Paşinyan: Bayraktarların altında kim öləcək?
Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla geri dönməz sülhə doğru irəlilədiklərini və Türkiyə ilə münasibətlərin normallaşdırılması istiqamətində çalışdıqlarını bildirib.
Crossmedia.az xəbər verir ki, “Armenpress” agentliyi bu barədə məlumat yayıb.
Paşinyan noyabrın 18-də Ermənistan parlamentində çıxışı zamanı Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılmasına qarşı çıxan müxalifəti tənqid edib.
Baş nazir erməni cəmiyyətində Türkiyəyə qarşı uzun illər ərzində formalaşmış münasibətə toxunaraq bunun xarici qüvvələrin təsiri ilə yarandığını iddia edib.
“1870-ci illərdən bəri bizi idarə etmək və düşüncəmizi qarışdırmaq istəyən qüvvələr nə deyirdilər? ‘Türk, türk, türk’. Bununla da bütün düşüncə sistemimiz alt-üst oldu”, – deyə Paşinyan bildirib.
O, Ermənistanın artıq Azərbaycan və Türkiyə ilə sülh və normal münasibətlər qurmaq istiqamətində irəlilədiyini vurğulayıb.
Parlamentdə Qarabağ bayraqları nümayiş etdirən müxalifət deputatlarına müraciət edən Baş nazir onların mövqeyinin yeni müharibə təhlükəsi yaratdığını bildirib.
“Bayraktarların altında kim öləcək?” – deyə Paşinyan müxalifət nümayəndələrinə sual ünvanlayıb.
Baş nazir qeyd edib ki, Qarabağla bağlı əvvəlki siyasi yanaşmaların davam etdirilməsi gənclərin yenidən müharibədə həyatlarını itirməsi riskini yaradır.
Paşinyan Azərbaycanla əldə olunan razılaşmaların davamlı sülhə çevrilməsinin vacibliyini də vurğulayıb.
O bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevlə sülhün geri dönməz xarakter almasını təmin edəcək yekun sənədin imzalanması zəruridir.
17:46 20.11.2026
Oxunuş sayı: 102