Jurnalist müsabiqələrində yeni qayda – Sosial şəbəkə aktivliyi də qiymətləndiriləcək
Fərdi jurnalist müsabiqələrinin qiymətləndirmə qaydalarına yeniliklər nəzərdə tutulub. Yeni yanaşmaya əsasən, jurnalistlərin təqdim etdikləri materialların sosial şəbəkələrdə yaratdığı aktivlik də nəzərə alınacaq.
Crossmedia.az xəbər verir ki, Medianın İnkişafı Agentliyinin icraçı direktorunun müavini Natiq Məmmədli bu barədə APA-ya müsahibəsində bildirib.
Onun sözlərinə görə, müsabiqələrdə bundan sonra jurnalistlərin hazırladıqları materialların peşəkar keyfiyyəti ilə yanaşı, rəqəmsal platformalarda auditoriyaya təsiri də qiymətləndiriləcək.
Natiq Məmmədli qeyd edib ki, jurnalistin özünə məxsus və özü tərəfindən idarə olunan bir və ya bir neçə fərdi rəqəmsal hesabında müsabiqə materialı ilə bağlı yerləşdirdiyi paylaşımlar nəzərə alınacaq.
Əsas qiymətləndirmə göstəricisi qarşılıqlı əlaqə sayı (“engagement”) olacaq.
Bu göstəriciyə paylaşımların topladığı bəyənmələr, şərhlər, təkrar paylaşımlar (“share”) və saxlamalar (“save”) daxil ediləcək.
Şöbə müdiri bildirib ki, yeni yanaşma həm jurnalist materialının peşəkar keyfiyyətini, həm də onun auditoriyaya çatdırılmasını və rəqəmsal mühitdə yaratdığı təsiri nəzərə almağa imkan verəcək.
Bununla yanaşı, müsabiqəyə təqdim edilən materialların maraqlı, ictimai əhəmiyyətli və jurnalistika standartlarına uyğun hazırlanması əsas tələblərdən biri olaraq qalacaq.
11:02 20.11.2026
Oxunuş sayı: 116