NATO və Rusiya arasında müharibə ola bilər - Rusiya bütün silahlarından istifadə edəcək
Rusiya ilə NATO arasında gərginliyin artdığı bir vaxtda Moskvanın Kalininqradla bağlı sərt açıqlamaları diqqət çəkir. Rusiya Prezidenti Vladimir Putin ölkəsinə birbaşa hücum olacağı təqdirdə bütün mövcud silahlardan istifadə ediləcəyini bildirib. Açıqlama Kalininqrad ətrafında mümkün hərbi ssenarilər və NATO ilə qarşılıqlı xəbərdarlıqlar fonunda səsləndirilib. Bu isə daha böyük miqyaslı hərbi toqquşmadan xəbər verir.
Crossmedia.az-a açıqlamasında politoloq Elçin Xalidbəyli Rusiya və NATO arasında hərbi-siyasi gərginliyin təhlükəli istiqamətdə inkişaf etdiyini bildirib. O, Rusiya Prezidenti Vladimir Putinin son açıqlamalarının qarşıdurmanın daha da kəskinləşməsi ilə bağlı narahatlıqları artırdığını qeyd edib:

“Prezident Vladimir Putinin son açıqlaması onu göstərir ki, Rusiya və NATO arasındakı hərbi-siyasi gərginlik artıq son həddə çatıb və olduqca təhlükəli istiqamətlər üzrə inkişaf edir. Çünki Prezident Vladimir Putin NATO ölkələrini Kalininqrada müdaxilə olacağı təqdirdə nüvə zərbəsi ilə təhdid edib və Rusiyanın arsenalında olan bütün silahlardan istifadə ediləcəyini bildirib. Üstəlik vurğulayıb ki, Rusiyanın arsenalında olan təhlükəli silahlar digər ölkələrdə mövcud deyil. Yəni bununla da faktiki olaraq Qərb ölkələrini ciddi şəkildə təhdid edib. Bu da onu göstərir ki, artıq situasiya nəzarətdən çıxmaq üzrədir”.
Politoloq qarşıdurma riskinin daha əvvəl də gündəmdə olduğunu və Qərb ölkələrinin Rusiyanın mümkün addımları ilə bağlı müxtəlif ssenarilər üzərində hazırlıq apardığını bildirib: “Əslində belə bir qarşıdurmanın ortaya çıxacağı bir müddət öncədən bəlli idi. Çünki Qərb ölkələrinin kəşfiyyat qurumları Rusiyanın NATO-ya zərbə endirəcəyini bildirirdilər. Onlar iddia edirdilər ki, Rusiya NATO-nun müdafiə reaksiyasını yoxlamaq niyyətindədir. Ona görə də məhdud səviyyədə hərbi zərbə ehtimalı mövcuddur. Əksər Qərb ölkələri də bu prosesə, bu təhlükəyə artıq hazırlıq prosesinə başlamışdılar. İndi isə Rusiyanın təhdidləri artıq açıq mətnlə gündəmə gətirilir”.
Elçin Xalidbəyli Kalininqrad məsələsi ilə bağlı Rusiyadan səslənən açıqlamaların da gərginliyin səviyyəsini göstərdiyini vurğulayıb: “Rusiyanın İslandiyadakı səfiri ilk olaraq Kalininqrad məsələsi ilə bağlı sərt və təhdidkar bir açıqlama yaymışdı və ardınca da Prezident Vladimir Putinin belə bir xəbərdarlığı artıq qarşıdurma tərəfləri arasında iplərin qopma həddinə çatdığını göstərir. Kreml nüvə faktorunu gündəmə gətirərkən ilk növbədə NATO-nun şərq sərhədlərində, daha doğrusu NATO-nun şərq cinahında bir neçə alyans ölkəsinin hərbi təlimlər keçirməsini səbəb göstərir və hesab edir ki, NATO ölkələrinin Rusiya sərhədlərində, yəni burada da Rusiya sərhədləri deyərkən ilk növbədə Kalininqrad nəzərdə tutulur, hərbi təlimlər keçirməsi Rusiyanın təhlükəsizlik maraqlarına zərbədir”.
Politoloq yaxın dövrdə Rusiya-NATO qarşıdurmasının daha təhlükəli mərhələyə keçə biləcəyini düşünür: “Bütün bunlar onu göstərir ki, yaxın vaxtlarda gərginlik daha təhlükəli istiqamətlər ala bilər. Hətta Qərb kəşfiyyatının iddiaları özünü doğruldarsa, Rusiya və NATO ölkələri arasında qısamüddətli bir silahlı toqquşma ehtimalı da qətiyyən istisna deyil”.
Nigar Xəlilli
17:00 02.10.2026
Oxunuş sayı: 44