Ayasofyanın altında 180 metrlik tunel aşkar edilib
İstanbulda yerləşən tarixi Ayasofya məscidinin yeraltı tunellərində aparılan araşdırmalar zamanı 180 metr uzunluğundakı tunelin qədim Roma küçəsi ilə əlaqəli ola biləcəyi müəyyən edilib.
Crossmedia.az xəbər verir ki, Türkiyənin “Haber Global” telekanalı bu barədə məlumat yayıb.
Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy bildirib ki, Ayasofyanın yeraltı hissələrində genişmiqyaslı bərpa və möhkəmləndirmə işləri aparılır.
Nazirin sözlərinə görə, 4 və 5 nömrəli tunellərin hər birində 10 metrlik hissədə tağların zədələnmiş sahələri bərpa edilib.
Bundan başqa, 4 nömrəli tuneldə 50 metr boyunca paslanmayan polad konstruksiyalarla möhkəmləndirmə işləri tamamlanıb. Beşinci tuneldə isə analoji işlər 90 metrlik hissədə davam etdirilir.
Ersoy qeyd edib ki, mövcud yeraltı tunel sistemi Ayasofyanın havalandırma ehtiyaclarını tam qarşılamaq imkanına malik deyil.
Texniki hesablamalara əsasən, yeraltı tunelin mövcud çıxışının en kəsiyinin sahəsi təxminən 0,5 kvadratmetrdir. Bu çıxış binanın saatda minimum 120 min kubmetr hava dövriyyəsi ehtiyacının yalnız 3,6 faizini təmin edə bilir.
Nazir bildirib ki, havalandırma çıxışının əsas giriş qapısına yaxın yerləşməsi də əlavə çətinlik yaradır. Bu səbəbdən içəri verilən hava əsas məkana kifayət qədər yayılmadan xaric ola bilər.
Onun sözlərinə görə, gələcəkdə aparılacaq lazer skanlaşdırılması və sənədləşdirmə işlərinin nəticələrindən asılı olaraq yeraltı tunellərdən təmiz hava təchizatı sisteminin bir hissəsi kimi istifadə edilməsi nəzərdən keçirilə bilər.
Yeraltı tunellər ziyarətçilərə açılacaq
Mehmet Nuri Ersoy Ayasofyanın yeraltı hissələrinin gələcəkdə ziyarətçilərə təqdim edilməsinin də planlaşdırıldığını açıqlayıb.
Nazirin sözlərinə görə, bu məqsədlə xüsusi nümayiş layihəsinin hazırlanması nəzərdə tutulur.
“Məqsədlərimizdən biri də uyğun yeraltı hissələri ziyarətçilərə açmaqdır. Tarixi tikilinin qorunmasını və ziyarətçilərin təhlükəsizliyini əsas götürərək Ayasofyanın yeraltı tarixi zənginliyini də üzə çıxaracağıq”, – deyə Ersoy bildirib.
Nazir vurğulayıb ki, əsas məqsəd Ayasofyanın bütün tarixi qatlarını qorumaq, elmi üsullarla sənədləşdirmək və gələcək nəsillərə çatdırmaqdır.
15:54 20.11.2026
Oxunuş sayı: 90