləyir, məhvinə və çoxalmasının qarşısının alınmasına səbəb olur. Məhz bu məsələlər həllini tapmalıdır. İnsanlar da gündəlik həyatlarında ətraf mühitə münasibətdə daha diqqətli və məsuliyyətli davranmalıdırlar".
Elman Cəfərli vurğulayıb ki, dövlət səviyyəsində görülməli işlər də kifayət qədər çoxdur:
"Yaxşı olardı ki, Volqa çayı üzərində çoxlu sayda su bəndlərinin tikilməsinin çayın axınına mənfi təsir göstərdiyi nəzərə alınsın. Bunun qarşısını almaq, əlbəttə, bir qədər çətindir. Çünki əhali artıb, kənd təsərrüfatı sahələri genişlənib, sənaye müəssisələrinin sayı çoxalıb, şəhərlərdə əhali artıb. Bütün bunları içməli su ilə təmin etmək lazımdır.
Ən yaxşı üsul içməli sudan qənaətlə istifadə rejiminə keçmək olardı. Bütün Xəzəryanı dövlətlər bu istiqamətdə tədbirlər görməlidirlər. Kənd təsərrüfatı məqsədilə su götürülməsinin həcmi azaldılmalı, yağış sularının toplanması və depolanması həyata keçirilməlidir. Məsələn, Bakıda yağış sularının toplanması ilə bağlı tədbirlər görülsə, həmin sulardan ən azı yaşıllıq sahələrinin suvarılmasında və avtomobil yuma məntəqələrində istifadə etmək mümkün olar. Bununla da içməli suyun israfının qarşısını müəyyən qədər ala bilərik.
Xəzər ümumi bir problemdir, ümumi bir bəladır. Bu, təbiətin incisidir. Bildiyiniz kimi, Xəzər dünyanın ən böyük gölüdür. Sahəsinin böyüklüyünə görə dəniz adlandırılır. Qapalı su hövzəsi olan Xəzərdə müxtəlif heyvan və bitki növləri yaşayır. Bu, unikal təbiət hadisəsidir və onu qoruyub saxlamaq lazımdır. Bu isə həm də bizdən asılıdır.
Məşhur bir misal var: təbiətlə mübarizə aparsaq, mütləq məğlub olacağıq. Hətta qalib gəldiyimizi düşünsək belə, nəticədə yenə məğlub olacağıq. Çünki təbiətə qalib gəlmək mümkün deyil. Təbiətin qisası ağır olur.
Ümid edirəm ki, dövlətlər bu məsələyə ciddi yanaşacaqlar. Hətta bu yaxınlarda Türkmənbaşıda keçirilən sammitdə də rəsmi nümayəndələr və dövlət başçıları tərəfindən Xəzərin problemləri gündəmə gətirilmişdi. Ümid edirəm ki, bu həyəcan siqnalına ciddi münasibət göstəriləcək və Xəzərin qorunması üçün dövlətlər arasında birgə tədbirlər planı hazırlanacaq".
Məhəbbət Tərlanoğlu
18:03 20.11.2026
Oxunuş sayı: 114