ABŞ-nin hərbi tələbi Yaponiyanı çətin vəziyyətə salıb
Yaponiya müdafiə xərclərini ümumi daxili məhsulun (ÜDM) 3,5 faizinə çatdırmaqla bağlı ABŞ-nin tələbini büdcə məhdudiyyətləri səbəbindən yerinə yetirməkdə çətinlik çəkir.
Crossmedia.az xəbər verir ki, bu barədə Yaponiyanın “Kyodo” informasiya agentliyi məlumat yayıb.
Məlumata görə, Yaponiyanın müdafiə naziri Sindziro Koizumi ölkənin yeni hərbi siyasətinin əsas istiqamətlərini və müdafiə büdcəsinin artırılması ilə bağlı çətinlikləri Pentaqon rəhbəri Pit Heqsetə şəxsən izah etmək niyyətindədir.
Bu məqsədlə Heqsetin 2026-cı ilin dekabr ayının əvvəlində Yaponiyaya səfərinin təşkili istiqamətində razılaşdırma aparılır.
Səfər baş tutarsa, Tokio dekabrda təsdiqləməyi planlaşdırdığı yeni təhlükəsizlik sənədlərinin əsas müddəalarını ABŞ tərəfinə təqdim edəcək.
Sənədlər Yaponiyanın uzunmüddətli və intensiv hərbi əməliyyatlar aparmaq imkanlarının genişləndirilməsini, sursat ehtiyatlarının artırılmasını və süni intellekt texnologiyalarına əsaslanan müxtəlif pilotsuz sistemlərin tətbiqini nəzərdə tutur.
ABŞ Avropa və Sakit okean regionundakı müttəfiqlərindən birbaşa hərbi xərcləri ÜDM-in 3,5 faizinə çatdırmağı tələb edir. Lakin Yaponiya hökuməti büdcə məhdudiyyətləri səbəbindən bu hədəfə çatmağın mümkün olmadığı qənaətinə gəlib.
Məlumata əsasən, Yaponiyanın Müdafiə Nazirliyi artıq ölkənin aparıcı hərbi sənaye şirkətlərini 2027-ci ilin aprelində başlayacaq növbəti maliyyə ilindən etibarən hərbi xərclərin əvvəlki planlarla müqayisədə əhəmiyyətli dərəcədə azaldılacağı barədə məlumatlandırıb.
Tokio qarşıdakı beş il ərzində müdafiə məqsədlərinə 50–60 trilyon yen (təxminən 313–376 milyard ABŞ dolları) ayırmağa hazırdır.
Bu məbləğ əvvəlki 80 trilyon yenlik (təxminən 500 milyard dollar) büdcə tələbindən təqribən 30 faiz azdır.
Planlaşdırılan ixtisarların əsas səbəblərindən biri büdcə vəsaitlərinin çatışmazlığıdır. Bundan əlavə, hökumətin ərzaq məhsullarının alışına tətbiq olunan istehlak vergisini kəskin azaltmaq niyyəti də dövlət maliyyəsinə əlavə təzyiq yaradır.
11:12 20.11.2026
Oxunuş sayı: 109