Parisdə məktəblilər iğtişaş törətdi, polis müdaxilə etdi
Parisdə etiraz edən məktəblilər Volter bulvarı ərazisində ofislərə və mağazaların vitrinlərinə zərər vurublar.
Crossmedia.az xəbər verir ki, “Ria novosti” bu barədə məlumat yayıb.
Agentliyin məlumatına görə, etiraz aksiyası əvvəlcə dinc keçib. Lakin daha sonra nümayişçilər şəhərin mərkəzi rayonlarında iğtişaşlar törətməyə başlayıblar.
Məktəblilərin polis əməkdaşlarına zibil qutuları, fişənglər və daşlar atdığı, daha sonra isə məşğulluq agentliyinin ofisinə daxil olaraq orada dağıntı törətdiyi bildirilir.
Hüquq-mühafizə orqanlarının əməkdaşları etirazçılara qarşı səs-küylü qumbaralardan və gözyaşardıcı qazdan istifadə edib.
Fransa Prezidenti Emmanuel Makron ölkənin müxtəlif şəhərlərində keçirilən kütləvi məktəbli etirazları ilə bağlı təcili müşavirə çağırıb.
Bundan əvvəl Fransada məktəbli etirazları ilə əlaqədar 600 nəfərin saxlanıldığı bildirilmişdi. Lisey şagirdləri bir neçə gündür müəllim çatışmazlığı, həddindən artıq yüklənmiş dərs cədvəli və təhsil sahəsindəki digər problemlərə etiraz edirlər. Aksiyaların bir qismi iğtişaşlarla müşayiət olunur.
21:20 06.10.2026
Oxunuş sayı: 59