3 oktyabr 1993: Azərbaycanın taleyini dəyişən siyasi dönüş
3 oktyabr 1993-cü il Azərbaycanın müstəqillik tarixində mühüm siyasi dönüş nöqtələrindən biri kimi yadda qalıb. Müstəqilliyin ilk illərində ölkədə hökm sürən siyasi və iqtisadi böhran, hərbi qarşıdurma, ərazilərin işğalı və dövlətçiliyin gələcəyi ilə bağlı yaranmış ciddi narahatlıqlar fonunda Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ölkənin qarşısında yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilib. Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilib, iyunun 24-dən isə Prezident səlahiyyətlərini həyata keçirməyə başlayıb. Oktyabrın 3-də keçirilən prezident seçkilərində isə dövlət başçısı seçilib. Bu tarix 2026-cı il oktyabrın 2-də keçirilən Yeni Azərbaycan Partiyasının VIII Qurultayında da yenidən gündəmə gəlib. Prezident İlham Əliyev çıxışında həmin dövrü xatırladaraq Heydər Əliyevin Azərbaycanda olmadığı illərdə Qarabağ məsələsinin kəskinləşdiyini, 1993-cü ildə isə xalqın öz taleyini ona etibar etdiyini bildirib. Prezidentin fikirləri fonunda 1993-cü ilin siyasi mənzərəsi, Heydər Əliyevin hakimiyyətə qayıdışının dövlət idarəçiliyinə təsiri və sonrakı illərdə formalaşan siyasi kursun nəticələri yenidən müzakirə mövzusuna çevrilib.
Mövzu ilə bağlı Milli Məclisin deputatı Zaur Şükürov Crossmedia.az-a açıqlamasında bildirib ki, Azərbaycanın müstəqillik tarixində mühüm dönüş mərhələlərindən biri 3 oktyabr 1993-cü il olmuşdur:
"Müstəqilliyin ilk illərində ölkədə hökm sürən mürəkkəb ictimai-siyasi vəziyyət, dərin iqtisadi çətinliklər, hərbi-siyasi böhran, Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi təcavüzkar siyasət və torpaqlarımızın işğal olunması dövlət müstəqilliyinin qorunub saxlanılması və möhkəmləndirilməsi baxımından ciddi təhdidlər yaratmışdı. Belə bir mürəkkəb və məsuliyyətli tarixi şəraitdə Azərbaycan xalqı ölkənin üzləşdiyi ağır problemlərin aradan qaldırılması, dövlətçiliyin əsaslarının qorunması və siyasi sabitliyin təmin olunması istiqamətində zəngin dövlətçilik təcrübəsinə, siyasi iradəyə və yüksək idarəçilik bacarığına malik Ümummilli Lider Heydər Əliyevə böyük ümid və etimad bəsləyirdi. 1993-cü ilin may-iyun aylarında ölkədə yaranmış gərgin ictimai-siyasi vəziyyət, dərinləşən siyasi böhran və vətəndaş qarşıdurması təhlükəsi fonunda Azərbaycan xalqının qətiyyətli tələbi ilə Ümummilli Lider Heydər Əliyevin Naxçıvandan Bakıya dəvət olunması ölkənin siyasi həyatında yeni mərhələnin başlanğıcını qoydu. Həmin mürəkkəb tarixi şəraitdə xalq ölkənin üzləşdiyi çoxşaxəli böhrandan çıxış yolunu, dövlətçiliyə qarşı yaranmış təhdidlərin aradan qaldırılmasını və milli dövlətçilik əsaslarının qorunmasını məhz Heydər Əliyevin siyasi rəhbərliyində görürdü. Ümummilli Liderin siyasi hakimiyyətə qayıdışı dövlət idarəçiliyində sabitliyin və siyasi nizamın bərqərar olunması, dövlət institutlarının möhkəmləndirilməsi və müstəqilliyin fundamental əsaslarının qorunması istiqamətində ardıcıl prosesin başlanmasına mühüm zəmin yaratdı. Siyasi qayıdışın mühüm mərhələsi olan 3 oktyabr 1993-cü ildə keçirilmiş prezident seçkilərinin nəticələrinə əsasən Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi və bununla da onun ölkənin siyasi rəhbərliyinə qayıdışı seçki yolu ilə rəsmiləşdi. Həmin tarixi mərhələdə qarşıda duran fundamental vəzifələr sırasında Azərbaycanın beynəlxalq münasibətlər sistemində möhkəm mövqeyinin təmin edilməsi, milli maraqların beynəlxalq müstəvidə ardıcıl və məqsədyönlü şəkildə müdafiəsi, ölkənin dünya birliyinə fəal inteqrasiyasının təmin olunması, habelə Ermənistanın təcavüzü nəticəsində işğal edilmiş ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpasına yönəlmiş siyasi-diplomatik fəaliyyətin həyata keçirilməsi xüsusi əhəmiyyət daşıyırdı. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanın milli maraqlara, beynəlxalq hüququn norma və prinsiplərinə, dövlətlərarası qarşılıqlı etimad və faydalı əməkdaşlıq münasibətlərinə əsaslanan balanslaşdırılmış və çoxşaxəli xarici siyasət kursu formalaşdırıldı. Bu kurs çərçivəsində ikitərəfli və çoxtərəfli diplomatik əlaqələrin genişləndirilməsi, beynəlxalq və regional təşkilatlarla əməkdaşlığın institusional əsaslarının möhkəmləndirilməsi, Azərbaycanın beynəlxalq mövqelərinin gücləndirilməsi, işğal olunmuş ərazilərin azad edilməsinin beynəlxalq gündəmdə saxlanılması, habelə ölkə iqtisadiyyatına xarici investisiyaların cəlb edilməsi və aparıcı beynəlxalq enerji şirkətlərinin Azərbaycana sərmayə yatırmasına şərait yaradılması istiqamətində tədbirlər həyata keçirildi. Nəticə etibarilə, müstəqil Azərbaycanın milli təhlükəsizlik, iqtisadi inkişaf və beynəlxalq münasibətlər sahələrində uzunmüddətli dövlət siyasətinin əsas siyasi və institusional dayaqları formalaşdırıldı".
Deputat qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi məqsədyönlü dövlət siyasəti Azərbaycanın əlverişli geosiyasi mövqeyinin və zəngin iqtisadi potensialının milli inkişafın mühüm dayaqlarına çevrilməsini təmin etdi.
"Milli neft strategiyasının formalaşdırılması, xarici investisiyaların cəlb edilməsi, aparıcı enerji şirkətləri ilə mühüm müqavilələrin imzalanması, enerji resurslarının dünya bazarlarına çıxarılması və Azərbaycanın beynəlxalq nəqliyyat layihələrində fəal iştirakı ölkənin iqtisadi müstəqilliyinin möhkəmləndirilməsi və beynəlxalq mövqelərinin gücləndirilməsi üçün zəmin yaratdı. Bununla yanaşı, Ermənistanın Azərbaycana qarşı təcavüzü və ərazilərimizin işğalı ilə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin beynəlxalq hüququn norma və prinsipləri əsasında müdafiəsi Ümummilli Liderin xarici siyasət kursunun başlıca istiqamətlərindən birini təşkil etdi. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə müstəqil Azərbaycanın dövlətçilik əsaslarının möhkəmləndirilməsi, milli maraqlara söykənən xarici siyasət kursunun formalaşdırılması və ölkənin beynəlxalq münasibətlər sistemində mövqelərinin möhkəmləndirilməsi istiqamətində fundamental siyasi prosesin əsası qoyuldu".
Zaur Şükürov vurğulayıb ki, Ümummilli Liderin müəyyən etdiyi dövlətçilik və milli maraqlara əsaslanan xarici siyasət kursu Azərbaycan "Respublikasının Prezidenti İlham Əliyev tərəfindən davam etdirilərək müasir dövrün çağırışlarına uyğun yeni məzmun və miqyas qazandı Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində Azərbaycanın beynəlxalq mövqeləri daha da möhkəmləndi, ölkənin regional və qlobal proseslərdə rolu genişləndi. Bu siyasətin nəticəsində Azərbaycan ərazi bütövlüyünü və suverenliyini bərpa edərək tarixi Zəfərə nail oldu. Müstəqil Azərbaycan Ulu Öndər Heydər Əliyevin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin irsi isə xalqımızın milli sərvətidir. Bu irsin qorunmasına, təbliğinə və yaşadılmasına Heydər Əliyev Fondunun fəaliyyəti də mühüm töhfələr verir. Milli mənsubiyyəti ilə fəxr edən və milli kimliyi qürur mənbəyinə çevirən tarixi şəxsiyyət, Ümummilli Lider Heydər Əliyevin ideyaları və irsi Azərbaycan cəmiyyətində öz təsirini qoruyub saxlayır. Ulu Öndərin müəyyən etdiyi siyasi kursun müasir mərhələdə Prezident İlham Əliyev tərəfindən davam etdirilməsi isə dövlətçilik ənənələrinin ardıcıllığını və siyasi varisliyini təmin etməklə yanaşı, Azərbaycanın milli maraqlarını və dövlət suverenliyini qoruyan, beynəlxalq mövqelərini gücləndirən və ölkəni yeni tarixi nəticələrə aparan inkişaf strategiyasının əsas istiqamətlərindən biri kimi təqdim olunur".
Zeynəb Həsən
13:00 03.10.2026
Oxunuş sayı: 54