Kürdəmir hadisəsindən sonra ekspert xəbərdarlığı: Kütləvi zəhərlənmələrin qarşısını necə almaq olar?
Kürdəmir rayonunda toy mərasimindən sonra kütləvi zəhərlənmə şübhəsi ilə 91 nəfərin xəstəxanaya müraciət etməsi ciddi narahatlıq yaradıb. Hadisə sentyabrın 30-da Kürdəmir şəhərində yerləşən “Günəş” şadlıq sarayında baş verib. TƏBİB-in məlumatına görə, zəhərlənmə şübhəsi ilə müraciət edən şəxslərin vəziyyəti qənaətbəxş qiymətləndirilib, bir qismi tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Hadisə ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən araşdırma aparılır, Baş Prokurorluq isə fakt üzrə araşdırmaya başlayıb. Zəhərlənməyə səbəb olan amilin müəyyənləşdirilməsi və hadisənin başvermə şəraitinin aydınlaşdırılması istiqamətində müvafiq tədbirlər görülür.
Crossmedia.az-a açıqlamasında qida eksperti Fərid Səfərov toy, banket və digər kütləvi tədbirlərdə qida zəhərlənmələrinin qarşısının alınması üçün yalnız məhsulların keyfiyyətinə deyil, qidanın qəbulundan süfrəyə təqdim olunmasına qədər bütün mərhələlərə nəzarət edilməsinin vacib olduğunu bildirib: “İlk növbədə, istifadə olunan xammalın mənşəyi və təhlükəsizliyi yoxlanılmalı, ət, toyuq, yumurta, süd məhsulları və digər tez xarab olan məhsullar etibarlı mənbədən alınmalıdır. Məhsulların son istifadə müddəti və saxlanma temperaturu mütləq nəzərə alınmalıdır. Ən vacib qaydalardan biri temperatur rejiminin qorunmasıdır. Soyuq saxlanmalı məhsullar soyuducuda, isti təqdim edilən yeməklər isə təhlükəsiz isti temperaturda saxlanmalıdır. Bişmiş yeməkləri otaq temperaturunda uzun müddət, xüsusilə də bir neçə saat saxlamaq risklidir. Böyük həcmdə hazırlanmış yeməklərin düzgün soyudulması da vacibdir”.
Ekspert çarpaz çirklənmənin, qidaların kifayət qədər istilik emalından keçməsinin və işçilərin şəxsi gigiyenasının da əsas risklər arasında olduğunu qeyd edib: “Çiy ət, toyuq və yumurta ilə təmasda olmuş bıçaq, doğrama taxtası, qab və iş səthləri hazır qidalar üçün istifadə edilməməlidir. Çiy və bişmiş məhsullar ayrı saxlanmalı, mətbəxdə təmiz və çirkli zonaların ayrılmasına mümkün qədər əməl olunmalıdır. Xüsusilə ət, toyuq, yumurta və tərkibində bu məhsullar olan yeməklər tam bişirilməlidir. Bişmiş yeməklərin sonradan çirkli səth və ya inventarla təmas etməsinə də yol verilməməlidir. Əllər düzgün və mütəmadi yuyulmalı, iş geyimi təmiz saxlanmalı, qida ilə işləyən şəxslər xəstə olduqları halda qida hazırlama prosesinə buraxılmamalıdır. Mətbəx, avadanlıq, qab-qacaq və iş səthləri mütəmadi təmizlənib dezinfeksiya edilməlidir. İstifadə olunan suyun təhlükəsizliyi də təmin olunmalıdır”.
Fərid Səfərov kütləvi tədbirlərdə xüsusilə salatlar, mayonezli məhsullar, kremli şirniyyatlar, ət və toyuq yeməkləri, düyü və digər hazır qidalar üzərində ciddi nəzarət tələb olunduğunu bildirib: “Bu məhsulların əvvəlcədən hazırlanaraq uzun müddət saxlanılması riski artırır. Ona görə də mümkün qədər qidanın hazırlanması ilə təqdim edilməsi arasındakı müddət qısa saxlanılmalıdır. Əsas prinsip budur: təhlükəsiz xammal, düzgün temperatur, kifayət qədər bişirmə, çarpaz çirklənmənin qarşısının alınması, şəxsi gigiyena və düzgün saxlama. Bu qaydaların hər hansı birində ciddi pozuntu kütləvi tədbirdə eyni yeməyi qəbul edən çox sayda insanın eyni vaxtda xəstələnməsinə səbəb ola bilər”.
Ekspert Kürdəmirdə baş verdiyi bildirilən hadisəyə də toxunaraq konkret səbəb müəyyənləşdirilmədən hər hansı qidanın zəhərlənməyə səbəb olduğunu söyləməyin düzgün olmadığını vurğulayıb: “Konkret olaraq Kürdəmirdəki hadisədə zəhərlənməyə hansı qidanın və ya amilin səbəb olduğunu laborator və epidemioloji araşdırmanın nəticələri müəyyən etməlidir. Araşdırma yekunlaşmadan konkret məhsulu səbəb kimi göstərmək düzgün deyil”.
Nigar Xəlilli
17:15 01.10.2026
Oxunuş sayı: 46