“Prezident İlham Əliyevə və hörmətli Mehriban xanıma minnətdarlığımı bildirirəm” - Nobel mükafatı laureatı Əziz Səncər
Sentyabrın 8-də AMEA-nın Rəyasət Heyətinin iclas zalında Azərbaycan Milli Elmlər Akademiyasının fəxri üzvü, dünya şöhrətli görkəmli alim, Nobel mükafatı laureatı, professor Əziz Səncərin 80 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi konfrans keçirilib.
Crossmedia.az xəbər verir ki, konfransa onlayn qoşulan professor Əziz Səncər geniş nitq ilə çıxış edib.
Həmin nitqi təqdim edirik:
“Fəaliyyətimə yüksək qiymət verdiyi və məni “Şöhrət” ordeni ilə təltif etdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanıma minnətdarlığımı bildirirəm.
Mənə dəyər verdiyiniz və 80 illik yubileyimi qeyd etdiyiniz üçün Sizlərə də minnətdarlığımı bildirirəm. Mənim üçün çox gözəl sözlər söylədiniz, çox sağ olun, təşəkkür edirəm.
Bəli, mən türk elminə xidmət etmişəm. Lakin məndən soruşsanız, Qarabağı azad etmək üçün canını verən azərbaycanlı əsgərlərimiz mənim qədər türklük üçün fədakarlıq etmişdir. Bunu heç vaxt unutmayın. Qarabağ həmişə mənim ağlımdadır. Qarabağın azad edilməsi mənim üçün, Türk dünyası üçün bir dönüş nöqtəsidir. Çünki Türkiyə Cümhuriyyətinin 1922-ci ildə düşməni Türkiyədən təmizləməsi və 2020-ci ildə Azərbaycanın Qarabağı işğaldan azad etməsi ilə biz Türk dünyası olaraq artıq vətənimizə sahib olduq. Bundan sonra bizə düşən elm yaratmaq və sivilizasiya sahəsində, sivilizasiyada qabaqcıl dövlətlər səviyyəsinə çatmaqdır. Bu baxımdan Qarabağ müharibəsində şəhid olan, qazi olan övladlarımızı, qardaşlarımızı heç vaxt unutmayın. Mən unutmuram. Ümid edirəm ki, heç bir azərbaycanlı qardaşım da unutmaz. Bu, mənim həmişə ağlımdadır.
Təbii ki, bir elm adamı olaraq mənim elm haqqında xüsusi fikirlərim var. Biz Türk dünyası olaraq böyük insan gücünə sahibik. Çox istedadlı gənclərimiz var. Bu gənclərə imkan verib onları elmə yönəltsək və çalışmalarını təşviq etsək, Türk dünyasının elmdə dünyanın ən qabaqcıl səviyyəsinə çata biləcəyinə inanıram.
Biz keçmişimizlə fəxr edirik. Özbəkistandan Azərbaycana, Türkiyəyə, Balkanlara qədər bizim böyük bir keçmişimiz var. Lakin Türk dünyası keçmişdə elmə və insanların ortaq sivilizasiyasına böyük töhfələr verməsinə baxmayaraq, yaxın zamanlarda bunu edə bilməmişdir. Biz keçmişlə öyünməklə heç bir yerə çata bilmərik. Biz bu gün nə edəcəyimizlə, nə etdiyimizlə fəxr etməliyik və buna görə elmə və texnologiyaya ağırlıq verməliyik.
Uşaqlarımıza kiçik yaşlardan etibarən təcrübə aparmağı və sual verməyi öyrətməli, qız və oğlan uşaqlarımıza eyni təhsil imkanlarını təmin etməliyik. Elm adamlarına ləyaqətə əsaslanan imkanlar və azad iş mühiti yaratmalıyıq.
Türk dövlətlərindən məqsədim Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Şimali Kipr Türk Cümhuriyyəti, Özbəkistan, Türkiyə və Türkmənistanın universitetləri, araşdırma mərkəzləri, düşüncə institutları və elm adamları arasındakı əməkdaşlığı gücləndirməkdən ibarətdir. Düşüncə qurumlarımızın elmi biliklə qərarvermə prosesləri arasında güclü bir körpü qurması Türk dünyasının gələcəyi baxımından əhəmiyyətlidir.
Bir-birimizi tanımalı, birlikdə araşdırma aparmalı və xüsusilə gənc elm adamlarımızın ortaq çalışmalar aparmasının, birlikdə istehsal etməsinin qarşısını açmalıyıq.
Mənim üçün ən mühüm məsələlərdən biri Türk dünyasının inkişafı və türk gənclərinin elmdə ən yüksək sıralarda yer almasıdır. Bunun yolu bəllidir: Elm yaradacağıq və elm yaratmaq üçün də çox çalışacağıq.
Bakıdakı bu toplantının Türk dünyasında elm, təhsil və texnologiya əməkdaşlığının daha da güclənməsinə töhfə verməsini arzulayıram. Ümid edirəm ki, bütün Türk və Azərbaycan xalqı bu toplantıdan xəbərdardır və ya dinləyirlər. Ortaq çalışmamız və ya elmi inkişaf etdirməyimiz lazımdır.
Mən, əlbəttə, bir müəllim olaraq saatlarla danışa bilərəm. Lakin burada sözü qısa kəsirəm. Sözümü bitirməzdən əvvəl, bildirmək istəyirəm ki, azərbaycanlıların hamısı mənim qardaşımdır.
Azərbaycan haqqında, Türk dünyası haqqında deyəcəyim şeylər çoxdur. İnşallah, yenidən fürsət olar, sizləri ziyarət edərəm və üz-üzə danışar, bunları müzakirə edərik.
Kosovodan Kaşqara qədər türk vardır. Ümid edirəm ki, bunu hamınız ağlınızda saxlayarsınız. Türk yalnız Türkiyədə deyil, yalnız Azərbaycanda deyil, Kosovodan Kaşqara qədər uzanan böyük bir insan topluluğudur və bu böyük topluluğun həm böyük maddi, həm də insani gücü vardır. Onlardan istifadə etməli və dünyanın ən qabaqcıl dövlətləri ilə rəqabət apara biləcək vəziyyətə gəlməliyik.
İnşallah... 80 yaşındayam, Allah nə qədər ömür verərsə, o qədər yaşayaram, amma inşallah, həyatımda bunun təsirini görərəm.
Sağ olun, var olun.
Tanrı Türkü qorusun”.
22:22 08.09.2026
Oxunuş sayı: 52