Məzahir Əfəndiyev: Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı Azərbaycanın gələcək inkişaf yolunu müəyyənləşdirdi
Azərbaycanın müstəqillik tarixində 1993-cü il ölkənin siyasi həyatında dönüş nöqtələrindən biri kimi yadda qalıb. Müstəqilliyin ilk illərində yaranmış siyasi qeyri-sabitlik, iqtisadi çətinliklər və hərbi qarşıdurmalar fonunda dövlət idarəçiliyinin möhkəmləndirilməsi əsas məsələlərdən birinə çevrilmişdi. Həmin dövrdə baş verən siyasi dəyişikliklər Azərbaycanın sonrakı dövlətçilik modelinin formalaşmasına da təsir göstərdi.
1993-cü ildə Heydər Əliyevin Bakıya qayıdışı, iyunun 15-də Ali Sovetin sədri seçilməsi və daha sonra prezident seçkilərində qalib gəlməsi ölkənin siyasi tarixində yeni mərhələnin başlanğıcı oldu. Sonrakı illərdə Konstitusiyanın qəbul edilməsi, dövlət institutlarının möhkəmləndirilməsi və iqtisadi-siyasi islahatların aparılması Azərbaycanın müstəqillik tarixinin əsas hadisələri sırasında yer aldı.
Crossmedia.az-a açıqlamasında Milli Məclisin deputatı Məzahir Əfəndiyev 1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkənin qarşılaşdığı mürəkkəb siyasi, iqtisadi və hərbi vəziyyətdən danışıb. O bildirib: “1918-ci ildə Şərqdə ilk demokratik respublikanı, Azərbaycan Xalq Cümhuriyyətini elan edən babalarımızın dövlətçilik ənənələri 1991-ci ildə Azərbaycan xalqının dövlət müstəqilliyini yenidən bərpa etməsi ilə böyük fədakarlıqla davam etdirildi: “O zaman Azərbaycan Respublikası kifayət qədər mürəkkəb bir vəziyyətlə qarşılaşdı. Bir tərəfdən SSRİ-nin süquta uğraması ilə iqtisadi-siyasi münasibətlərin qırılması, digər bir tərəfdən isə yeni müstəqillik çağırışlarına tam cavab verməyən kadr potensialının mövcudluğu, Azərbaycanın ərazilərinə qonşu Ermənistan dövləti tərəfindən göz dikilməsi, eləcə də bölgədə özbaşına fəaliyyət göstərən hərbi birləşmələrin apardığı əməliyyatlar, ölkəmizin təbii sərvətlərindən əldə olunan maliyyə resurslarının milliləşdirilməməsi kimi proseslər Azərbaycan xalqının vəziyyətini çətinləşdirdi. Əlbəttə ki, bu müstəqilliyin qorunması əldə olunmasından daha çətin olduğundan xalqımızın müdrik və dahi bir şəxsiyyətə ehtiyacı vardı. Bu məqamda haqlı olaraq qədirbilən Azərbaycan xalqı qanı və canı bahasına əldə etdiyi müstəqilliyin qorunması üçün müdrik siyasətçi, dahi şəxsiyyət Heydər Əliyevi siyasi hakimiyyətə dəvət edərək onun təcrübəsinə yiyələnməyin zəruri olduğunu qeyd etdi”.
Deputat 1993-cü ildə Heydər Əliyevin Bakıya qayıdışını və həmin dövrdə baş verən siyasi prosesləri də xatırladıb: “Nəhayət 1993-cü ildə Azərbaycanın o vaxtkı hakimiyyəti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin rəhbəri, Ulu Öndər Heydər Əliyevi Bakı şəhərinə dəvət etdi. Həmin dəvəti qəbul edərkən Ümummilli Lider Azərbaycan xalqını tək qoymayacağını və ölkənin tuğyan edən xaosdan çıxması üçün əlindən gələni edəcəyini söz vermişdi. “Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır” deyən Ümummilli Lider problemlərin həlli üçün, ilk növbədə, bütün səylərini ölkədə vətəndaş həmrəyliyinin, sabitliyin təmin olunmasına yönəltdi və buna nail oldu. 1993-cü il iyunun 9-da Heydər Əliyev, nəhayət, xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib Bakıya gəldi. 15 iyun 1993-cü ildə Ulu Öndər Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi və iyunun 24-də Milli Şuranın qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini icra etməyə başladı. Daha sonra 1993-cü il oktyabrın 3-nə təyin edilmiş Prezident seçkiləri Azərbaycan xalqı üçün mühüm tarixi hadisə, müstəqil Azərbaycan dövləti üçün isə Zəfərə gedən yolun ilk pilləsi oldu”.
Məzahir Əfəndiyev bildirib ki, 1993-cü il prezident seçkiləri Azərbaycanın sonrakı dövlətçilik tarixində mühüm mərhələ olub: “Azərbaycan xalqı böyük səs çoxluğu ilə öz seçimini etdi və Heydər Əliyevi Prezident seçdi. Həmin gün, 33 il bundan öncə müdrik xalqımız səsinin 98.80 faizini düzgün istifadə etdi, ölkədə sabitliyin qorunmasına verdi və öz seçimi ilə bugünkü qüdrətli, müstəqil Azərbaycan Respublikasının təməli qoyuldu. 1993-cü ilin 10 oktyabr tarixində Ulu Öndər dövlətə və xalqa sədaqət andı içərək Prezident səlahiyyətlərinin icrasına başladı. Ümummilli Lider andiçmə mərasimindəki nitqində deyib: “Mənə göstərilən bu böyük etimada görə Azərbaycan vətəndaşlarına, Azərbaycan xalqına hörmətimi, məhəbbətimi bildirir və əmin etmək istəyirəm ki, həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm.” Və Heydər Əliyev öz andına, sözünə daim sadiq qaldığını nəinki bütün Azərbaycan xalqına, həmçinin bütün dünyaya nümayiş etdirdi”.
Deputat Heydər Əliyevin hakimiyyəti dövründə dövlət quruculuğu, siyasi-iqtisadi inkişaf və milli ideologiya istiqamətində görülən işlərə də toxunub: “Ümummilli Lider dövlət başçısı seçildikdən sonra müstəqil Azərbaycanın hüquqi və siyasi-iqtisadi suverenliyinin təmin olunması prosesi əsaslı şəkildə sürətləndi. Ölkədə uzun illər davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu. İlk dəfə Ümummilli Lider tərəfindən dövlətçiliyin əsasları qoyuldu, 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi yolu ilə özünün şəxsən müəllifi olduğu ilk Konstitusiyamız qəbul edildi, ölkənin gələcək inkişaf strategiyası elan olundu və sonrakı illərdə uğurla həyata keçirildi. 1992-ci ildə təsis edilmiş və Heydər Əliyevin sədrlik etdiyi Yeni Azərbaycan Partiyası isə ölkədə siyasi proseslərin kökündən dəyişməsinə rəvac verdi, çoxpartiyalı siyasi mühitin formalaşması başa çatdı. Beləliklə, Azərbaycanın tarixində yeni dövrün, faktiki müstəqilliyin, demokratiya və inkişaf mərhələsinin başlanğıcı qoyuldu.
Heydər Əliyev demokratiya, sərbəst iqtisadiyyat prinsiplərinin bərqərar olması, bazar iqtisadiyyatı və sahibkarlığın inkişafı kimi meyarların inkişafına hər zaman sadiqlik göstərmiş, milli tərəqqi naminə bu yolun alternativsizliyi fikrinin ictimai rəyə aşılanmasına nail oldu. O, dövlət idarəçiliyində elmlə sübut olunmuş beş prinsipi tətbiq etməklə, dövlət idarəçiliyinin elmi əsaslarla inkişafına öz fəaliyyəti ilə əvəzsiz töhfələr verdi. Milli ideologiyanın yaradılması Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət quruculuğu siyasətinin mühüm tərkib hissəsi oldu. Azərbaycançılıq ideologiyası təkcə bu dövlətin ərazisində yaşayan şəxsləri yox, eyni zamanda, bütün dünyada məskunlaşan azərbaycanlıları əhatə edən, dünya azərbaycanlılarını vahid ideologiya ətrafında birləşdirən milli məfkurəyə çevrildi.
Nümayiş olunan düzgün və ardıcıl dövlət idarəçiliyi öz nəticəsini verməyə başladı, 2003-cü ildən sonra isə Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən yeni müstəvidə inkişaf etdirildi. Məhz həmin vaxtdan başlayaraq keçən müddət ərzində Ümummilli Liderin “Mən ona özüm qədər inanıram” sözlərini əməlləri ilə təsdiq edən Prezident İlham Əliyev Azərbaycanda yeni bir dövrün, eranın başlanğıcının əsasını qoydu. Beləliklə, bu gün Azərbaycanın hər bir platformada əldə etdiyi iqtisadi uğurlarının əsasında Ulu Öndər Heydər Əliyevin düzgün gələcəyə hədəflənmiş müəyyən etdiyi siyasət dayanır. Prezident İlham Əliyevin vurğuladığı kimi, “Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim”. Bu, nəinki döyüş meydanında əldə etdiyimiz Zəfərin, eyni zamanda dövlətin və dövlətçiliyin inkişafı, qorunmasına yönəlik bütün sahələri əhatə edən strategiyaların uğurla davam etdirildiyinin göstəricisidir”.
Nigar Xəlilli
19:00 01.10.2026
Oxunuş sayı: 48