Qazaxda dörd nəfərin öldüyü avtoqəzada yaralanan qadının vəziyyəti ağırdır – Yenilənib 3
Qazaxda yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 1996-cı il təvəllüdlü şəxs (qadın) Qazax Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Crossmedia.az xəbər verir ki, ona zəruri tibbi xidmət göstərilib.
Ağır kəllə-beyin tramvası diaqnozu təyin olunan pasiyentin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti ağır qiymətləndirilir.(Report)
21:39
Bu gün saat 19:30 radələrində Qazax rayonunun Aslanbəyli–Kəmərli avtomobil yolunda İttifaq İkram oğlu Müsəddirovun idarə etdiyi 99-RU-835 dövlət qeydiyyat nişanlı “Opel” və Sənan Hüseyn oğlu Dəryaquliyevin idarə etdiyi 10-NB-330 dövlət qeydiyyat nişanlı “Tofaş” markalı avtomobillər toqquşub.
Crossmedia.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.
Bildirilib ki, qəza nəticəsində hər iki sürücü və “Tofaş”ın iki azyaşlı sərnişini həlak olub. “Tofaş”da olan bir qadın sərnişin isə xəsarət alıb.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
Baş Dövlət Yol Polisi İdarəsi sürücüləri ötmə və manevr qaydalarına, eləcə də müəyyən edilmiş sürət həddinə ciddi riayət etməyə çağırır. Hər bir sürücü nəzərə almalıdır ki, təhlükəli ötmə, düşünülməmiş manevr və sürət həddinin aşılması ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisələrinin baş verməsinin əsas səbəbləri sırasındadır.
20:43
Qazaxda baş verən yol-nəqliyyat hadisəsində ölənlərin adları açıqlanıb.
Crossmedia.az-ın xəbərinə görə, TƏBİB-dən bildirilib ki, onlardan biri Kəmərli kənd sakini 1989-cu il təvəllüdlü Dəryahquluyev Sənan Hüseyn oğludur.
Onun idarə etdiyi avtomobildə ölənlərdən birinin öz qızı 2018-ci il təvəllüdlü Dəryahquluyeva Güllər, digəri isə bacısı oğlu 2018-ci il təvəllüdlü Mehtili Məhəmməd Elvin oğludur.(APA)
19:55
Qazaxda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Crossmedia.az xəbər verir ki, hadisə rayonun Yuxarı Salahlı yolunda qeydə alınıb. Hərəkətdə olan "VAZ" markalı minik maşını ilə digər avtomobil toqquşub. Qəza zamanı 3 nəfər hadisə yerində ölüb, xəsarət alanlar da var. Qəzada ölənlərdən ikisinin azyaşlı olduğu bildirilir.
Yaralılar xəstəxanaya yerləşdirilib.(APA)
22:00 18.11.2026
Oxunuş sayı: 227