Bu arıqlama çayları sizi məhvə aparır
Yaşıl çayın arıqlamağa kömək etdiyi fikri son illərdə geniş yayılıb. Tərkibindəki katexinlər və kofeinin maddələr mübadiləsinə müəyyən təsir göstərə biləcəyi ilə bağlı elmi araşdırmalar aparılıb. 2024-cü ildə dərc olunan sistematik icmal və meta-analizlər yaşıl çayın böyüklərdə çəkidə kiçik azalma yarada biləcəyini göstərsə də, nəticələrin sübut gücü aşağı qiymətləndirilib. Bu isə yaşıl çayın təkbaşına arıqladan vasitə olduğu anlamına gəlmir. Əldə olunan nəticələrdə çəki azalması adətən məhdud olub və uzunmüddətli təsirlərlə bağlı məlumatlar da kifayət qədər deyil. Bəs yaşıl çayın arıqlama prosesində real təsiri nə qədərdir və onu “arıqladan içki” kimi təqdim etmək nə dərəcədə doğrudur?
Crossmedia.az-a açıqlamasında qida eksperti Məhsəti Hüseynova arıqlamaq məqsədilə yaşıl çaydan həddindən artıq istifadə edilməsinin düzgün olmadığını bildirib. Onun sözlərinə görə, yaşıl çayın arıqlama prosesinə təsiri məhduddur və bu içkini arıqlama vasitəsi kimi qəbul etmək doğru deyil: “Bir çox hallarda insanlar tez bir zamanda çəki vermək üçün müxtəlif üsullara əl atırlar. Bəzən də bu, yaşıl çaydan çox istifadəni əhatə edir. Lakin bilmək lazımdır ki, yaşıl çay, digər bitki çayları və müxtəlif vasitələr təkbaşına arıqladan vasitə deyil. Bəzən onun arıqlamağa kömək etdiyi ilə bağlı fikirlər səslənsə də, bu təsirlər daha çox şişirdilir. Çünki yaşıl çayın tərkibində olan katexinlər, xüsusilə də kafein maddəsi enerjiyə daha tez çevrilməyə, qidanın daha tez həzm olunmasına və yağların oksidləşməsinə müəyyən təsir göstərsə də, bu təsir arıqlama üçün çox kiçikdir”.

Məhsəti Hüseynova yaşıl çayın sidikqovucu və işlədici təsirinin də ola biləcəyini diqqətə çatdırıb: “Bu xüsusiyyətlər orqanizmin normal funksiyalarına müdaxilə etdiyindən, qısa müddətdə hər hansı nəticə görünsə də, davamlı istifadədə vitamin və mineral itkisinə, bağırsaqların fəaliyyətinin pozulmasına, ishal və qəbizliyin bir-birini əvəz etməsinə gətirib çıxara bilər. Elmi araşdırmalarda yaşıl çayla kafeinin birlikdə istifadəsinin və yaxud yaşıl çayın tərkibinə əlavə edilməsinin arıqlama baxımından hər hansı təsdiqi tapılmayıb. Ona görə belə məqamlarda vasitələrin sağlamlığa mümkün təsirlərini nəzərə alaraq daha məntiqli yanaşmaq lazımdır”.
Ekspert davamlı olaraq arıqlamaq istəyən insanların yaşıl çayı gündəlik içki kimi qəbul etməsinin də tövsiyə olunmadığını bildirib: “Arada hər hansı bitki çaylarını içsələr belə, hər bir bitki çayının neytral olmayan xüsusiyyəti var. Məsələn, qara çay, nanə kimi bəzi çaylar fərqli xüsusiyyətlərə malikdir. Digər bitki çaylarının da tərkibindəki maddələrə görə fərqli təsirləri var və bu, hər insana eyni təsir göstərməyə bilər. Ona görə yaşıl çay arıqlamaq vasitəsi deyil. Onun tərkibindəki maddələr çəkinin azalmasına deyil, orqanizmin müxtəlif normal funksiyalarına təsir göstərə bilər. Buna görə elmi əsasları olmadığı halda yaşıl çaya arıqladıcı vasitə kimi baxılmamalıdır”.
Məhsəti Hüseynova sağlam şəkildə çəki vermək üçün əsas diqqətin qidalanma və həyat tərzinə yönəldilməsinin vacibliyini vurğulayıb: “Düzgün çəki vermək üçün balanslı qidalanma, fiziki aktivlik, yuxu rejimi və qida rasionunda düzgün, vitamin-mineral və qida dəyəri olan, sağlam hesab olunan qidalardan istifadə etmək lazımdır. Bu, sağlam çəkini saxlamağa və artıq çəkidən xilas olmağa kömək edə bilər. Orqanizmin gündəlik maye tələbatını ödəmək üçün əsasən su qəbul edilməlidir. Meyvə və tərəvəzlərin tərkibindəki maye, ayran da buna aid ola bilər. Hər kiloqram bədən çəkisinə görə 0,030 millilitr hesablaması ilə gündəlik maye miqdarını müəyyən etmək mümkündür”.
Nigar Xəlilli
13:30 22.09.2026
Oxunuş sayı: 29