Kiyevə kütləvi hücum: Üç körpü zədələnib
Rusiya noyabrın 20-nə keçən gecə Ukraynanın paytaxtı Kiyevə və ölkənin bir sıra bölgələrinə raket və pilotsuz uçuş aparatları (PUA) ilə kütləvi hücum həyata keçirib.
Crossmedia.az xəbər verir ki, Kiyev meri Vitali Kliçko bu barədə məlumat yayıb.
Məlumata görə, paytaxt ardıcıl ballistik raket hücumlarına məruz qalıb. Hücumların 13 dalğa şəklində həyata keçirildiyi bildirilir.
Kliçko açıqlayıb ki, zərbələr nəticəsində Podolsko-Voskresenski, Darnitsa və Cənub körpüləri zədələnib. Bu səbəbdən Dnepr çayının sol və sağ sahilləri arasında nəqliyyatın hərəkəti çətinləşib.
Mer sakinləri ciddi zərurət olmadıqda şəxsi avtomobillərlə şəhərə çıxmamağa çağırıb.
Sosial şəbəkələrdə yayılan məlumatlara görə, Tripolye İstilik Elektrik Stansiyası da hücuma məruz qalıb. Nəticədə elektrik enerjisinin verilişində fasilələr yaranıb.
Bundan başqa, Kiyevdəki 5 saylı İstilik Elektrik Mərkəzinin və Şimal körpüsünün də zərbələrə məruz qaldığı bildirilir.
Raket və PUA hücumlarının Nikolayev şəhəri və ətraf əraziləri, Jitomir, Vinnitsa, Krivoy Roq, eləcə də Lvov, Odessa, Xmelnitski, Poltava, Çerkassı və Dnepropetrovsk vilayətlərini əhatə etdiyi qeyd olunur.
Kiyev hakimiyyətinin məlumatına görə, hücumlar nəticəsində üç nəfər həlak olub. Şəhərdə kritik infrastruktur obyektlərinə də ziyan dəyib.
12:17 20.11.2026
Oxunuş sayı: 106