I Türkoloji Qurultay kontekstində Türk dünyasının ortaq terminoloji məkanı və Azərbaycan dilinin rolu
XXI əsrdə rəqəmsallaşma və beynəlxalq elmi əməkdaşlığın genişlənməsi türk dillərində terminoloji sistemlərin inkişafı, terminlərin standartlaşdırılması və ortaq elmi ünsiyyət imkanlarının artırılması məsələlərini aktuallaşdırmışdır. Türk dillərinin qohumluğuna və struktur yaxınlığına baxmayaraq, terminoloji sistemlərindəki fərqlər elmi informasiya mübadiləsində müəyyən çətinliklər yaradır. Bu problemlərin tarixi köklərinin araşdırılması baxımından 1926-cı ildə Bakıda keçirilmiş Birinci Türkoloji Qurultayın terminoloji irsi xüsusi əhəmiyyət daşıyır.
Azərbaycan Respublikası Prezidentinin 22 oktyabr 2025-ci il tarixli Sərəncamı ilə Qurultayın 100 illik yubileyinin qeyd olunmasının nəzərdə tutulması və bu yubileyin Türk Dövlətləri Təşkilatının 12-ci Zirvə Görüşünün Qəbələ Bəyannaməsində əksini tapması tarixi irsin müasir elmi əməkdaşlıq kontekstində öyrənilməsinin aktuallığını artırır. Bu baxımdan Qurultayda terminologiya ilə bağlı irəli sürülmüş ideyaların və onların türk dillərində terminoloji fikrin inkişafı ilə əlaqəsinin araşdırılması, eləcə də Azərbaycan dilinin terminoloji təcrübəsinin ortaq elmi ünsiyyət imkanları baxımından qiymətləndirilməsi müasir türkologiyanın mühüm tədqiqat istiqamətlərindəndir.
Türk dilləri bu baxımdan xüsusi elmi maraq doğurur. Genetik qohumluğa, ortaq tarixi-mədəni irsə və mühüm struktur yaxınlıqlarına baxmayaraq, müasir türk dillərinin terminoloji sistemlərində ciddi fərqlər mövcuddur. Eyni anlayış müxtəlif türk dillərində fərqli terminlərlə ifadə oluna bilir; əksinə, fonetik baxımdan yaxın terminlər müxtəlif dillərdə semantik cəhətdən tam eyni məzmun daşımaya bilər. Bu vəziyyət elmi mətnlərin tərcüməsi, akademik kommunikasiya, terminoloji lüğətlərin hazırlanması və ortaq elmi informasiya mübadiləsi baxımından müəyyən çətinliklər yaradır.
Problemin aktuallığını artıran əsas amillərdən biri də türk dövlətləri arasında elm, təhsil, iqtisadiyyat, texnologiya və mədəniyyət sahələrində əməkdaşlığın genişlənməsidir. Türk Dövlətləri Təşkilatının əsas məqsədlərindən biri üzv və müşahidəçi dövlətlər arasında hərtərəfli əməkdaşlığın inkişaf etdirilməsidir. Belə əməkdaşlığın davamlılığı isə yalnız siyasi və iqtisadi mexanizmlərdən deyil, ortaq elmi-kommunikativ infrastruktura malik olmaqdan da asılıdır.
Bu kontekstdə terminoloji inteqrasiya Türk dünyasının elmi və intellektual inteqrasiyasının mühüm komponentlərindən biri kimi çıxış edir. Ortaq terminoloji məkan ideyası türk dillərinin bir dilə çevrilməsini və ya milli terminoloji sistemlərin aradan qaldırılmasını nəzərdə tutmur. Əksinə, məqsəd milli terminoloji sistemlərin özünəməxsusluğunu qorumaqla onların arasında qarşılıqlı anlaşmanı, terminoloji uyğunluğu və elmi informasiya mübadiləsini gücləndirməkdir.
Türk dilləri arasında terminoloji uyğunluğun mühüm hissəsini ortaq türk mənşəli leksik fond təşkil edir. Tarixi baxımdan qədim türk yazılı abidələrindən başlayaraq müxtəlif türk xalqlarının elmi, ictimai-siyasi və mədəni terminologiyasında ortaq köklərin mövcudluğu müşahidə olunur.
Bu potensial xüsusilə müasir termin yaradıcılığında əhəmiyyətlidir. Ortaq kökdən istifadə türk dilləri arasında terminlərin tanınmasını və qarşılıqlı anlaşılmasını asanlaşdıra bilər. Bununla yanaşı, ortaq kökün mövcudluğu avtomatik olaraq ortaq terminoloji nəticə yaratmır. Eyni kökdən müxtəlif dillərdə fərqli şəkilçilərlə və ya müxtəlif semantik modellərlə terminlər yaradıla bilər.
Müasir tədqiqatlarda da ortaq terminologiyanın formalaşdırılmasında qədim türk dilinin leksik materialından və ümumtürk irsindən istifadə ideyası irəli sürülür. Lakin tarixi sözün müasir termin kimi qəbul edilməsi mexaniki şəkildə həyata keçirilməməlidir. Bunun üçün həmin vahidin semantik potensialı, müasir türk dillərində tanınma səviyyəsi, termin yaratma imkanları, fonetik uyğunluğu və yeni anlayışı ifadə etmək qabiliyyəti müəyyənləşdirilməlidir.
Bu baxımdan qədim türk leksikası hazır terminlər siyahısı deyil, terminoloji yaradıcılıq üçün potensial resurs kimi nəzərdən keçirilməlidir.
Azərbaycan dili Türk dünyasının ortaq terminoloji məkanında mühüm mövqeyə malik ola bilər. Bunun bir neçə səbəbi vardır. İlk növbədə, Azərbaycan dili həm oğuz qrupunun, həm də ümumtürk elmi-mədəni kommunikasiya məkanının mühüm dillərindən biridir.
Azərbaycanın coğrafi mövqeyi, Türkiyə və Mərkəzi Asiya türk dövlətləri ilə elmi-mədəni əlaqələri, eləcə də Bakı şəhərinin beynəlxalq tədbirlər və elmi layihələr üçün mühüm platformaya çevrilməsi Azərbaycan dilinin terminoloji əməkdaşlıq baxımından potensialını artırır. 2026-cı ildə Bakıda türk dillərinin tibb və ekologiya terminləri üzrə çoxdilli lüğətlərin təqdim edilməsi də bu sahədə Azərbaycanın institusional və elmi iştirakının gücləndiyini göstərir.
Azərbaycan dilinin bu prosesdə əsas funksiyalarından biri Qərb və Şərq türk dilləri arasında terminoloji körpü rolunu oynamaq ola bilər. Bunun üçün Azərbaycan dilinin milli terminoloji potensialı ilə yanaşı, ortaq türk terminoloji fondunun imkanlarından sistemli şəkildə istifadə edilməlidir.
Ortaq Türk Terminologiya Mərkəzinin yaradılması. Terminoloji inteqrasiyanın davamlı xarakter alması üçün müvafiq institusional mexanizmin yaradılması məqsədəuyğun görünür. Bu məqsədlə Türk Terminologiya Koordinasiya Mərkəzi və ya Türk Terminologiya Şurası modelinin yaradılması təklif olunur.
Qurumun əsas funksiyaları aşağıdakılar ola bilər:
Ortaq terminoloji fondun formalaşdırılması;
Müxtəlif türk dillərində terminoloji vəziyyətin monitorinqi;
Yeni terminlərin müqayisəli təhlili;
Terminlərin tövsiyə olunan və alternativ variantlarının müəyyənləşdirilməsi;
Terminoloji lüğətlərin hazırlanmasının koordinasiyası;
Rəqəmsal terminoloji bankın idarə olunması;
Terminologiya üzrə beynəlxalq standartların türk dillərinə uyğunlaşdırılması;
Süni intellekt və maşın tərcüməsi sistemləri üçün terminoloji resursların hazırlanması;
Universitetlər və elmi-tədqiqat institutları arasında terminoloji əməkdaşlığın genişləndirilməsi.
Terminoloqlar, dilçilər və sahə mütəxəssisləri üçün beynəlxalq ekspert şəbəkəsinin yaradılması.
Belə bir qurum mövcud milli terminologiya institutlarını əvəz etməməli, onların fəaliyyətini əlaqələndirən koordinasiya platforması kimi fəaliyyət göstərməlidir.
Ortaq terminoloji məkanın yaradılması üçün mərhələli strategiya. Problemin miqyasınınəzərə alaraq ortaq terminoloji məkanın bir mərhələdə yaradılması real görünmür. Bunun əvəzinə mərhələli model təklif edilə bilər.
Birinci mərhələ – İnventarlaşdırma. Mövcud milli terminoloji lüğətlər və elektron terminoloji bazalar toplanmalıdır.
İkinci mərhələ – Müqayisəli terminoloji korpus. Türk dillərində eyni sahəyə aid terminlər paralel şəkildə müqayisə edilməlidir.
Üçüncü mərhələ – Konseptual xəritələndirmə. Terminlərdən əvvəl anlayışlar sistemləşdirilməlidir.
Dördüncü mərhələ – Ortaq terminlərin müəyyənləşdirilməsi. Terminlər aşağıdakı kateqoriyalara bölünə bilər:
Tam ortaq terminlər;
Fonetik fərqli, strukturca ortaq terminlər;
Semantik ekvivalentlər
Funksional ekvivalentlər;
Milli terminlər;
Beynəlxalq terminlər;
Paralel terminlər
Problemli və mübahisəli terminlər.
Beşinci mərhələ – Elektron terminoloji platforma. Məlumatlar vahid rəqəmsal sistemə daxil edilməlidir.
Altıncı mərhələ – Standartlaşdırma. Tövsiyə edilən terminlər ekspert müzakirəsindən keçirilməlidir.
Yeddinci mərhələ – Təhsil və elmi nəşrlərə inteqrasiya. Ortaq terminoloji resurslar universitet proqramlarına, dərsliklərə, elmi jurnallara və tərcümə sistemlərinə inteqrasiya edilməlidir.
Elmi yenilik və əsas müddəalar. Aparılan konseptual təhlil əsasında ortaq terminoloji məkanın yaradılması ilə bağlı bir neçə elmi müddəa irəli sürmək mümkündür. Birincisi, türk dillərində terminoloji inteqrasiya terminlərin eyniləşdirilməsi deyil, terminoloji sistemlərin əlaqələndirilməsi prinsipi əsasında qurulmalıdır. İkincisi, ortaq terminologiyanın əsas vahidi termin yox, konsept olmalıdır. Eyni konsept müxtəlif dillərdə müxtəlif terminlərlə ifadə oluna bilər və bu, həmin dillərin milli xüsusiyyətlərinin təbii nəticəsidir. Üçüncüsü, ortaq terminoloji fond milli terminologiyaların alternativi deyil, onların üst səviyyəli koordinasiya mexanizmi kimi formalaşdırılmalıdır. Dördüncüsü, terminoloji inteqrasiya müasir dövrdə rəqəmsal texnologiyalardan ayrı təsəvvür edilə bilməz. Elektron terminoloji bazalar, ontologiyalar, korpuslar və süni intellekt sistemləri bu prosesin mühüm texnoloji komponentləridir. Beşincisi, terminoloji inteqrasiyanın uğuru yalnız dilçilərin fəaliyyəti ilə təmin edilə bilməz. Terminoloqlar, sahə mütəxəssisləri, tərcüməçilər, informasiya texnologiyaları mütəxəssisləri və dövlət qurumları arasında institusional əməkdaşlıq tələb olunur.
Nəticə. Türk dünyasında terminoloji inteqrasiya müasir türkologiyanın yalnız dilçilik deyil, həm də elmi, mədəni və texnoloji inteqrasiya məsələlərindən biridir. Türk dillərinin genetik qohumluğu, ortaq tarixi-mədəni irsi və struktur yaxınlığı ortaq terminoloji məkanın yaradılması üçün mühüm dil bazası formalaşdırır. Lakin bu potensialın real terminoloji sistemə çevrilməsi məqsədyönlü elmi və institusional fəaliyyət tələb edir.
Mövcud vəziyyət göstərir ki, Türk Akademiyasının dilçilik, iqtisadiyyat, hərbi sahə, ekologiya və tibb kimi istiqamətlərdə hazırladığı çoxdilli terminoloji lüğətlər ortaq terminoloji məkanın praktiki əsaslarının artıq formalaşmağa başladığını göstərir. Xüsusilə 2024-cü il dilçilik terminləri lüğəti, 2025-ci il ekologiya terminləri lüğəti və 2026-cı il tibb terminləri lüğəti bu prosesin sistemli xarakter aldığını nümayiş etdirir.
Bununla belə, ortaq terminoloji məkanın yaradılmasında əsas məsələ bütün türk dillərində eyni terminlərin tətbiqinə nail olmaq deyil. Əsas məqsəd eyni anlayışların mümkün qədər uyğun şəkildə müəyyənləşdirilməsi, terminoloji ekvivalentlərin qarşılıqlı tanınması və elmi kommunikasiyada terminoloji maneələrin azaldılmasıdır.
Bu baxımdan gələcəkdə Türk dünyası üçün vahid rəqəmsal terminoloji platformanın yaradılması, ortaq terminoloji fondun formalaşdırılması, terminoloji statusların müəyyənləşdirilməsi və Türk Terminologiya Koordinasiya Şurasının yaradılması mühüm addımlar ola bilər. Belə bir sistem milli terminoloji siyasətləri zəiflətmədən onların arasında əlaqələndirmə mexanizmi yarada bilər.
Terminoloji inteqrasiyanın gələcək mərhələsi rəqəmsal texnologiyalarla sıx bağlıdır. Ortaq terminoloji bazanın süni intellekt, maşın tərcüməsi, elektron lüğətlər və türk dillərinin dil texnologiyaları ilə inteqrasiyası türk dillərinin rəqəmsal mühitdə görünürlüyünü və funksional imkanlarını əhəmiyyətli dərəcədə genişləndirə bilər.
Beləliklə, ortaq terminoloji məkan türk dillərinin birləşdirilməsi deyil, onların qarşılıqlı anlaşmasını və elmi əməkdaşlığını təmin edən çoxsəviyyəli terminoloji infrastruktur kimi nəzərdən keçirilməlidir. Bu yanaşma milli dil müxtəlifliyini qorumaqla yanaşı, Türk dünyasının vahid elmi-kommunikativ məkanının formalaşmasına xidmət edə bilər.
XXI əsrdə rəqəmsallaşma və beynəlxalq elmi əməkdaşlığın genişlənməsi türk dillərində terminoloji sistemlərin inkişafı, terminlərin standartlaşdırılması və ortaq elmi ünsiyyət imkanlarının artırılması məsələlərini aktuallaşdırmışdır. Türk dillərinin qohumluğuna və struktur yaxınlığına baxmayaraq, terminoloji sistemlərindəki fərqlər elmi informasiya mübadiləsində müəyyən çətinliklər yaradır. Bu problemlərin tarixi köklərinin araşdırılması baxımından 1926-cı ildə Bakıda keçirilmiş Birinci Türkoloji Qurultayın terminoloji irsi xüsusi əhəmiyyət daşıyır.
Çinarə Qəhrəmanova,
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC),
“Azərbaycan dili” kafedrasının dosenti
12:28 09.10.2026
Oxunuş sayı: 61