Təhsildə qanunvericilik yenilənir: müəllimlərin diqqətinə
Azərbaycanda təhsil sahəsində qanunvericilik bazasının yenilənməsi məsələsi Milli Məclisdə yenidən gündəmə gəlib. “Təhsil haqqında” qanuna yenidən baxılmasını, ali təhsil və distant təhsil haqqında ayrıca qanunların hazırlanmasını, növbəti mərhələdə isə vahid Təhsil Məcəlləsinin qəbul edilməsini təklif edilib.
Təklif təhsil sistemində mövcud qanunvericiliyin yeni tələblərə uyğunlaşdırılması və hüquqi tənzimləmənin daha sistemli qurulması məsələsini gündəmə gətirir. Təhsil sahəsində ayrıca məcəllənin hazırlanması hansı hüquqi boşluqların aradan qaldırılmasına imkan verə bilər?
Crossmedia.az-a açıqlamasında fəlsəfə doktoru, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov Azərbaycanda ayrıca Təhsil Məcəlləsinin qəbul edilməsinin təhsil hüququ sistemində pərakəndəliyin aradan qaldırılması və qanunvericilik bazasının unifikasiyası baxımından mühüm addım ola biləcəyini bildirib.

O, Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədovun irəli sürdüyü bu təklifin müasir dünyaya inteqrasiya, rəqəmsal keçid və təhsil sahəsində sürətli yenilənmələr fonunda aktual olduğunu qeyd edib: “Hazırda ölkəmizdə təhsil sahəsinin hüquqi tənzimlənməsi “Təhsil haqqında” baza qanunu ilə yanaşı, ayrı-ayrılıqda qəbul edilmiş “Peşə təhsili haqqında”, “Ümumi təhsil haqqında” və “Elm haqqında” qanunlarla həyata keçirilir. Belə çoxşaxəli struktur normativ-hüquqi aktlar arasında müəyyən daxili ziddiyyətlərə, təkrarçılığa və hüquqi toqquşmalara yol aça bilər ki, bu da idarəetmənin effektivliyini azaldır. Vahid sistemə salınmış Təhsil Məcəlləsi bu pərakəndəliyi aradan qaldıraraq mövcud qanunları vahid, sistemli bir sənəddə birləşdirə bilər”.
İlqar Orucov hesab edir ki, təhsil qanunvericiliyi dəyişən müasir tələblərə uyğun olaraq daha çevik və gələcəyə hesablanmış şəkildə formalaşdırılmalıdır: “Hazırda “Ali təhsil haqqında” və xüsusilə “Distant təhsil haqqında” müstəqil qanunların qəbuluna ciddi ehtiyac duyulsa da, bu məsələlərin ayrı-ayrılıqda tənzimlənməsi yerinə Təhsil Məcəlləsinin tərkib hissəsi kimi verilməsi daha səmərəli ola bilər. Post-pandemiya dövrünün gətirdiyi rəqəmsallaşma, süni intellekt texnologiyalarının tədrisə sürətli inteqrasiyası, virtual universitetlərin fəaliyyət prinsipləri və qeyri-formal təhsil formalarının hüquqi statusu məhz bu məcəllənin xüsusi fəsillərində öz əksini tapa bilər”.
Onun sözlərinə görə, belə yanaşma təhsil sahəsində hər yeni texnoloji yenilik üçün ayrıca qanunvericilik aktının hazırlanması ehtiyacını da azalda bilər: “Bu yanaşma, düşünürəm ki, həm də hər yeni texnoloji trend üçün yeni bir qanun qəbul etmək məcburiyyətini ortadan qaldıracaq və qanunvericiliyin çevikliyini təmin edəcəkdir”.
Ekspert təhsil sferasının bazar iqtisadiyyatının tələblərinə uyğunlaşdırılması və universitetlərin muxtariyyətinin genişləndirilməsi məsələlərinin də yeni hüquqi platforma tələb etdiyini bildirib: “Hazırda ali təhsil müəssisələrinin akademik, inzibati və maliyyə müstəqilliyi istiqamətində addımlar atılsa da, mövcud qanunvericilik şablonları ali məktəblərin elmi-kommersiya fəaliyyətini, startaplarını və innovasiya mərkəzlərini tam stimullaşdıra bilmir. Təhsil Məcəlləsi universitetlərin publik hüquqi şəxs statusunu daha da gücləndirərək onlara çevik maliyyə-hüquq mexanizmləri bəxş edə bilər. Bu da təhsilin maliyyələşməsində dövlət büdcəsindən asılılığı azaldan və insan kapitalını inkişaf etdirən əsas amillərdən biri ola bilər”.
İlqar Orucov qloballaşma şəraitində beynəlxalq standartlarla milli-mənəvi dəyərlərin qorunması arasında balansın da qanunvericilikdə nəzərə alınmasının vacib olduğunu vurğulayıb: “Qloballaşma şəraitində beynəlxalq standartların milli təhsil sisteminə inteqrasiyası ilə milli-mənəvi dəyərlərin qorunması arasında optimal balans məhz bu məcəllədə təsbit edilməlidir. Təhsil sadəcə bilik ötürmək mexanizmi deyil, həm də dövlətin ideoloji sütunlarını və milli kimliyi formalaşdıran əsas platformadır”.
Onun sözlərinə görə, Təhsil Məcəlləsi strategiya səviyyəli sənəd kimi hazırlanarsa, təhsil siyasətinin uzunmüddətli hüquqi əsaslarını müəyyən edə bilər: “Bu məcəllə milli mənəviyyatın, dövlətçilik maraqlarının və ailə institutunun qorunması prinsiplərini hüquqi imperativ kimi ön plana çəkməlidir. Təhsil Məcəlləsinin hazırlanması və qəbulu təhsil sahəsindəki mövcud qanunvericilik problemlərinin sistemli həllinə birbaşa təkan verə bilər, normativ sənədlərə mütəmadi olaraq edilən xırda və keçici dəyişikliklərə son qoyaraq ölkənin təhsil gələcəyini uzunmüddətli və dayanıqlı hüquqi zəmanətlə təmin edə bilər”.
Nigar Xəlilli
18:00 30.09.2026
Oxunuş sayı: 43