Alimlər ağrı ilə emosiyalar arasındakı əlaqənin beyindəki mexanizmini üzə çıxarıblar
Alimlər insan beynində ağrı hissləri ilə narahatlığın əlaqələndiyi xüsusi bölgəni müəyyən ediblər. Araşdırma emosiyaların fiziki ağrıların qavranılmasına necə təsir etdiyini anlamağa yeni imkanlar yaradır.
Crossmedia.az xəbər verir ki, bu barədə “Nature” elmi jurnalı məlumat yayıb.
Almaniyanın Düsseldorf şəhərində yerləşən Henrix Heyne Universitetinin tədqiqatçıları beynin dərin qatlarında yerləşən insula adlanan nahiyənin dörd ayrı, lakin qarşılıqlı əlaqədə olan funksional bölgədən ibarət olduğunu müəyyən ediblər.
Araşdırma çərçivəsində müalicəyə çətin tabe olan epilepsiyadan əziyyət çəkən 87 pasiyentin təxminən 15 il ərzində toplanmış məlumatları təhlil edilib. Xəstələrin beyninə müvəqqəti yerləşdirilən elektrodlar vasitəsilə insula nahiyəsinin fəaliyyəti və digər beyin bölgələri ilə əlaqələri öyrənilib.
Nəticələrə görə, insulanın yuxarı arxa hissəsi əsasən ağrı və temperatur hisslərinin emalında iştirak edir. Orta ön bölgənin stimullaşdırılması isə sinə və qarın nahiyəsində hisslər, eləcə də narahatlıq yarada bilir.
Tədqiqatçılar həmçinin müəyyən ediblər ki, insulanın ən ön hissəsi beynin hansı stimullara diqqət yetirəcəyinin müəyyənləşdirilməsində mühüm rol oynayır.
Araşdırmaya rəhbərlik edən doktor Culian Kvabsın sözlərinə görə, insula yalnız bədəndən gələn siqnalları ötürən bir mərkəz deyil, həm də insanın ağrını və öz bədənini necə hiss etdiyini formalaşdıran aktiv beyin bölgəsidir.
Alimlər hesab edirlər ki, əldə olunan nəticələr emosiyaların və gözləntilərin fiziki ağrıların qavranılmasını hansı sinir mexanizmləri vasitəsilə dəyişdirdiyini anlamağa kömək edə bilər.
04:19 20.11.2026
Oxunuş sayı: 152