Süni intellekt tərcüməçiliyi sıradan çıxarır, yoxsa insan tərcüməçi əvəzolunmazdır?
Süni intellekt tərcümə sahəsində həm sürəti, həm də mətnlərin emal imkanlarını dəyişir. Son araşdırmalar isə texnologiyanın peşəkar tərcüməçini tam əvəz etməsindən çox, insan tərəfindən aparılan redaktə və nəzarətlə birlikdə istifadə edildikdə daha yüksək nəticə verdiyini göstərir. 2026-cı ildə Avropa Maşın Tərcüməsi Assosiasiyasının konfransında təqdim olunan araşdırmada ingilis dilindən 10 dilə və 5 müxtəlif sahəyə aid 71 262 tərcümə seqmenti araşdırılıb. Tədqiqat çərçivəsində 6 618 seqment 60 peşəkar tərcüməçi tərəfindən ayrıca qiymətləndirilib. Nəticələr göstərib ki, süni intellektin hazırladığı tərcümənin sahə biliyi, terminologiya və redaktə qaydaları əsasında yenidən işlənməsi keyfiyyətə ciddi təsir göstərir. ABŞ-nin Ratgers Universitetinin 9 iyul 2026-cı ildə “Digital Translation” jurnalında dərc olunan araşdırmasında da hüquqi sənədlərin tərcüməsində peşəkar tərcümə, maşın tərcüməsindən sonra insan redaktəsi və süni intellekt dəstəkli üsullar müqayisə edilib.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən AMEA Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq və linqvistik təhlil şöbəsinin müdiri, professor Sevinc Əliyeva bildirib ki, süni intellekt tərcümə prosesini xeyli sürətləndirsə də, xüsusilə mürəkkəb mətnlərdə insan tərcüməçinin rolu qalır.
Professor qeyd edib ki, süni intellekt tərcümə prosesini xeyli sürətləndirir və xüsusilə informasiya xarakterli mətnlərdə kifayət qədər uğurlu nəticələr verir: "Lakin insan tərcüməçini əvəzolunmaz edən əsas məqam yalnız dil biliyi deyil, konteksti, mədəniyyəti, üslubu, emosional çaları və müəllif niyyətini birlikdə dəyərləndirmək bacarığıdır. Bunu ədəbi tərcümədə daha aydın görmək mümkündür. Məsələn, ingiliscə “It was raining cats and dogs” ifadəsini sözbəsöz “pişiklər və itlər yağırdı” kimi çevirmək dil baxımından mümkün görünsə də, Azərbaycan dilində mənasız səslənir. İnsan tərcüməçi konteksti nəzərə alaraq bunu “leysan yağırdı” və ya “yağış sel kimi yağırdı” şəklində verə bilər. Burada məqsəd sözləri deyil, müəllifin yaratdığı obrazı və emosional təsiri oxucuya çatdırmaqdır. Daha mürəkkəb hallarda isə məsələ yalnız idiomla məhdudlaşmır. Poeziyada bir sözün seçimi əsərin ritmini, qafiyəsini, metaforasını və emosional tonunu dəyişə bilər. Məsələn, “home” sözünü hər kontekstdə sadəcə “ev” kimi tərcümə etmək düzgün olmaya bilər; bəzən müəllif üçün bu söz “yurd”, “doğma ocaq” və ya “vətən” mənasını daşıya bilər. Bu mənanı müəyyənləşdirmək üçün mətnin ümumi ruhunu və müəllifin niyyətini anlamaq lazımdır".
Professor qeyd edib ki, bu səbəbdən xüsusilə ədəbi əsərlərin, poeziyanın, hüquqi və diplomatik sənədlərin, tibbi mətnlərin, eləcə də tarixi-mədəni məzmunlu yazıların tərcüməsində yalnız süni intellektə güvənmək risklidir: "Məncə, gələcəyin tərcümə modeli “insan, yoxsa AI?” seçimi deyil, “insan + AI” əməkdaşlığıdır. Süni intellekt sürət və texniki imkan verir, insan tərcüməçi isə həmin tərcüməyə məna, üslub, məsuliyyət və mədəni adekvatlıq qazandırır. Buna görə AI tərcüməçini əvəz edən deyil, peşəkar tərcüməçinin imkanlarını genişləndirən güclü bir vasitə kimi qiymətləndirilməlidir".
Təhsil eksperti Elçin Əfəndiyev isə bildirib ki, süni intellektin inkişafı bəzi dillərdə tərcüməçiyə ehtiyacı azalda bilər.
Təhsil eksperti qeyd edib ki, nədənsə süni intellektdən geniş istifadə, müxtəlif sahələrə təsir etdiyi kimi, tərcümə sahəsinə də təsir göstərir: "Bizim düşündüyümüz ondan ibarətdir ki, bir sıra xarici dillərdə artıq süni intellektin verdiyi imkanları nəzərə aldıqda tərcüməçiliyə ehtiyac qalmayacaq. Məsələn, bura ingilis, fransız, rus, alman və sair dillər daxildir. Amma iyerroqlif əsaslı bəzi dillər var ki, həmin dillərdə tərcüməçilik hələ ki müəyyən bir dövr öz aktuallığını qoruyub saxlayacaq".
Təhsil eksperti qeyd edib ki, ümumilikdə elə situasiyalar var ki, orada, süni intellektdən istifadə üçün müvafiq internet əhatəsi və əlçatanlıq olmalıdır: "Hazırda bunun olmadığı yerlərdə, zəruri hallarda yenə də tərcüməçiyə ehtiyac yaranacaq. Xüsusən müxtəlif sferalarda təbii olaraq belə gözləntilər ola bilər. Amma hal-hazırkı vəziyyətdə internetə əlçatanlığın təmin olunduğu yerlərdə tərcüməçiliyə bir o qədər də ehtiyac yaranmayacaq".
Zeynəb Həsən
15:30 01.10.2026
Oxunuş sayı: 44