Fransada iğtişaşlar 207 milyon avro ziyana səbəb olub
Fransada oktyabrın 17-18-də baş verən iğtişaşlar nəticəsində dəymiş maddi ziyanın 207 milyon avroya çata biləcəyi açıqlanıb.
Crossmedia.az xəbər verir ki, “France Assureurs” Sığorta Şirkətləri Assosiasiyası bu barədə məlumat yayıb.
Assosiasiyanın noyabrın 19-da açıqladığı ilkin hesablamalara əsasən, ölkənin müxtəlif şəhərlərində baş verən iğtişaşlar və talanlarla əlaqədar 5 280 sığorta hadisəsi qeydə alınıb.
Ən böyük ziyan müəssisələrin əmlakına dəyib. Bu istiqamətdə zərər 198 milyon avro qiymətləndirilir ki, bu da ümumi məbləğin 95 faizindən çoxunu təşkil edir.
Fiziki şəxslərin əmlakına dəymiş ziyan 3,5 milyon avro, avtomobillərə vurulan zərər isə 6 milyon avro həcmində qiymətləndirilir.
Assosiasiya bildirib ki, bunlar ilkin hesablamalardır və ziyanın yekun məbləği ekspertizaların nəticələrindən asılı olaraq dəyişə bilər.
12:14 20.11.2026
Oxunuş sayı: 99