“Tütünsüz nəsil” modeli Azərbaycana gəlir? – Ekspertdən açıqlama
Türkiyədə tütünlə mübarizə çərçivəsində doğum ilinə əsaslanan “tütünsüz nəsil” modeli gündəmə gəlib. Hazırlanan qanun layihəsində 2015-ci il və sonrakı illərdə doğulan şəxslərə tütün məhsullarının satışının ömürlük qadağan edilməsi nəzərdə tutulur və layihənin oktyabrda Türkiyə parlamentinə təqdim olunması gözlənilir. Bu yanaşma ilə tütün istifadəsinin gələcək nəsillər arasında yayılmasının qarşısının alınması hədəflənir. Doğum ilinə əsaslanan oxşar “tütünsüz nəsil” modelləri başqa ölkələrdə də müzakirə və tətbiq olunur. Bəs maraqlıdır Azərbaycanda da bu qanun layihəsinə baxıla bilərmi? Sağlamlıq cəhətdən insanlar arasında bunun təşviq edilməsi hansı xəstəlikləri bitirə bilər?
Crossmedia.az-a açıqlamasında səhiyyə eksperti Aydın Əliyev zərərli vərdişlərin qarşısının alınmasına yönələn təşəbbüslərin müsbət addım olduğunu bildirib:
“Əslində, zərərli vərdişlərdən qurtulmaq üçün atılan bütün addımlar təqdirəlayiqdir. Bizdə də olunsa, lap yaxşı olar. Yəni tam olmasa da, müəyyən qədər bunun qarşısını alacaqdır”.
Ekspert tütün istifadəsinin müxtəlif formalarına, o cümlədən elektron siqaret və qəlyana diqqət çəkərək zərərli vərdişlərdən uzaqlaşmağa yönələn ideyaların dəstəklənməsinin vacibliyini vurğulayıb:
“Tütün istifadəsindən, istər elektron siqaretlərdir, qəlyandır, digər spirtli içkilərdir və s. Yəni zərərli vərdişlərdən azad olmaq üçün tətbiq edilə biləcək, irəli sürülə biləcək bütün ideyalar təqdirəlayiqdir”.
Nigar Xəlilli
18:15 30.09.2026
Oxunuş sayı: 37