Husilərin hücumları nəticəsində Səudiyyə Ərəbistanında 17 nəfər ölüb
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi Ərəb Koalisiyası husilərin oktyabrın 7-dən 11-dək Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanına 20 hücum təşkil etdiyini, nəticədə 17 nəfərin öldüyünü, 333 nəfərin yaralandığını açıqlayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Koalisiyanın sözçüsü, general-mayor Türki əl-Maliki Ər-Riyadda keçirdiyi mətbuat konfransında bildirib ki, hücumların 10-u ballistik raketlər, digər 10-u isə pilotsuz uçuş aparatları ilə həyata keçirilib.
Əl-Maliki hücumların mülki şəxslərə, o cümlədən ümrə ziyarəti üçün Səudiyyə Ərəbistanına gələn insanlara təhlükə yaratdığını qeyd edib. Onun sözlərinə görə, husilər bu gün də Mədinə bölgəsini qanadlı raketlə hədəfə alıblar.
Koalisiya nümayəndəsi husilərin hava limanları, limanlar və neft obyektləri də daxil olmaqla, Səudiyyə Ərəbistanının müxtəlif mülki infrastruktur obyektlərinə hücumlar təşkil etdiyini bildirib.
Əl-Maliki indiyədək Səudiyyə Ərəbistanına qarşı 1104 raket və 1135 pilotsuz uçuş aparatı hücumunun müəyyən edildiyini açıqlayıb. O, hava limanlarına yönələn hücumlarda ümumilikdə 19 mülki şəxsin öldüyünü, 364 nəfərin yaralandığını da bildirib.
Koalisiyanın sözçüsü Yəməndə husilərə məxsus raket anbarlarına hava zərbələri endirildiyini deyib. Onun sözlərinə görə, Səna, Əmran və Səədə vilayətlərinin dağlıq ərazilərində yerləşən silah-sursat anbarları hədəfə alınıb və 127 raket anbarı məhv edilib.
Əl-Maliki həmçinin Qırmızı dəniz sahilindəki Hudeydə vilayətində və digər ərazilərdə hücum məqsədilə istifadə edildiyini iddia etdiyi neft anbarlarına zərbələr endirildiyini bildirib.
20:16 15.10.2026
Oxunuş sayı: 57