Payız dəbi 2026: Rahatlıq və zərifliyi birləşdirən trendlər
Payız mövsümünün gəlişi təkcə təbiətin rəng palitrasının dəyişməsi ilə deyil, həm də qarderobumuzda yeni üslublara yer açılması ilə yadda qalır. Sərin havaların başlaması ilə nazik yay geyimlərini daha isti, rahat və çoxqatlı kombinlərlə əvəz etmək zərurəti yaranır. Bununla yanaşı, payız moda həvəskarlarına həm klassik üslubu qorumaq, həm də yeni trendləri sınamaq üçün geniş imkanlar təqdim edir. Bu mövsüm dəbdə rahatlıq, funksionallıq və zəriflik bir-birini tamamlayır. Gündəlik geyimlərdə rahat kəsimlər, təbii və isti tonlar, müxtəlif teksturaların bir araya gətirilməsi diqqət çəkir. Qəhvəyi, tünd yaşıl, bordo, bej və torpaq çalarları payız ab-havasını əks etdirərək kombinlərə xüsusi xarakter qatır. Eyni zamanda, aksessuarlar və düzgün seçilmiş üst geyimləri sadə görünüşü daha ifadəli və fərqli etməyə imkan verir. Bəs bu payız hansı geyim və rənglər ön plandadır? Mövsümün əsas trendləri nələrdir və gündəlik üslubda rahatlığı dəblə necə uğurla birləşdirmək olar?
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlamasında modelyer Şəlalə Maqsudova bildirib ki, bu payız klassik biçimli və ya bir qədər bol (oversize) trençkotlar və kaşmir paltolar mövsümün vazkeçilməz geyimləri sırasında olacaq:

"Trikotaj dəstlər, uzun, toxunma kardiqanlar, boğazlı, V-yaxa və ya dik yaxalı sviterlər də mövsümün populyar parçaları sırasındadır. Dəri pencəklər, uzun ətəklər və şalvarlar payız üslubuna dinamika qatır. Xüsusilə qəhvəyi və tünd qırmızı dəri tonları bu mövsüm dəbdə olacaq. Maxi və midi ətəklər isə həm saten, həm də qalın parçalardan seçilə bilər. Bu ətəkləri idman ayaqqabıları və ya uzunboğaz çəkmələrlə uyğunlaşdırmaq mümkündür.Payızın əsas rəng palitrasını təbiət tonları təşkil edir. Şokolad qəhvəyi, karamel, zeytun yaşılı və qum rəngi mövsümün diqqətçəkən rəngləri sırasındadır. Qara, boz və bej kimi klassik rənglər isə hər zamankı kimi əsas kombinlərin təməlini təşkil edir.Payızda dəbli görünmək üçün rahatlıqdan imtina etməyə ehtiyac yoxdur. “Çoxqatlılıq” prinsipi həm rahatlığı təmin edir, həm də üslub yaradır. Belə ki, sviterin altından yüngül köynək geyinməklə həm hava şəraitinə uyğunlaşmaq, həm də obrazı daha zəngin göstərmək mümkündür.Ayaqqabı seçimində də rahatlığın nəzərə alınmasının vacib olduğunu bildirən ekspert hündürdaban ayaqqabılar əvəzinə rahat krossovkalar və ya ortopedik dabanlı uzunboğaz çəkmələrə üstünlük verməyi tövsiyə edib. Sadə bir kombinə dəbli çətir, yumşaq şərf və ya böyük çanta əlavə etməklə həm funksional, həm də dəbli görünüş əldə etmək mümkündür”.Beləliklə, bu payız dəbli görünmək üçün mütləq başdan-ayağa yeni qarderob yaratmağa ehtiyac yoxdur. Əsas məsələ mövsümün rəng və modellərini düzgün seçmək, mövcud geyimləri bir-biri ilə uyğunlaşdırmaq və havaya uyğun rahat kombinlər yaratmaqdır. Dəbin dəyişdiyi kimi, düzgün seçilmiş klassik parçalar isə uzun müddət qarderobda öz aktuallığını qoruyur".
Fəridə Yaşarqızı
15:30 02.10.2026
Oxunuş sayı: 44