Deputat: Hadrutun azad olunması Azərbaycanı yeni mərhələyə daşıdı
2020-ci il oktyabrın 7-dən 15-dək Hadrut istiqamətində aparılan döyüş əməliyyatları Vətən müharibəsinin mühüm mərhələlərindən biri olub. Strateji mövqeyi və mürəkkəb relyefi ilə seçilən qəsəbə cənub cəbhəsində xüsusi əhəmiyyət daşıyırdı. Hadrut uğrunda döyüşlər zamanı Azərbaycan Ordusu düşmənin müdafiə mövqelərini yararaq irəliləmək və ətraf yüksəkliklər üzərində nəzarəti təmin etmək uğrunda mübarizə aparıb. Bu istiqamətdə əldə olunan hərbi uğurlar sonrakı əməliyyatların gedişinə də təsir göstərib.
Crossmedia.az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib ki, Hadrutun azad olunması Azərbaycanın yeni inkişaf mərhələsinə keçidi baxımından əhəmiyyətli hadisələrdən biri olub.
“Hadrut qəsəbəsinin azad olunması ümumilikdə Azərbaycan tarixinin ən şərəfli quruculuq dövrlərindən biridir. Bilirsiniz ki, otuz ilə yaxın idi Azərbaycan torpaqları işğal altında idi. Prezidentin rəhbərliyi ilə Azərbaycan Ordusu torpaqlarını azad etdi. Azad olunan əsas ərazilərdən biri də Hadrut idi. Azərbaycan bu qəsəbəni azad etməklə yeni bir dövrə, yeni mərhələyə daxil oldu”, - deyə deputat qeyd edib.
Onun sözlərinə görə, hazırda Hadrutda genişmiqyaslı abadlıq və quruculuq işləri həyata keçirilir. Ceyhun Məmmədov bildirib ki, azad edilmiş ərazilərin bərpası həmin torpaqların gələcək inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.
“Bu gün Hadrutda böyük abadlıq və quruculuq işləri aparılır. Bütün bunlar dövlətimizin bu istiqamətdə həyata keçirdiyi siyasətin tərkib hissəsidir. Bir tərəfdən torpaqlarımız azad olunur, digər tərəfdən isə azad edilmiş ərazilərdə geniş quruculuq və abadlıq işləri görülür. Bu layihələr dövlətimizin həmin ərazilərin bərpası istiqamətində həyata keçirdiyi işlərin mühüm istiqamətlərindən biri kimi qiymətləndirilməlidir”, - deyə deputat fikirlərini yekunlaşdırıb.
Nigar Xəlilli
09:00 10.10.2026
Oxunuş sayı: 49