Süni intellektə ayrıca qanun gəlir? – Ekspertdən mühüm açıqlama
Milli Məclisin payız sessiyasının ilk iclasında süni intellekt və sosial media ilə bağlı ayrıca qanunun qəbul edilməsi təklif olunub. Parlamentdə səsləndirilən təklifdə süni intellekt texnologiyalarının və sosial medianın sürətlə insanların həyatına daxil olması, bu sahələrdə baş verən proseslərin idarə olunması və təhlükəsizlik məsələlərinin tənzimlənməsinin vacibliyi diqqətə çatdırılıb. Müzakirə zamanı sosial mediada məqsədli müdaxilələr və süni intellektdən istifadənin doğurduğu yeni çağırışlar da gündəmə gətirilib. Bu sahədə hüquqi çərçivənin yaradılması texnologiyanın inkişafı ilə təhlükəsizlik, məxfilik və insan nəzarəti arasında balansın necə qurulacağı məsələsini də aktuallaşdırır.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən İKT eksperti Vüsal Məmmədzadə bildirib ki, əsas məsələ süni intellektin inkişafını dayandırmaq və ya şirkətlərin qarşısına mümkün qədər çox məhdudiyyət qoymaq deyil, texnologiyanın inkişafı ilə təhlükəsizlik arasında düzgün balans yaratmaqdır:

"Belə bir komitə yaradılarsa, ilk növbədə OpenAI, Anthropic, Google kimi şirkətlərdən daha çox şəffaflıq tələb oluna bilər. Yəni yeni və daha güclü model istifadəyə verilməzdən əvvəl onun hansı risklər yaratdığı, hansı təhlükəsizlik testlərindən keçdiyi və insanların məlumatlarının necə qorunduğu daha ciddi şəkildə yoxlanıla bilər. Burada təhlükəsizlik və məxfiliyi birinci sıraya qoymaq lazımdır. Çünki süni intellekt artıq sadəcə mətn yazan və şəkil yaradan texnologiya deyil. Agentlər internetdə müxtəlif əməliyyatlar həyata keçirə, proqram yaza, başqa sistemlərlə əlaqə qura bilir. İmkanlar artdıqca risklər də artır. Məxfilik də çox vacibdir. İstifadəçinin məlumatının necə toplandığı, modelin hansı məlumatlara çıxış əldə etdiyi və həmin məlumatların necə qorunduğu ilə bağlı daha aydın qaydalar olmalıdır".
Ekspert qeyd edib ki, nəzarət o həddə çatmamalıdır ki, süni intellektin normal inkişafını tamamilə yavaşlatsın: “Çox sərt qaydalar innovasiyanın qarşısını ala bilər, ümumiyyətlə qaydanın olmaması isə təhlükəsizlik problemlərini böyüdə bilər. Ona görə ən doğru yanaşma süni intellektin özünü məhdudlaşdırmaqdan daha çox, riskli istifadələri nəzarətdə saxlamaqdır. Yəni hansı sistemlərin insan nəzarəti olmadan işləyə biləcəyi, hansı məlumatlara çıxış əldə edə biləcəyi və kritik qərarlarda nə qədər sərbəst ola biləcəyi üçün konkret qaydalar müəyyənləşdirilməlidir”.
Zeynəb Həsən
16:45 30.09.2026
Oxunuş sayı: 53