Tramp dünyanı əlinə alır - yeni qərar ŞOK EFFEKTİ YARATDI
ABŞ Prezidenti Donald Tramp süni intellekt sahəsində təhlükəsizlik standartlarına nəzarət edəcək 10 nəfərlik komitənin yaradılmasını nəzərdən keçirir. Bu təşəbbüs Trampın Ağ Evdə OpenAI, Anthropic, Meta, Google və Nvidia kimi aparıcı texnologiya şirkətlərinin rəhbərləri ilə keçirdiyi görüşdən sonra gündəmə gəlib. Görüş zamanı texnologiya şirkətləri süni intellekt sistemləri üçün könüllü təhlükəsizlik standartlarının müəyyənləşdirilməsini nəzərdə tutan razılaşmaya imza atıblar. Sənədə əsasən, şirkətlərin daxili nəzarət mexanizmləri yaratması, müstəqil auditorlarla əməkdaşlıq etməsi və süni intellekt sistemlərinin nəzərdə tutulmayan şəkildə texniki sistemlərə müdaxiləsinin qarşısını almaq üçün tədbirlər görməsi planlaşdırılır. Trampın administrasiyası eyni zamanda süni intellekt əvəzinə “super intellekt” ifadəsindən istifadəni də təşviq edir. Maraqlıdır Tramp bu komitəni nə üçün yaradır? Dünya dövlətlərinin texniki bazalarına giriş əldə etmək üçün ya inkişaf etmiş dövlətlərlə rəqabət üçün?
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən politoloq Əlimusa İbrahimov bildirib ki, ABŞ-nin süni intellekt sahəsində atdığı addımların əsas məqsədlərindən biri Çinlə rəqabətdə geri qalmamaqdır.

Politoloq qeyd edib ki, ümumiyyətlə, Donald Trampın süni intellektə diqqət yetirməkdə əsas məqsədi Çinlə olan mübarizədə geri qalmamaqdır:
"Bu gün əgər Amerika Birləşmiş Ştatları süni intellektə lazımi səviyyədə diqqət ayırmasa, Çinlə eyni sahədə aparılan yarışda və mübarizədə geri qala bilər. ABŞ-nin bu sahədə addımlar atmaqda əsas məqsədi süni intellektin ölkəyə xidmət etməsini təmin etmək, eyni zamanda sonradan bu sahədə Çindən asılı vəziyyətə düşməməkdir. Təbii ki, Tramp süni intellekt sahəsində komitə yaratdı. Bu komitəyə geniş hüquqlar veriləcək və maliyyə yardımı ayrılacaq. Amerika Birləşmiş Ştatları hər aləmdə olduğu kimi, süni intellekt sahəsində də liderliyi əldən verməməyə çalışır. Çünki süni intellekt cəmiyyətin gələcəyidir və gələcəyə xidmət edən bir sahədir. Əgər bu sahədə ciddi nailiyyətlər qazanılmasa və diqqətdən kənarda qalsa, təbii ki, ABŞ sonradan müxtəlif ölkələrin alimlərinin və mütəxəssislərinin əlinə baxa, yaxud onların nəzarəti altına düşə bilər".
Politoloq qeyd edib ki, ABŞ prezidenti bu addımı atmaqla həqiqətən böyük iş görür: “Biz yaxın zamanlarda Amerika Birləşmiş Ştatlarının süni intellekt sahəsində ciddi uğurlar qazanmasının şahidi olacağıq. Çünki ABŞ-nin başqa çıxış yolu yoxdur. Ümumiyyətlə, Azərbaycan da daxil olmaqla digər dövlətlər də bu sahəyə ciddi sərmayələr yatırırlar. Mətbuatda tez-tez rast gəlirik ki, Azərbaycan dövləti də məhz süni intellektin inkişafı üçün müəyyən ciddi addımlar atır. Bu, təbii ki, gələcəyə hesablanıb. Gələcəkdə süni intellekt sahəsində digər ölkələrdən geri qalmamaq üçün dövlətlər bu gündən fəaliyyətə başlamalıdırlar”
Zeynəb Həsən
18:30 30.09.2026
Oxunuş sayı: 36