Nepal və Tibetdə sel fəlakəti: 768 nəfər ölüb, 3 mindən çox insan itkin düşüb
Nepal və Tibetdə xilasedicilər minlərlə insanın itkin düşməsinə səbəb olan dağıdıcı sel fəlakətindən sonra axtarış-xilasetmə işlərini davam etdirirlər.
Crossmedia.az CNN-ə istinadən xəbər verir.
Himalay sərhəd bölgəsində baş verən fəlakət nəticəsində yaşayış məntəqələri sel suları altında qalıb. Xilasedicilər yeni daşqın təhlükəsi fonunda palçıq və çətin relyef şəraitində əməliyyat aparırlar.
Nepalın Milli Fəlakət Risklərinin Azaldılması və İdarə Edilməsi İdarəsi Bhotekoshi çayında suyun səviyyəsinin daha da yüksəldiyini açıqlayıb və xilasedicilərə ehtiyatlı olmaları barədə xəbərdarlıq edib. Ölkə əhalisinə daşqınla bağlı xəbərdarlıqlar mobil telefonlar vasitəsilə göndərilib.
İndiyədək Nepalda 3 700-dən çox insan xilas edilib. Son məlumatlara əsasən, ölkədə 3 048 nəfər itkin düşüb, 768 nəfərin öldüyü təsdiqlənib. Çay sularının bəzi cəsədləri Nepal ərazisindən Hindistana qədər sürüklədiyi bildirilir.
Çindəki rəsmilər isə 16 nəfərin öldüyünü, 546 nəfərin itkin düşdüyünü açıqlayıb. İtkinlər arasında 261 xarici vətəndaşın olduğu bildirilir. Onların 104-ü Nepal, 49-u Hindistan, 33-ü Latviya, 18-i ABŞ və 15-i Böyük Britaniya vətəndaşıdır.
Nepalda xilasedicilər Trishuli 3A hidroelektrik stansiyasının tunelində olduğu ehtimal edilən 100-dən çox işçini xilas etmək üçün əməliyyat aparırlar. Nepal ordusu həftəsonu tunelə boru yerləşdirərək içəri hava ötürməyə başlayıb.
Nepalın daxili işlər naziri Sudan Qurunq bildirib ki, tunelin kiçik girişindən artıq hava verilir və işçilərə çatmaq üçün qazıntı işlərinə başlanılacaq. Axtarışlar Trishuli 3A və 3B hidroelektrik stansiyalarında davam etdirilir.
Nepalın fəlakət idarəsinin məlumatına görə, itkin düşənlər arasında ümumilikdə 933 hidroenergetika işçisi var.
Fəlakət nəticəsində ölənlərin şəxsiyyətinin müəyyənləşdirilməsi üçün də işlər aparılır. Nepal hakimiyyəti yüzlərlə meyitin DNT nümunələrini götürdükdən sonra dəfn edilməsinə başlayıb. Bu üsul gələcəkdə ailələrə yaxınlarının cəsədlərini müəyyənləşdirərək onları geri götürməyə və ənənəvi dəfn mərasimlərini keçirməyə imkan verəcək.
ABŞ Geoloji Xidmətinin məlumatına görə, çərşənbə günü səhər baş verən fəlakət buzlaqın çökməsi nəticəsində yaranıb. Bunun ardınca böyük həcmdə su və dağıntı kütləsi çay yatağı boyunca aşağı istiqamətdə hərəkət edərək yaşayış məntəqələrini basıb.
Nepalın xarici işlər naziri Şişir Khanal isə iqlim böhranına qarşı beynəlxalq səviyyədə tədbirlər görülməsinə çağırıb. O bildirib ki, qlobal emissiyalara töhfəsi cəmi 0,1 faiz olan Nepal iqlim dəyişikliyinin nəticələrindən ən çox zərər çəkən ölkələrdən biridir.
18:14 30.08.2026
Oxunuş sayı: 69