Yalçın Rəfiyev: Azərbaycan COP29 zamanı şəffaflığın siyasi səviyyədə əhəmiyyətinin artırılması istiqamətində aktiv fəaliyyət göstərib
Milli Səviyyədə Müəyyən Edilən Töhfələr (NDC) ölkələrin ekoloji hədəflərini və hansı istiqamətdə irəliləmək niyyətində olduğunu, İkiillik Şəffaflıq Hesabatları (BTR) isə bu yolda artıq nə qədər məsafə qət edildiyini əks etdirir.
Crossmedia.az xəbər verir ki, bunu Azərbaycan xarici işlər nazirinin müavini, COP29-un Baş danışıqçısı Yalçın Rəfiyev “Bakı İqlim Fəaliyyəti Həftəsi 2026”nın açılış mərasimində deyib.
Onun sözlərinə görə, Azərbaycan COP29 zamanı şəffaflığın siyasi səviyyədə əhəmiyyətinin artırılması istiqamətində aktiv fəaliyyət göstərib və tərəfləri ilk İkiillik Şəffaflıq Hesabatlarını təqdim etməyə təşviq edib.
“Azərbaycan, həmçinin inkişaf etməkdə olan ölkələrə Gücləndirilmiş Şəffaflıq Çərçivəsinin həyata keçirilməsində dəstək göstərmək məqsədilə Bakı Qlobal İqlim Şəffaflığı Platformasını yaradıb. NDC-lər bizə ölkələrin irəliləmək niyyətində olduğu istiqaməti deyir. BTR-lər isə əslində nə qədər irəlilədiyimizi göstərir. Maliyyə bu ikisi arasındakı məsafəni azaltmağa kömək edir. Ambisiya, şəffaflıq və maliyyə üçbucağı iqlim öhdəliklərinin həyata keçirilməsinin təməli olmalıdır”, – deyə Y.Rəfiyev vurğulayıb.
Y.Rəfiyev növbəti BTR dövrü ərəfəsində tərəfləri ikinci İkiillik Şəffaflıq Hesabatlarını vaxtında hazırlamağa və təqdim etməyə çağırıb.
11:47 07.09.2026
Oxunuş sayı: 44