ABŞ-dən Ukrayna danışıqları ilə bağlı mesaj: Ərazi məsələsi düyünə çevrilib
ABŞ Prezidenti Donald Trampın kürəkəni Cared Kuşner Ukrayna münaqişəsinin nizamlanması üzrə danışıqlarda ən mürəkkəb məsələnin ərazi mübahisəsi olduğunu bildirib.
Crossmedia.az xəbər verir ki, Kuşner bu barədə Kiyevdə keçirilən Yalta Avropa Strategiyası (YES) toplantısında danışıb.
Onun sözlərinə görə, ərazi məsələsi qismən cəbhədəki vəziyyətdən asılıdır və Rusiya ilə Ukraynanın bu məsələdə mövqeləri hələ də fərqlənir. Kuşner ABŞ-nin Rusiya və Ukrayna arasında üçtərəfli danışıqların keçirilməsinə çalışdığını da bildirib.
Qeyd edək ki, Kuşner və ABŞ-nin xüsusi nümayəndəsi Stiv Uitkoff sentyabrın 5-də Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşüb. Ertəsi gün onlar Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə danışıqlar aparıblar.
Kiyevdəki görüşlərdə müharibənin dayandırılması ilə yanaşı, Ukraynanın təhlükəsizlik və iqtisadi təminatları məsələləri də müzakirə olunub. Görüşlərdən sonra tərəflər danışıqların davam etdirilməsi ilə bağlı nikbin açıqlamalar versələr də, ərazi məsələsində konkret razılaşma əldə olunmayıb.
12:16 13.09.2026
Oxunuş sayı: 48