Şuşa teatrında qazilərin iştirakı ilə Anım Günü tədbiri keçirilib
Şuşa Dövlət Musiqili Dram Teatrında 27 Sentyabr - Anım Günü ilə əlaqədar tədbir keçirilib. Xaqani Əliyevin eyniadlı əsəri əsasında hazırlanmış "İki əsgər” tamaşasının nümayişi olub. Tədbirdə qazilər, Heydər Əliyev adına Hərbi İnstitut və Fövqəladə Hallar Nazirliyinin Hərbi akademiyanın kursantları və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Crossmedia.az xəbər verir ki, tamaşadan əvvəl torpaqlarımızın azad edilməsi uğrunda həyatlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tamaşadan sonra Şuşa teatrının direktoru vəzifəsini icra edən, əməkdar artist Azad Məmmədov çıxış edərək Anım gününün qeyd edilməsinin gənclərin vətənpərvər ruhda tərbiyə edilməsindəki əhəmiyyətindən danışıb, torpaqlarımızın azadlığı uğrunda həyatlarını qurban vermiş şəhidlərimizin xatirəsinin həmişə xalqımız üçün əziz olacağını qeyd edib. Tədbirdə iştirak edən qazilərimizə can sağlığı arzulayıb. Azad Məmmədov çıxışının sonunda “İki əsgər" tamaşasında bəhs edilən hadisənin iştirakçısı, qazi Vüqar Ağayevi səhnəyə dəvət edib. Vüqar Ağayev dəvət üçün teatrın rəhbərliyinə, tamaşada iştirak edən akyorlara və real hadisəni qələmə aldığına görə əsərin müəllifinə təşəkkürünü bildirib.
Qeyd edək ki, "İki əsgər” tamaşasında əsgər Vüqarın timsalında düşmənə nifrət edən, bununla yanaşı mərhəməti, cəsarəti, mərdliyi, qorxmazlığı ilə düşmən əsgərindən qat-qat üstün olan Azərbaycan əsgərinin ümumiləşmiş obrazı yaradılıb.
Tamaşanın bədii rəhbəri əməkdar artist, mərhum Yadigar Muradov, rejissoru Lalə Şirinova, rəssamı Valeh Məmmədov, musiqi tərtibatçısı Asyaxanım Heydərovadır.
Obrazları teatrın aktyorları Emin Sevdiməliyev, Zəhra Salayeva, Dürdanə Dünyamalıyeva, Cavid Cavadzadə və Əhliman Ərşadlı ifa ediblər.
11:00 28.09.2026
Oxunuş sayı: 57