Mərkəzi Elmi Kitabxanada professor Asif Rüstəmlinin kolleksiyası yaradılıb
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında görkəmli ədəbiyyatşünas alim, filologiya elmləri doktoru, professor Asif Rüstəmlinin şəxsi kolleksiyası yaradılıb.
Crossmedia.az xəbər verir ki, alimin özü tərəfindən təqdim edilən kitab kolleksiyasında hazırda Azərbaycan və xarici dillərdə 224 nüsxə ədəbiyyat nümunəsi var. Onlardan 220-si kitab, 4-ü isə alimin məqalələrinin dərc olunduğu jurnallardır.
Kolleksiyada Azərbaycan ədəbiyyatı və ədəbiyyatşünaslığı, tarix, fəlsəfə, dilçilik, milli-mədəni irs, ictimai-siyasi fikir və digər sahələrə dair qiymətli nəşrlər toplanıb. Onların sırasında “Heydər Əliyev və Şərq” çoxcildliyi, M. Seyidovun “İnamla, İlhamla sabaha doğru”, B. Sadıqovun “Dünyanın tanıdığı İlham Əliyev”, T. Salamoğlunun “Ədəbiyyat və siyasət”, “Heydər Əliyev və Ağcabədi”, A. Rəhimovun "Əsərlər"i 10 cilddə, “Azərbaycanın qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrol Cavid” 12 cilddən ibarət unikal çoxcildliyi, S. Əhmədlinin “İsa Həbibbəyli: milli ideologiya – Azərbaycançılıq”, S. Xəlilovun “İslam dünyasında milli fəlsəfi fikir və onun tədrisi məsələləri”, Ə. Əlibəyzadənin “Azərbaycan dilinin tarixi” ikicildliyi, S. Rzasoyun “Oğuz mifinin paradiqmaları”, M.Ə. Rəsulzadənin “Panturanizm. Qafqaz sorunu”, Ə. Ağaoğlunun “Seçilmiş əsərləri”, N. Muradoğlunun “Çağdaş Azərbaycan poeziyasında folklor ənənələri” və digərləri var.
Bununla yanaşı, kolleksiyada S. Əhmədovanın “Akademik Nizami Cəfərovun ideyaları və idealları” monoqrafiyası, N. Bəkirovun “Azərbaycan-Gürcü ədəbi əlaqələri və Molla Cüma yaradıcılığı”, dünya şöhrətli qırğız yazıçısı Çingiz Aytmatovun 90 illik yubileyi münasibətilə AMEA N. Gəncəvi adına Ədəbiyyat İnstitutu tərəfindən nəşr olunan “Müqayisəli ədəbiyyatşünaslıq” elmi jurnalı, V. Aslanın “Türk xalqları ədəbiyyatı üzrə mühazirələr” dərs vəsaiti və digər dəyərli nəşrlər, o cümlədən bədii ədəbiyyat nümunələri də yer alıb.
Qeyd edək ki, kolleksiyanın tərkibinin gələcəkdə də zənginləşdirilməsi nəzərdə tutulur.
16:12 06.10.2026
Oxunuş sayı: 50