Alimlərdən xəbərdarlıq: Xroniki tənhalıq demensiyaya yol aça bilər
Uzunmüddətli tənhalığın insan sağlamlığına təsiri ilə bağlı aparılan yeni elmi araşdırma diqqətçəkən nəticələr ortaya qoyub. Məlum olub ki, davamlı tənhalıq hissi 65 yaşdan yuxarı insanlarda demensiya riskini əhəmiyyətli dərəcədə artıra bilər. Bununla belə, alimlər ara-sıra yaşanan tənhalıqla xroniki tənhalığın eyni təsirə malik olmadığını vurğulayırlar.
Crossmedia.az xəbər verir ki, bu barədə "NTV" telekanalı məlumat yayıb.
Fransanın Bordo Universitetinin tədqiqatçıları tərəfindən aparılan araşdırmada 1988-2018-ci illər ərzində 65 yaşdan yuxarı 3 777 nəfərin məlumatları təhlil edilib. İştirakçılar tənhalıq hissinin davamlılığına görə üç qrupa bölünüblər: heç vaxt tənhalıq yaşamayanlar, ara-sıra özünü tənha hiss edənlər və xroniki tənhalıq yaşayanlar.
Tədqiqatın nəticələrinə əsasən, davamlı tənhalıq yaşayan insanların 49 faizində demensiya inkişaf edib. Ara-sıra tənhalıq hiss edənlər arasında bu göstərici 34 faiz, heç vaxt tənhalıq yaşamayanlarda isə 33 faiz təşkil edib.
Statistik təhlillər göstərib ki, xroniki tənhalıq demensiya riskini tənhalıq hiss etməyənlərlə müqayisədə 38 faiz artırır. Bununla yanaşı, vaxtaşırı yaşanan tənhalığın xəstəliyin inkişafı ilə statistik baxımdan əhəmiyyətli əlaqəsi müəyyən edilməyib.
Bordo İctimai Sağlamlıq Mərkəzinin baş elmi tədqiqatçısı Karine Peres bildirib ki, insanların həyatlarının müəyyən mərhələlərində tənhalıq yaşaması normaldır. Lakin bu hissin uzun müddət davam etməsi və xroniki xarakter alması sağlamlıq üçün ciddi risk yarada bilər.
Tədqiqatçıların fikrincə, davamlı tənhalıq uzunmüddətli stressə səbəb olmaqla yanaşı, immun sisteminin fəaliyyətinə də mənfi təsir göstərə bilər. Bu proses orqanizmdə iltihabi reaksiyaların yaranmasına şərait yaradır.
Alimlər həmçinin qeyd edirlər ki, tənhalıq fiziki aktivliyin azalması və qeyri-sağlam qidalanma ilə əlaqəli ola bilər. Bu amillər isə öz növbəsində ürək-damar xəstəlikləri və diabet kimi demensiya riskini artıran sağlamlıq problemlərinin yaranmasına təsir göstərir.
Araşdırmanın əsas müəllifi, Bordo Universitetinin alimi Yvanna Simon isə problemin qiymətləndirilməsi zamanı insanların yalnız tək və ya ailə üzvləri ilə yaşamasına əsaslanmağın düzgün olmadığını bildirib. Onun sözlərinə görə, insanın sosial münasibətlərinin keyfiyyəti, ətrafı ilə ünsiyyəti və özünü nə dərəcədə tənha hiss etməsi də nəzərə alınmalıdır.
Alimlər hesab edirlər ki, yaşlı insanların sosial əlaqələrinin gücləndirilməsi, ictimai fəaliyyətlərə cəlb olunması və tənhalıq hissinin vaxtında müəyyən edilməsi beyin sağlamlığının qorunması baxımından əhəmiyyətlidir.
Qeyd edək ki, tədqiqatın nəticələri “Aging & Mental Health” elmi jurnalında dərc olunub.
06:14 20.11.2026
Oxunuş sayı: 138