"Şuşa Bəyannaməsindən Türk Dövlətləri Təşkilatına" mövzusunda konfrans keçirilib
Bakıda "Şuşa Bəyannaməsindən Türk Dövlətləri Təşkilatına" mövzusunda konfrans keçirilib.
Crossmedia.az xəbər verir ki, konfransda Türkiyə, Özbəkistan və Şimali Kipr Türk Cümhuriyyətindən qonaqlar, Türk dövlətlərinin Azərbaycandakı diplomatik korpuslaırnın təmsilçiləri, ictimaiyyət nümayəndələri, millət vəkilləri, media təmsilçiləri, QHT rəhbərləri, ziyalılar və Türk dünyasının fəalları iştirak ediblər.
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2026-cı il qrant müsabiqəsinin qalibi olan eyniadlı layihə çərçivəsində keçirilən tədbirin əsas məqsədi Türk dünyasının ortaq tarixi və mədəni dəyərləri, Şuşa Bəyannaməsinin yaratdığı strateji əməkdaşlıq mühiti və Türk Dövlətləri Təşkilatının inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparmaq olub.
Konfransda çıxış edən "Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi"nin (CASCFEN) sədri, Əməkdar jurnalist Nadir Azəri tədbirin 3 oktyabr tarixində keçirilməsinin xüsusi məna daşıdığını da qeyd edib. O xatırladıb ki, 3 oktyabr Türk Dövlətləri Əməkdaşlıq Günü kimi qeyd olunur.
Gəncliyə Yardım Fondunun prezidenti Salih Zeki Meriç fondun fəaliyyəti barədə məlumat verib, tədbirə ev sahibliyi etməkdən məmnunluğunu ifadə edib və Türk dünyasının müxtəlif ölkələrindən olan nümayəndələrin bir araya gəlməsinin əhəmiyyətini vurğulayıb.
TDT-yə üzv ölkələrin QHT Platformasının Baş katibi, Milli Məclisin deputatı Azər Allahverənov Türk dünyasında vətəndaş cəmiyyəti institutları arasında əlaqələrin genişləndirilməsinin vacibliyini qeyd edib.
Şimali Kipr Türk Cümhuriyyətinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Ufuk Turganer isə Türk dünyası arasında əlaqələrin inkişafında bu cür platformaların roluna diqqət çəkib.
Konfransın əsas məruzəçisi, ŞKTC-nin Bayraq Radio və Televiziya Qurumunun (BRTK) direktoru Meryem Özkurt Şuşa Bəyannaməsinin Azərbaycan-Türkiyə strateji tərəfdaşlığını daha yüksək mərhələyə daşıdığını, Türk Dövlətləri Təşkilatının isə Türk dünyası arasında əməkdaşlığın institusional əsaslarını gücləndirdiyini bildirib.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elçin Mirzəbəyli Türk Dövlətləri Təşkilatının inkişaf edən əməkdaşlıq platforması kimi əhəmiyyətinə diqqət çəkərək Türk dövlətləri arasında əlaqələrin müxtəlif istiqamətlərdə genişləndirilməsinin vacibliyini vurğulayıb.
Daha sonra konfrans müzakirələrlə davam edib.
Sonda layihə çərçivəsində keçirilən rəsm müsabiqəsinin finalçıları və fərqlənən iştirakçılar mükafatlandırılıb. Türk dünyasının ortaq dəyərlərini və Turan düşüncəsini əks etdirən əsərlər arasından seçilən 21 finalçıya mükafatlar təqdim olunub.
Tədbir Gəncliyə Yardım Fondunun ev sahibliyi, "Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi" İctimai Birliyinin (CASCFEN) Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə reallaşdırdığı layihə çərçivəsində keçirilib.
16:05 03.10.2026
Oxunuş sayı: 73