Xalq rəssamı Sirus Mirzəzadə: Ən yaxşı əsərimi hələ çəkməmişəm
Rəssamlıq yalnız kətan üzərində rənglərin və formaların bir araya gətirilməsi deyil, həm də insanın daxili dünyasının əsərə köçürülməsidir. Rəssamın yaşadığı dövr, gördüyü hadisələr, keçirdiyi hisslər və həyata münasibəti onun yaradıcılığında öz izini qoyur. Bəzən bir əsərin rəngləri bütöv bir dövrün ağrılarını, bəzən isə azadlıq və ümid hissini ifadə edə bilir. Müasir dövrdə süni intellektin təsviri sənətə daxil olması, gənclərin rəssamlığa marağı, sənətin maddi dəyəri və rəssamın yaradıcılıq prosesində yaşadığı daxili dəyişikliklər isə bu sahə ilə bağlı yeni suallar doğurur.
Rəssamlığın insan ruhu ilə əlaqəsi, əsərin zamanla dəyişən qiyməti və sənətin gələcəyi barədə xalq rəssamı Sirus Mirzəzadə Crossmedia.az-a müsahibə verib:
– Rəssamlığa marağınız necə yarandı? Niyə məhz rəssamlıq sənətini seçdiniz?
– Bu sualı mənə bir neçə dəfə veriblər. Çox maraqlı sualdır. Çalışmışam ki, cavab verim. 1960-cı illərdə evlərdə divarlardan xalçalar asılırdı. Mən həmin xalçalara baxır, oradakı təsvirləri kopyalayırdım. Şərq qadınlarının xalçaların üzərində təsvirləri olurdu. Onlara baxıb çəkirdim. Sonra ədəbiyyat dərsliklərində şairlərin şəkilləri olurdu. Onları da kopyalayırdım. Məktəbdə bizim rəsm müəllimimiz var idi. Çox alicənab insan idi. Sinifdə mənimlə oxuyan şagirdlərdən biri Pionerlər evinə gedirdi. Müəllim də rəsm çəkməyi bizə öyrədirdi. Mən onun izahlarından sonra yavaş-yavaş bu yola qədəm qoydum. Bir müddət sonra işlərimizə baxdı və mənə dedi: “Gəl, səni Pionerlər evinə aparım”. O vaxt Pionerlər evi indiki 26-lar bağı ərazisində yerləşirdi. Məktəbdən birbaşa oraya getdim. Orada çox gözəl müəllimlər var idi, bizə rəsm sənətini öyrədirdilər. Bir-iki il Pionerlər evinə getdim, sonra Əzim Əzimzadə adına məktəbə daxil oldum. Beləcə, yavaş-yavaş rəssamlığa gəldim. Bu, mənim öz istəyim idi. O vaxt bu hissin adını bəlkə də “sənətə sevgi” qoymurduq. Amma sonradan texnikumda oxuyarkən həm öz rəssamlarımızı, həm də xarici rəssamları tanıdım, onların əsərləri və sənətləri ilə tanış oldum. Yavaş-yavaş sənətlə yaşamağa başladım.
– Yaradıcılığa nə vaxt başladınız və yaradıcılığınızın ilk mərhələsi necə keçdi?
– Yaradıcılığa ötən əsrin 70-ci illərindən başlamışam. Təhsilimi monumental rəngkarlıq üzrə aldığım üçün həmin dövrdə çoxlu divar rəsmləri, mozaikalar və vitrajlar edirdim. O vaxt bunlar çox dəbdə idi. Demək olar ki, bütün idarələrin divarlarında divar rəsmləri, binaların bayır divarlarında mozaikalar, pəncərələrində isə vitrajlar olurdu. Sifarişlər də həddindən artıq çox idi. Bakıda və rayonlarda müxtəlif işlər görürdüm. Sovet İttifaqı dağılandan sonra isə bunlar demək olar ki, aradan qalxdı. Mən də rəngkarlığa keçdim. Artıq son 30 ildə monumental işlərlə məşğul deyiləm, yalnız rəngkarlıq və qrafika ilə məşğulam. Yazdığım tablolarla bağlı isə düşünürəm ki, ən yaxşı əsərimi hələ yazmamışam. Mənə elə gəlir ki, hələ həmin səviyyəyə çatmamışam.
– Əsərlərinizdə hansı mövzular daha çox özünü göstərir? Qarabağ, birlik, sevgi kimi mövzuların hansına daha çox müraciət edirsiniz?
– Erməni-müsəlman müharibəsindən sonra elə bir dövr oldu ki, mənim kətanlarım qaraldı. Mən həmişə rəngli çalarlarda işləyirdim. Amma həmin dövrdən sonra qara tablolar çəkməyə başladım. Bu, həyatın qaralmasından irəli gəlirdi. İnsanlar müəyyən hadisələrin şahidi oldular, məcburi köçkünlərimiz yarandı. Bütün bunların rəssamlara böyük təsiri olur. Mən də həmin insanları tablolarımda təsvir edirdim. Sonralar Xocalıya həsr olunan sərgilərdə iştirak edirdim. Hər il belə sərgilər keçirilirdi. Daha sonra, Allaha şükür, yavaş-yavaş yaralar və ağrılar sağalmağa başladı, mənim tablolarımda da rənglər artdı. İndi azad ölkəyə aid istənilən rəngi tablolarımda görmək mümkündür.
– Sizcə, rəsm əsərinə ruh verən nədir?
– Rəssam yazdığı tablonu daxildən, içindən gələn hisslərlə çəkirsə, həmin əsərdə ruh olur. Bir dəfə bir ekstrasens mənim emalatxanama gəldi. Əlində iki mis çubuq var idi. Onları bəzi tablolara yaxınlaşdırırdı və çubuqlar müəyyən şəkildə açılırdı. Dedi ki, “Bunlarda ruh var”. Bir-iki tabloya yaxınlaşdıranda isə çubuqlar tərpənmədi. Soruşdu ki, “Bəs bunlar niyə belədir?” Mən həmin tablolara baxanda yadıma düşdü ki, onları vaxtilə çəkmişəm, sonradan satılıb və ya başqa səbəbdən yenidən eyni əsəri kopyalamışam. Deməli, onların içində ruh yoxdur. Çünki onları artıq düşünmədən, hiss etmədən çəkmişəm. Sadəcə işin formasına baxırsan və onu təkrar edirsən. Amma əsəri sevə-sevə, daxilindən gələn məhəbbətlə yazırsansa, orada ruh olur. Bəzən insanlar məndən əsər alırlar və sonradan deyirlər ki, onu yataq otağımda asmışam, səhərlər ona baxanda sanki özümə gəlirəm. Bəzən də deyirlər ki, işdən yorğun gəlirəm, bir qədər mənzərəyə və ya portretə baxıram, sonra özümə gəlirəm. Deməli, həmin tablolarda insana təsir edən nəsə var.
– Sizin üçün tamamilə tamamlanmış əsər varmı, yoxsa hər əsərə sonradan yenidən baxmaq ehtiyacı yaranır?
– Düzünə qalsa, mən düşünürəm ki, rəssam vaxtında fırçanı saxlamağı bacarmalıdır. Amma bəzən əsəri bitmiş hesab edirsən, üstündən bir il keçir, ona yenidən baxırsan və artıq başqa şey görürsən. İki-üç il sonra baxırsan və deyirsən ki, bu mənim xoşuma gəlmi. Deməli, həmin tablo mənim üçün artıq hazır deyil. Bəzən onu götürüb yenidən işləyirəm, üstündən başqa əsər çəkirəm. Rəssam dostlarım bəzən gəlirlər və deyirlər: “Niyə pozursan bunu? Axı yaxşı işdir”. Mən isə deyirəm ki, xoşuma gəlmir və ona baxmaq istəmirəm. Mən belə düşünürəm ki, əsəri zaman yetişdirir. Keramika ilə məşğul olanlar əsəri hazırlayır, üzərində ornamentlər və fiqurlar işləyir, sonra onu sobada bişirirlər. Bizim tablolarımızı isə zaman bişirir. Əgər illər keçəndən sonra həmin əsər yenə də sənə yaxşı görünürsə, deməli, o, hazır əsərdir.
– Rəssamlığa maraq və tələbat bu gün hansı səviyyədədir?
– Bu gün rəssamlığa böyük tələbat yoxdur. Rəssam olmaq istəyənlər çoxdur. Amma hər texnikumu, kolleci və universiteti bitirən insan rəssam olmur. Rəssam olmaq üçün Fərhad kimi külüngü götürüb dağı yarmaq lazımdır. Biz də oxuduğumuz illərdən bu dağı yarmağa başlamışıq və indiyə qədər də yarırıq. Çünki bu, bitməyən bir dağdır. Nəsillərlə rəssamlar həmin dağı yarırlar. Sadəcə, indikilər bəzən külünglə yox, aparatla dağı yarmağa çalışırlar.
– Gənc rəssamlar arasında sənətin qazanc gətirməməsindən danışılır. Sizcə, bu, rəssamlığın peşə kimi seçilməsinə təsir edir?
– Hər bir rəssam istəyir ki, tabloları satılsın və yaxşı pul qazansın. Ona görə də yaxşı işlər görməyə çalışır. Amma bu gün yaxşı iş görən rəssam belə çox əsər sata bilmir. Hazırda sənətdə, ümumiyyətlə, müəyyən tənəzzül var. Bu, təkcə rəssamlıqda deyil, bütün sənət sahələrində hiss olunur. Amma belə dövrlər olur: sənət bir müddət aşağı düşür, sonra yenidən qalxır. İndi sənətin sanki yerə dəydiyi, solduğu vaxtdır. Amma nə vaxtsa bahar gələcək və yenidən sənətimiz çiçəklənəcək.
– Sizcə, həmin “bahar” yalnız Azərbaycanda, yoxsa bütün dünyada baş verir?
– Mən deyərdim ki, bu, bütün dünyada var. Amma Azərbaycanda daha çox hiss olunur. Sənətin yenidən çiçəklənməsi üçün isə ilk növbədə rəssam olmaq istəyən insanların daxilində dəyişiklik olmalıdır. Bu dəyişiklik baş verməsə, həmin baharın gəlməsi çətin olacaq. İndi, məsələn, internetdə süni intellekt vasitəsilə portretlər, mənzərələr və müxtəlif əsərlər hazırlayırlar. Belə vəziyyətdə sənətin gələcəyini düşünmək lazımdır.
– Gənc rəssamların yaradıcılığını necə qiymətləndirirsiniz? 20 ildən sonra Azərbaycan rəssamlığını necə görürsünüz?
– Onların içərisində istedadlı rəssamlar, heykəltəraşlar və qrafiklər var. Amma çox azdır. Məsələn, Azərbaycanda ildə 500-600 nəfər texnikum və institut bitirirsə, onların arasında beş istedadlı rəssamın olması belə böyük məsələdir. Bu gün Azərbaycan təsviri sənətində 15-20 fərqli və seçilən rəssamın olması da böyük şeydir.
– Süni intellekt artıq musiqi yazır, mətn hazırlayır, müxtəlif təsvirlər yaradır. Rəssamlıqda da insanı əvəz edə bilərmi?
– Rəssamlıqda da süni intellektdən istifadə olunur. Amma baxanda görürsən ki, bunun canı yoxdur. Süni intellektin ürəyi yoxdur. Rəssamın əsərində onun hissləri, yaşadıqları və daxili vəziyyəti olur. Süni intellekt bunları insan kimi yaşaya bilməz.
– Rəssam öz duyğularını kətana necə köçürür?
– İnsan rəsm çəkərkən onun daxili vəziyyəti əsərə hopur. Məsələn, mən tablonun qarşısında işləyərkən halım yaxşı deyilsə, kimləsə sözüm çəp gəlibsə və ya evdə hansısa narahatlığım varsa, bütün bunlar əsərdə özünü göstərir. Üç gün sonra gəlib tabloya baxırsan və görürsən ki, rənglər dəyişib. Qəmgin, solğun, sanki xəstə rənglərdir. Bu, insanın daxili vəziyyətinin tabloya köçməsidir. Ona görə də çalışmaq lazımdır ki, emalatxanaya gələndə həmişə nikbin olasan, deyib-güləsən ki, tabloların da gülsün. Rəssamın içindəki o pəri həmişə sağ olmalıdır. Onu qoruyub saxlamaq lazımdır ki, o da səni sevsin və həmişə sənə kömək etsin.
– Əsərləriniz arasında xüsusi olaraq sizin üçün seçilən, son dövrdə çəkdiyiniz bir iş varmı?
– Mən əvvəl qrafikalar edirəm. Balaca-balama işlər hazırlayıram. Bəzən Arif Hüseynov gəlir, baxır və xoşuna gəlir. Bəzən də mən özüm bəyəndiyim işləri saxlamıram. Məsələn, bir iş mənim xoşuma gəlmirsə, onu cırıram. Arif Hüseynov bəzən deyir: “Cırma, ver mənə, saxlayım. Sonra muzeyə lazım olar, kiməsə hədiyyə edərsən”. Mən isə deyirəm ki, “Mənim xoşuma gəlmirsə, niyə sənə hədiyyə edim?” Bunu armudla müqayisə etmək olar. Armudun yarısı çürüyübsə, sən onu kiməsə yedirtməzsən. Bir-iki dişləyər, xarab olduğunu görüb kənara atarsan. Mən də qrafikalarımda belə edirəm. Bəzən 20 qrafika çəkirəm, onların bir hissəsini cırıb atıram və 10-u qalır. Sonra onların içindən üç-dördünü seçib kətana keçirirəm.
– Sizin üçün emalatxana nə ifadə edir? Rəssam burada öz dünyasını yaradırmı?
– Mən Akademiyada həftədə üç gün oluram. Orada müəllimlərlə, tələbələrlə söhbətlərim olur. Bəzən yorğun gəlirəm. Amma buraya gələndə elə bilirəm ki, başqa bir dünyaya daxil oluram – öz dünyama. Sanki qapıdan girən kimi adamın çiyninə bir mələk qonur, qanadları ilə sənə yüngüllük gətirir, səni sevindirir və işləməyə başlayırsan. Mən səhər durandan sonra, uzağı saat 10-da evdən çıxıram. Dərsim olmayanda da bura gəlirəm. Bəzən səhər saat 7-də gəlirəm və axşam saat 10-a qədər burada oluram. Burada nə darıxıram, nə də yoruluram. Lazım olanda bir az uzanıram, yatıram, sonra yenidən qalxıb işləyirəm. Bu, mənim üçün çox maraqlı dünyadır. Rəssamın dünyası elə budur – öz dünyanı yaradırsan və orada yaşayırsan.
– Bəs pensiya yaşında olan insanla rəssamın gündəlik həyatı arasında nə fərq var?
– Mənim tanışlarım, dostlarım, qohumlarım bəzən görüşəndə soruşurlar: “Nə edirsən?” Deyirəm, “Pensiyadayam”. Deyirlər ki, “Pensiyadayam deyirsən, bəs nə edirsən?” Onlar səhər dururlar, evə çörək lazım olur, gedib alırlar, sonra parkda gəzir, saat 1-2-də evə qayıdır, bir az yatır, sonra oyanırlar. Hava yaxşı olanda deyirlər ki, belə gözəl havadır. Mənim pensiyam isə tamam başqadır. Mən səhər emalatxanaya gəlirəm və axşama qədər işləyirəm. Mənim üçün bu, iş deyil, yaşadığım həyatdır.
Ayhan Ağarzayev
Məhəbbət Tərlanoğlu
18:45 30.09.2026
Oxunuş sayı: 56