ABŞ Rusiya və Ukrayna ilə nəyi razılaşdırmaq istəyir? – Kuşner açıqlayıb
ABŞ noyabrın 10–11-də Əbu-Dabidə Rusiya və Ukraynanın iştirakı ilə keçiriləcək üçtərəfli danışıqlarda müharibənin başa çatdırılması və uzunmüddətli sülh razılaşmasının əldə olunması istiqamətində irəliləyişə nail olmağa çalışacaq.
Crossmedia.az xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Cared Kuşner bu barədə “X” sosial şəbəkəsində məlumat yayıb.
Onun sözlərinə görə, Əbu-Dabidə keçiriləcək görüş fevral ayından bəri ABŞ, Rusiya və Ukraynanın iştirakı ilə təşkil olunan ilk üçtərəfli sülh danışıqları olacaq.
Kuşner bildirib ki, Vaşinqton danışıqların mümkün qədər məzmunlu və məhsuldar keçməsi üçün hər iki tərəflə ciddi təkliflər üzərində işləyib.
“Prezident Tramp sülhün əldə olunmasını prioritetlərindən biri kimi müəyyənləşdirib. Bizim diqqətimiz bu məqsədi hərtərəfli və uzunmüddətli razılaşmaya çevirmək üçün zəruri olan mürəkkəb və detallı işə yönəlib”, – deyə o vurğulayıb.
ABŞ nümayəndəsi Brüsseldə Ukrayna, NATO və Avropa tərəfdaşları ilə mühüm müzakirələrin aparıldığını da açıqlayıb.
Onun sözlərinə görə, görüşlərdə dayanıqlı sülhün iki əsas istiqaməti – Ukrayna üçün təhlükəsizlik zəmanətləri və Avropanın daha geniş təhlükəsizlik arxitekturası müzakirə olunub.
Kuşner Vaşinqtonun müharibənin başa çatdırılmasına və davamlı sülhün əsaslarının yaradılmasına kömək edə biləcək praktik həll yolları üzərində bütün tərəflərlə intensiv işlədiyini bildirib.
Qeyd edək ki, Əbu-Dabi danışıqlarında müharibədən sonrakı təhlükəsizlik mexanizmləri, gərginliyin azaldılması və humanitar məsələlərin də müzakirəsi nəzərdə tutulur.
14:23 06.11.2026
Oxunuş sayı: 81