Məktəblərdə yeni qadağa: Hicablı şagirdləri nə gözləyir?
Azərbaycanda dövlət ümumi təhsil müəssisələrində şagirdlərin geyim forması ilə bağlı tələblərə yeni müddəalar əlavə edilib. Nazirlər Kabinetinin qərarına əsasən, müəyyən edilmiş məktəbli formasının vahidliyini pozan, eləcə də ümumi təhsilin dünyəvilik prinsipinə uyğun olmayan geyim elementlərindən istifadəyə yol verilməyəcək. Yeni qaydalarla yanaşı, milli və mənəvi dəyərlərlə bağlı tədbirlər zamanı məktəbin Pedaqoji Şurasının qərarı ilə milli geyimlərdən və ya onların elementlərindən istifadəyə də imkan verilir. Qaydaların tətbiqi fonunda isə məktəblərdə geyim tələblərinin necə icra olunacağı, xüsusilə dünyəvilik prinsipinə uyğun olmayan geyim elementlərinin hansı meyarlarla müəyyənləşdiriləcəyi diqqət çəkir.
Crossmedia.az-a açıqlamasında fəlsəfə doktoru, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov ümumi təhsil müəssisələrində şagirdlərin geyim qaydalarına edilən dəyişikliklərin təhsil mühitinə təsirlərindən danışıb.

İlqar Orucovun sözlərinə görə, vahid məktəbli forması şagirdlər arasında sosial və maddi fərqlərin geyim üzərindən nümayiş etdirilməsinin qarşısını almağa kömək edə bilər: “Təhsil sosiologiyasının ən fundamental prinsiplərindən biri məktəbin sosial fərqlərdən uzaq, tərəfsiz bir məkan olması zərurətidir. Ailələrin maddi imkanlarından irəli gələn fərqliliklərin geyim vasitəsilə sinif otaqlarına daşınması subyektiv müqayisələrə, həmyaşıd təzyiqinə və geyim üzərindən formalaşan qısnamalara zəmin yaradır. Vahid geyim forması və dünyəvilik prinsipi şagirdlərin xarici görünüş göstəricilərini bərabərləşdirərək diqqəti ‘kimin necə görünməsindən’ ‘kimin necə öyrənməsinə’ yönəldir”.
Fəlsəfə doktoru vahid geyim qaydalarının nizam-intizam və tədris prosesinə də təsir göstərə biləcəyini vurğulayıb. Onun sözlərinə görə, aydın qaydaların olduğu məktəb mühitində şagirdlərin diqqətinin tədris prosesinə yönəldilməsi mümkün olur: “Pedaqogika elmində sübut olunmuşdur ki, nizamlanmış və aydın qaydalara malik mühit şagirdin daxili özünütənzimləmə mexanizmlərini gücləndirir. Şagirdlər geyim seçimi və ya bir-birinin geyimini qiymətləndirmək kimi dərslə bağlı olmayan proseslərə enerji sərf etmədikdə, onların idrak resursları və diqqət cəmlənməsi bilavasitə tədris prosesinə yönəlir. Bu isə birbaşa təhsilin keyfiyyət göstəricilərinin artmasına xidmət edir”, - deyə İlqar Orucov bildirib.
O, müxtəlif ölkələrin təcrübəsində də məktəbli formasının və dünyəvi təhsil prinsiplərinin tətbiq olunduğunu qeyd edib. “Böyük Britaniyada dövlət məktəblərinin mütləq əksəriyyətində vahid geyim qaydaları tətbiq olunur. Dünyəviliyin ən ciddi qorunduğu Fransa təcrübəsində isə məktəblər neytral zona hesab olunur. Burada şagirdlərin bərabərliyini pozan, hər hansı dini, siyasi və ya ideoloji simvol daşıyan geyim elementlərinin istifadəsi qanunla məhdudlaşdırılıb. Yaponiya və Cənubi Koreya kimi ölkələrdə də vahid formalar şagirdlərdə erkən yaşlardan etibarən rəsmi-işgüzar geyim mədəniyyətinin, birgəlik ruhunun və ortaq davranış etikasının formalaşmasına xidmət edir”.
İlqar Orucov Nazirlər Kabinetinin qərarını təhsil mühitinin formalaşdırılması baxımından müsbət qiymətləndirdiyini bildirib: “Hesab edirəm ki, Nazirlər Kabinetinin bu qərarı məhdudlaşdırıcı bir vasitə deyil, əksinə, təhsil müəssisələrini fərdi və ideoloji fərqliliklərin ziddiyyətlər meydanından çıxarıb, onları təmiz akademik, elmi və insani inkişaf mərkəzlərinə çevirmək məqsədi daşıyır. Vahid və dünyəvi geyim standartı sağlam rəqabətin, sosial ədalətin və yüksək intizamın təmin olunduğu müasir təhsil modelinin qurulmasında atılmış ən fundamental və zəruri addımlardan biridir”.
İlahiyyatçı Fəzil Əhməd məktəblərdə geyim qaydaları ilə bağlı müzakirələrə münasibət bildirib: “Məktəblərdə geyim mövzusu ilə bağlı verilən qərar qız uşaqlarının məktəbə hicabla gəlməsini qadağan edərsə, hələ ki, medianın iddiasıdır, Rusiya, Gürcüstan, Fransa, Almaniya, Norveç, İsveç və sair kimi xristian, dünyəvi və demokratik ölkələrdə belə bir qadağanın olmamasını əsas gətirərək cəmiyyətimizdə islamofobiyanın tərkib hissəsi kimi başa düşülə və cəmiyyətin narazılığına səbəb ola bilər. Qərb ölkələrində sifətin görünməsinə maneə olan niqabın qadağan edildiyi hallar var, hicab isə bundan fərqlidir”.

Fəzil Əhməd belə bir qadağanın tətbiq olunmasının müxtəlif sosial reaksiyalara səbəb ola biləcəyini vurğulayıb: “Tövsiyə edirəm ki, bu qərar Konstitusiyamıza və demokratik dəyərlərə zidd nəticələrə gətirib çıxaran qadağalarla nəticələnməsin. Çünki belə qadağalar, məhz hicab qadağası, istər-istəməz cəmiyyətdə xeyli insanın narazılığı ilə qarşılaşacaq. Narazı insanlar da fərqli formada fikir yürüdürlər. Kimisi mənim kimi öz fikrini normal, dinc formada ifadə edir. Kimisi isə hisslərə qapılaraq fikirlərini daha radikal formada ifadə edə bilər”.
Onun sözlərinə görə, hicabla bağlı qadağanın tətbiqi halında məsələ beynəlxalq müstəvidə də müzakirə oluna bilər. “Əgər bu qərar hicab qadağası ilə müşayiət olunsa, xarici media vasitələri, eləcə də Azərbaycanın qoşulduğu İslam tərəfdaşlığı ölkələrinin müxtəlif dairələri tərəfindən kəskin tənqidə səbəb ola bilər. Müxalifət mövqeyində olan bir çox xarici və daxili təşkilatlar, bloqerlər, yazarlar, jurnalistlər Azərbaycanda hüquq və azadlıqların pozulması mövzusunda kəskin çıxışlar edə bilərlər”.
Fəzil Əhməd hesab edir ki, belə bir qərarın cəmiyyətlə dövlət arasında münasibətlərə də təsiri ola bilər. “Bütün bunlar cəmiyyət ilə dövlət arasında uçuruma və öz dövlətinə qarşı səbəbsiz nifrətin yaranmasına səbəb ola bilər. Biz bilirik ki, hər bir verilən qərar baş vermiş hər hansı hadisə və motiv üzərindən verilir. Bu qərar əgər hicab qadağası ilə müşayiət olunarsa, ortada ciddi səbəb və motiv olmadığı halda, bir çoxları tərəfindən xarici qüvvələrin təsiri nəticəsində qəbul olunmuş qərar kimi də dəyərləndirilə bilər. Çünki heç bir insident və arqument olmadan məktəblərdə hicab qadağasına dair qərar verilməsi ‘Bu qərar hansı zərurətdən doğur?’ sualını yarada bilər”.
İlahiyyatçı sonda məsələyə ümidlə yanaşdığını bildirib: “Yenə də ümid edirəm ki, verilən qərar hicab məsələsini əhatə etməyəcək və dövlətimizin son illərdə nümunə olduğu tolerantlıq və multikultural dəyərləri tapdalayan addımlara səbəb olmayacaq”.
Nigar Xəlilli
11:00 23.09.2026
Oxunuş sayı: 100