Yaxın Şərqdə YENİ TƏHLÜKƏ: Husilər Məkkə və Kəbəni hədəfə alır?
Yəməndə husilərlə Səudiyyə Ərəbistanının dəstəklədiyi qüvvələr arasında qarşıdurmanın kəskinləşməsi hücumların coğrafiyasını da genişləndirib. Husilər son günlər Səudiyyə Ərəbistanının paytaxtı Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanı, Əbha hava limanı, Khamis Muşeyt aviabazası, eləcə də Cizan və Əsir bölgələrindəki hərbi obyektləri ballistik raket və PUA-larla hədəfə aldıqlarını açıqlayıblar. Səudiyyə tərəfi isə Riyad istiqamətində atılan ballistik raketin havada məhv edildiyini bildirib. Hücumlar yalnız hərbi obyektlərlə məhdudlaşmayıb. Səudiyyə Ərəbistanının aviasiya qurumu Cizan və Nəcran hava limanlarına edilən hücumlar nəticəsində üç nəfərin yaralandığını və maddi zərərin qeydə alındığını açıqlayıb. Paralel olaraq Səudiyyənin dəstəklədiyi Yəmən hökumət qüvvələri husilərin Bab əl-Məndəb boğazı ətrafında və Qırmızı dəniz sahilində ələ keçirdiyi əraziləri geri almaq üçün əks-hücumlara başlayıb.
Mövzu ilə bağlı Yaxın Şərq məsələləri üzrə ekspert Rufiz Hafizoğlu Crossmedia.az-a açıqlamasında bildirib ki, husilərin Səudiyyə Ərəbistanındakı hədəfləri ilə bağlı ərəb mediasında yayılan məlumatlar diqqətlə izlənilməlidir.

Ekspert qeyd edib ki, husilər öz açıqlamalarında əsasən hərbi strukturları hədəf aldıqlarını bildirirlər. Lakin ərəb mediasını izlədikdə fərqli mənzərənin ortaya çıxdığını deyən ekspert onların İslam dünyası üçün müqəddəs hesab olunan məkanların yaxınlığındakı obyektləri də hədəfə aldıqlarını bildirib.
O qeyd edib ki, husilər artıq Səudiyyə Ərəbistanı hakimiyyətini hədəf aldıqlarını deyil, açıq şəkildə Məkkə və Kəbə ilə bağlı təhdidlər səsləndirirlər. Ekspertin fikrincə, bu baxımdan onların əvvəlki mərhələdə səsləndirdiyi “İsrailə ölüm”, “Amerikaya ölüm” kimi şüarlar da arxa plana keçib.
Rufiz Hafizoğlu qeyd edib ki, husilərin Yəməndə irəliləməsi də müəyyən mənada onların qarşısında yaradılan şərait fonunda baş verir. Onun sözlərinə görə, husilərin qüvvələrinin mərkəzdən daha geniş ərazilərə yayılması və bununla da mərkəzləşdirilmiş hərbi imkanlarının parçalanması Səudiyyə Ərəbistanı və Yəmən milli ordusunun hazırladığı taktiki gedişin bir hissəsidir.
Ekspert hesab edir ki, əvvəlki mərhələdə müşahidə olunan husi təhlükəsi artıq zəifləməyə doğru gedir. O bildirib ki, Səudiyyə Ərəbistanı ilə tərəfdaşlıq edən qüvvələrin, o cümlədən Türkiyə və Pakistanın prosesə cəlb olunması bölgədə vəziyyətə təsir göstərir.
Ekspert vurğulayıb ki, husilərin Türkiyə və Pakistanı təhdid edən bəyanatlarından sonra vəziyyət dəyişib. Onun sözlərinə görə, Bab əl-Məndəb istiqamətindəki son döyüşlərdən sonra husilərin ritorikasında da müəyyən yumşalma müşahidə olunur.
Rufiz Hafizoğlu bildirib ki, Yaxın Şərqdə əsas məsələlərdən biri məzhəbçi və silahlı qruplaşmaların gələcək taleyidir. Onun fikrincə, husilər, Hizbullah və İraqdakı müxtəlif silahlı qruplarla bağlı proses onların silahlı fəaliyyətlərini davam etdirib-etdirməməsindən asılı olacaq.
“İŞİD-i xatırlayın. İŞİD nə qədər süni ideoloji məhsul olsa da, Qərbin və kəşfiyyatın müdaxiləsi ilə terror alətinə çevrildi. Onların ən böyük düşməni elə sünni İslam dünyası və ümumilikdə İslam aləmi idi. Nəticədə gördük ki, orada həm sünnilərə, həm kürdlərə, həm şiələrə, həm də ərəblərə divan tutuldu. Dolayısı ilə, bu gün məzlumluq pərdəsi altında gizlənən Həşdi-Şəabi, Husiyyun kimi terror qruplaşmalarının hamısı məhv olub gedəcək. Bu proses sivil dünyaya inteqrasiya olunmuş Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı vasitəsilə həyata keçirilir. Bu müqaviləyə digər dövlətlər də qoşulacaq və Yaxın Şərqdə İranın meydan sulamasına heç bir halda imkan verilməyəcək”.
Zeynəb Həsən
16:30 07.10.2026
Oxunuş sayı: 216