Bu yolların sürət həddi azaldılmalıdır - Ekspert
Bakıda yağıntılı hava şəraiti ilə əlaqədar Zığ dairəsi–Hava limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. Yağışlı havalarda yolların sürüşkənləşməsi və görünüş məsafəsinin azalması nəqliyyatın hərəkətində əlavə risklər yaratdığından, xüsusilə intensiv istifadə olunan əsas magistrallarda sürət rejiminə nəzarət aktuallaşır. Zığ dairəsi–Hava limanı istiqaməti paytaxtın əsas giriş-çıxış marşrutlarından biri olmaqla yanaşı, gün ərzində yüksək nəqliyyat axınının müşahidə edildiyi yollardandır. Belə hava şəraitində sürət həddinin müvəqqəti azaldılması sürücülərin hərəkət rejiminə uyğunlaşmasını və yol şəraitini nəzərə alaraq daha ehtiyatlı idarəetməsini zəruri edir.
Mövzu ilə bağlı nəqliyyat eksperti Aslan Əsədov Crossmedia.az-a açıqlamasında bildirib ki, hər bir şəxs sürətli və ya sürətsiz zolaqda olmasından asılı olmayaraq yol hərəkəti qaydalarına birbaşa əməl etməlidir:

"Nəqliyyat vasitəsini idarə edən şəxsin kimliyindən və hansı vəziyyətdə olmasından asılı olmayaraq, yol hərəkəti qaydalarına riayət etməsi birmənalı olaraq mütləqdir. Burada xüsusilə sürət amili önəm kəsb edir. Sürət həddinin aşılması istər qəzalara, istər avtomobilin ehtiyat hissələrinin yeyilməsinə, istərsə də nəqliyyat vasitəsinə aid digər mənfi hallara birbaşa təsir göstərir. Təəssüf ki, bu təsir həmişə mənfi xarakter daşıyır və idarəetmə zamanı qəza riskini kəskin şəkildə artırır. Xüsusilə Zığ yolu və Hava limanı istiqaməti şəhərin ən intensiv və prestijli marşrutlarından olduğu üçün burada hərəkət təhlükəsizliyinə xüsusi diqqət yetirilməlidir. Bu yollarda nəqliyyat sıxlığı yüksəkdir və avtomobillərin hərəkəti çox gərgindir. Buna görə də həmin ərazilərdə sürət həddinin tənzimlənməsi böyük əhəmiyyət daşıyır".
Nəqliyyat eksperti qeyd edib ki, eyni zamanda, bu yollar uzunməsafəli olduğu üçün sürücülərdə diqqət dağınıqlığı və yorğunluq, yəni “yolun göz aparması” halları yarana bilər: “Belə şəraitdə ara məsafəsinin düzgün seçilməməsi, sürət həddinin aşılması və şinlərin protektorlarının vəziyyətindən asılı olaraq təhlükəli vəziyyətlər meydana gəlir. Əgər sürücü təcrübəsizdirsə və ya avtomobilin şin sistemi lazımi qaydada deyilsə, bu, ağır fəsadlara və qəzalara gətirib çıxara bilər”.
Zeynəb Həsən
16:00 03.10.2026
Oxunuş sayı: 44