Qaranlığı sevirsinizsə, bunu mütləq bilməlisiniz
İnsan gün ərzində müxtəlif səbəblərdən qaranlıq və ya zəif işıqlandırılan mühitdə vaxt keçirə bilər. Bəzən bu, istirahət və sakitlik üçün seçilir, bəzən isə uzun müddət qapalı və qaranlıq otaqda qalmaq gündəlik vərdişə çevrilir. Bəs belə bir mühit insanın psixoloji vəziyyətinə necə təsir edir? Qaranlıqda uzun müddət oturmaq əhval-ruhiyyəyə, düşüncələrə və emosional vəziyyətə təsir göstərə bilərmi?
Mövzu ilə bağlı psixoloq Mətanət Əliyeva Crossmedia.az-a açıqlamasında bildirib ki, qaranlıq və zəif işıqlandırılan mühitə üstünlük vermək hər zaman psixoloji problem demək deyil:
“Bəzi insanlar üçün belə mühit sakitlik, təhlükəsizlik və xarici stimullardan uzaqlaşmaq hissi yarada bilər. Gün ərzində çoxlu səs, ünsiyyət, ekran və informasiya ilə yüklənən insan qaranlıq otaqda özünü daha rahat və sakit hiss edə bilər. Bu, bəzi hallarda sensor yüklənmədən sonra istirahət ehtiyacı ilə bağlı olur.
“Qaranlıq otaq sevgisi”nin səbəbi insandan insana dəyişir. Bəziləri üçün bu, sakitləşmək və düşüncələrini toplamaq üsuludur. Bəziləri yüksək işıq, səs və sosial təmasdan tez yorulduğu üçün daha zəif stimullu mühitlərə üstünlük verir. Digər hallarda isə qaranlıq otaq insanın özünü xarici dünyadan müvəqqəti olaraq uzaqlaşdırdığı təhlükəsiz məkana çevrilə bilər. Qaranlıq mühitin uzun müddət davamlı şəkildə seçilməsi insanın əhvalına da təsir göstərə bilər. Gün işığının azalması yuxu-oyanıqlıq ritminə, enerji səviyyəsinə və gündəlik aktivliyə təsir edir. İnsan uzun müddət qapalı və qaranlıq mühitdə qaldıqda passivlik, motivasiyanın azalması, sosial uzaqlaşma və kefsizlik arta bilər.
Xüsusilə artıq depressiv əlamətlər, yüksək narahatlıq və ya emosional tükənmə yaşayan şəxslərdə qaranlıq otaqda qalmaq həmin vəziyyətin daha da möhkəmlənməsinə səbəb ola bilər. Lakin yalnız insanın qaranlıq otaqda qalmasına əsaslanaraq onun psixoloji vəziyyəti haqqında nəticə çıxarmaq düzgün deyil”.
Ekspertin sözlərinə görə, burada əsas məsələ insanın qaranlıq otağı niyə seçməsidir:
“Əgər insan müəyyən müddət istirahət etdikdən sonra gündəlik fəaliyyətlərinə, sosial münasibətlərinə və işinə normal şəkildə qayıdırsa, bu, çox vaxt problem hesab olunmur.
Lakin insan daim qaranlıq otaqda qalmaq istəyirsə, gün işığından, insanlardan və müxtəlif fəaliyyətlərdən uzaqlaşırsa, əvvəllər zövq aldığı şeylərə marağını itiribsə, yuxu rejimi pozulubsa və bu vəziyyət gündəlik həyatına təsir edirsə, artıq bunun arxasında emosional çətinliklərin olub-olmadığını qiymətləndirmək lazımdır.
Psixoloji baxımdan belə bir insanın ehtiyacı bəzən sadəcə sakitlik və dincəlmək, bəzən təhlükəsizlik və şəxsi sərhəd, bəzən isə emosional olaraq geri çəkilərək özünü bərpa etmək ola bilər. Lakin bunu yalnız “qaranlıq otağı sevir” faktına əsaslanaraq müəyyən etmək mümkün deyil. İnsan davranışının mənası onun ümumi psixoloji vəziyyəti, həyat şəraiti və digər əlamətlərlə birlikdə qiymətləndirilməlidir.
Beləliklə, qaranlıq mühitdə vaxt keçirməyin təsiri insanın psixoloji vəziyyətindən, bu mühitdə nə qədər müddət qalmasından və bunun hansı məqsədlə seçilməsindən asılı olaraq dəyişə bilər. Qaranlıq özü-özlüyündə problem deyil. Əsas məsələ onun insanın həyatında hansı funksiyanı yerinə yetirməsidir: istirahət üçün seçilən mühitdir, yoxsa həyatdan və emosional çətinliklərdən uzaqlaşma vasitəsinə çevrilib? Gündəlik həyatımızda işıqlandırma, yuxu rejimi və yaşadığımız mühitin ümumi xüsusiyyətləri psixoloji komfort baxımından diqqətdən kənarda qalmamalıdır”.
Fəridə Əliyeva
18:45 01.10.2026
Oxunuş sayı: 43