Azərbaycan-NASDA əməkdaşlığının perspektivləri müzakirə edilib
ABŞ-yə səfər çərçivəsində kənd təsərrüfatı naziri Məcnun Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə ABŞ Ştatlarının Kənd Təsərrüfatı Departamentləri Milli Assosiasiyasının (NASDA) baş icraçı direktoru Ted Makkinni arasında görüş keçirilib.
Crossmedia.az xəbər verir ki, görüşdə
Azərbaycanın kənd təsərrüfatı sahəsində həyata keçirdiyi islahatlar, dövlət
proqramları, aqrar assosiasiyaların və kooperasiyaların fəaliyyəti, eləcə də kənd
təsərrüfatı sahəsində dövlət-özəl tərəfdaşlığının inkişafı məsələləri müzakirə
olunub.
Kənd
təsərrüfatı naziri Məcnun Məmmədov Azərbaycanda aqrar sektorun inkişafı istiqamətində
həyata keçirilən tədbirlər, fermerlərin təşkilatlanmasının təşviqi,
assosiasiyaların institusional potensialının gücləndirilməsi və onların kənd təsərrüfatının
inkişafındakı rolu barədə məlumat verib. Nazir, həmçinin Azərbaycan ilə ABŞ
arasında iqtisadi və ticarət əlaqələrinin genişləndirilməsi, bu prosesdə aqrar
assosiasiyaların iştirak imkanlarına toxunub. Məcnun Məmmədov qeyd edib ki,
assosiasiyaların və kooperasiyaların inkişafı kənd təsərrüfatında istehsalın səmərəliliyinin
artırılması, fermerlərin maraqlarının qorunması, resurslardan daha optimal
istifadə və onların bazarlara çıxış imkanlarının genişləndirilməsi baxımından
mühüm əhəmiyyət daşıyır. Nazir əlavə edib ki, müasir assosiasiya və kooperasiya
modeli fermerlərin könüllü birliyi, qarşılıqlı maraqları və iqtisadi səmərəlilik
prinsipləri əsasında formalaşır.
Nazir
torpaqların konsolidasiyası məsələsinin də aqrar sektorun rəqabət qabiliyyətinin
artırılması baxımından əhəmiyyətini vurğulayıb. Bildirilib ki, Azərbaycanda
adambaşına düşən kənd təsərrüfatına yararlı torpaq sahələrinin məhdudluğu şəraitində
torpaq sahələrinin könüllü birləşdirilməsi və daha səmərəli idarə olunması iri
həcmli, rəqabətqabiliyyətli təsərrüfatların formalaşmasına imkan yarada bilər.
Diqqətə çatdırlıb ki, bu baxımdan torpaqların konsolidasiyası ilə bağlı
qanunvericilik bazasının təkmilləşdirilməsi və Milli Məclis tərəfindən müvafiq
qanunvericilik dəyişikliklərinin qəbul edilməsi mühüm əhəmiyyət kəsb edir.
NASDA-nın
baş icraçı direktoru Ted Makkinni aqrar sahədə beynəlxalq tərəfdaşlığın və təcrübə
mübadiləsinin əhəmiyyətini vurğulayıb. O, ABŞ-ın aqrar assosiasiyalarının
formalaşması və fəaliyyəti sahəsində əldə etdiyi təcrübəni, institusional bilik
və praktiki yanaşmaları Azərbaycan tərəfi ilə bölüşməyə hazır olduqlarını
bildirib. Eyni zamanda, assosiasiyalarla dövlət qurumları arasında əməkdaşlığın,
o cümlədən dövlət-özəl tərəfdaşlığı mexanizmlərinin inkişafı istiqamətində təcrübə
mübadiləsinin və tövsiyələrin təqdim edilməsinin mümkünlüyü qeyd olunub.
Tərəflər
aqrar assosiasiyaların institusional gücünün artırılması, fermerlərin təşkilatlanmasının
təşviqi və Azərbaycan-ABŞ aqrar əməkdaşlığının genişləndirilməsi istiqamətində əlaqələrin
davam etdirilməsinin əhəmiyyətini vurğulayıblar.
17:54 20.11.2026
Oxunuş sayı: 89