ADEX-2026: Azərbaycanın müdafiə sənayesi üçün yeni əməkdaşlıq imkanları
Bakıda keçirilən “ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi müdafiə sənayesi, hərbi texnologiyalar və beynəlxalq hərbi-texniki əməkdaşlıq baxımından mühüm platformalardan biri kimi diqqət çəkir. Sentyabrın 30-dan oktyabrın 2-dək keçirilən sərgidə müasir silah sistemləri, pilotsuz uçuş aparatları, zirehli texnika, müşahidə vasitələri və digər innovativ texnologiyalar nümayiş olunur. Sərgidə 30-dan çox beynəlxalq hərbi nümayəndə heyətinin, 150-dən artıq yüksəkvəzifəli şəxsin iştirakı nəzərdə tutulur.
Prezident İlham Əliyev də sentyabrın 30-da “ADEX 2026” və paralel keçirilən “Securex Caspian 2026” sərgiləri ilə tanış olub. Prezidentin sözlərinə görə, “ADEX” dost və tərəfdaş ölkələrin müdafiə sənayesi qurumlarını, hərbi ekspertləri və şirkətləri bir araya gətirərək yeni texnologiyaların nümayişinə, əməkdaşlıq imkanlarının müzakirəsinə və hərbi-texniki tərəfdaşlığın genişləndirilməsinə şərait yaradır.
Crossmedia.az-a açıqlamasında “Poliqon” hərbi-texniki jurnalının baş redaktoru Zaur Babaşov ADEX-2026 sərgisinin Azərbaycanın müdafiə sənayesi üçün mühüm platformalardan biri olduğunu bildirib. Onun sözlərinə görə, sərgi yerli və xarici şirkətləri vahid peşəkar mühitdə bir araya gətirməklə yanaşı, texnoloji əməkdaşlıq və yeni tərəfdaşlıqlar üçün də imkanlar yaradır: “ADEX-2026 Azərbaycanın müdafiə sənayesi üçün mühüm hadisələrdən biridir. Sərgi yerli və xarici şirkətləri vahid peşəkar platformada bir araya gətirir. Müasir müdafiə sənayesində əsas məsələ yalnız hərbi texnika və silah istehsalı deyil. Texnoloji müstəqillik, innovasiya və elmi-tədqiqat imkanları da mühüm rol oynayır. Dayanıqlı istehsal zəncirləri də xüsusi əhəmiyyət daşıyır”.
Zaur Babaşov ADEX-2026-nın yeni texnologiyaların nümayişi, şirkətlər arasında işgüzar əlaqələrin qurulması və əməkdaşlıq imkanlarının müzakirəsi baxımından əlverişli platforma olduğunu qeyd edib: “ADEX bu imkanların nümayişi üçün əlverişli platformadır. Burada yeni texnologiyalar təqdim olunur. Şirkətlər arasında işgüzar əlaqələr qurulur. Yeni əməkdaşlıq imkanları müzakirə edilir. ADEX-2026 Təşkilat Komitəsinin fəaliyyətini də xüsusi qeyd etmək lazımdır. Sərginin yüksək səviyyədə təşkili və iştirakçılar üçün yaradılan peşəkar mühit mühüm əhəmiyyət daşıyır”.
Ekspert sərgidə beynəlxalq iştirakın geniş olmasının Azərbaycan şirkətləri üçün yeni tərəfdaşlıqlar və beynəlxalq təchizat zəncirlərinə çıxış baxımından əhəmiyyətini vurğulayıb: “ADEX-2026-nın beynəlxalq iştirakı da diqqət çəkir. Müxtəlif ölkələrin müdafiə sənayesi nümayəndələri sərgidə bir araya gəlir. Bu, Azərbaycan şirkətləri üçün yeni tərəfdaşlıqlar baxımından əlverişli şərait formalaşdırır. Eyni zamanda, yerli müəssisələrin beynəlxalq təchizat zəncirlərinə qoşulması üçün yeni perspektivlər açılır. Birgə istehsal, texnologiya transferi və sənaye əməkdaşlığı bu baxımdan mühüm istiqamətlərdir”.
Zaur Babaşov paralel keçirilən “Securex Caspian-2026” sərgisinin də müdafiə və təhlükəsizlik sahələrində əməkdaşlıq imkanlarını genişləndirdiyini bildirib: ““Securex Caspian-2026” sərgisinin paralel keçirilməsi də bu əməkdaşlıq mühitini daha da genişləndirir. İki sərgi müdafiə və təhlükəsizlik sahələrini vahid peşəkar mühitdə birləşdirir. Kibertəhlükəsizlik və kritik infrastrukturun qorunması kimi istiqamətlər də diqqət mərkəzinə gəlir”.
Baş redaktorun sözlərinə görə, ADEX-2026-nın əhəmiyyəti yalnız sərginin keçirildiyi günlərlə məhdudlaşmır və burada qurulan əlaqələr gələcək layihələr üçün zəmin yarada bilər: “ADEX-2026-nın əhəmiyyəti sərgi günləri ilə məhdudlaşmır. Burada qurulan əlaqələr gələcək əməkdaşlıqlar və birgə layihələr üçün yeni imkanlar yarada bilər. Peşəkar informasiya mübadiləsi də mühüm rol oynayır”.
Nigar Xəlilli
20:50 30.09.2026
Oxunuş sayı: 49