Uşaqları uçuruma aparan yol - hansı tədbirlər görülməlidir?
Bakı şəhərində quldurluqda təqsirləndirilən iki şəxslə bağlı məhkəmə prosesi yekunlaşıb. Onların kassasiya şikayəti Ali Məhkəmədə təmin edilməyib və əvvəlki qərar dəyişdirilmədən saxlanılıb. Gənc yaşda şəxslərin bu cür cinayətlərə cəlb olunması isə məsələnin yalnız hüquqi deyil, həm də psixoloji tərəflərini gündəmə gətirir. Xüsusilə kriminal həyat tərzinin gənclər arasında necə qəbul edilməsi və onların davranışlarına təsiri diqqət çəkən məqamlardandır.
Mövzu ilə bağlı psixoloq Gülnar Orucova Crossmedia.az-a açıqlamasında bildirib ki, gənclərin kriminal həyat tərzinə maraq göstərməsi bir neçə səbəbdən asılıdır:
“Bu səbəblərdən biri sosial mediadır. Sosial mediada bu cür insanlar sanki örnək kimi göstərilir. Bəzən baxıram bir müğənni deyir ki, filankəs mənim dostumdur və onu öyə-öyə danışır. Ona sanki cəmiyyətin sayılıb-seçilən insanı kimi yanaşır. Bu cür insanlar fərqli yollarla qazandıqları və daha üstün həyat yaşadıqları görüntüsü yaradırlar. Cəmiyyətdə bəzi insanlar onlardan çəkinir. Kimisə döyməklə, hədə-qorxu gəlməklə, öldürməklə önə çıxmaları xüsusilə yeniyetmələrə daha maraqlı görünür. Bəzi mahnılarda da həmin insanlar təmsil olunur. Əyləncə mərkəzlərində, avtomobillərdə bu mahnılar səsləndirilir. Bunlar da gəncləri kriminal aləmə cəlb edir. Onların işlətdiyi ləqəbləri özlərinə qoymağa çalışırlar. Onların yaşadığı həyat tərzi maraqlı gəldiyi üçün belə hallar baş verir. Gənc yaşda, təbii ki, yaşıdların da təsiri var. Yeniyetmə yaşıdları arasında daha çox önə çəkilmək, öndə görünmək və özünü böyümüş kimi təqdim etmək istəyir. Uşaqların zərərli vərdişlərə yiyələnməsinin səbəblərindən biri də özlərini böyük kimi görmələridir. Məsələn, siqaret çəkmək onlar üçün özünü böyük kimi göstərmək anlamına gələ bilər. “Atam siqaret çəkir, deməli, o böyükdür. Mən də siqaret çəkirəmsə, mən də böyüyəm” düşüncəsi formalaşa bilər”.

Psixoloq qeyd edib ki, ailədə zorakılıq görən uşaqlar cəmiyyətə sevgi və qayğı deyil, şiddət və zorakılıq gətirə bilərlər. Onun sözlərinə görə, özünəinamın aşağı yaşlardan formalaşdırılması da çox vacibdir: “Özünəinamı olmayan yeniyetmə hansısa qrupun tərkibinə qoşulmaq istəyir ki, cəmiyyətdə özünü daha güclü göstərsin. Orta məktəblərdə bu cür uşaqlar artıq aşağı yaşlardan özlərini göstərməyə başlayırlar. Bir dəfə beşinci sinifdə uşaq şüşə götürüb gəlmişdi ki, hansısa uşağı öldürəcək. Ondan əvvəl də davranışlarını göstərirdi. Dördüncü sinifdə uşaqları döyürdü. Amma o, şüşə götürüb gələndə artıq bu barədə uşaq psixoloqlarına məlumat verilməli idi. Uşaq psixoloqlarının işi məhz bu cür halların qarşısını almaqdır. Bu gün uşaq psixoloqları azyaşlılarla işləyirlər və bunun üçün əməkhaqqı alırlar. Belə halları gizlətmək və uşağı məktəbdən çıxmağa məcbur etmək problemin həlli deyil. O uşaq bir məktəbdən çıxıb digərinə gedəndə davranışlarını da özü ilə aparır. O biri məktəbdə də eyni hərəkətləri edə bilər. Direktorlar bildirməlidirlər ki, məktəbdə bu cür problemli uşaqlar var. Türkanda çətin tərbiyə olunan uşaqlar üçün məktəb var. Belə uşaqlar orada təhsil almalıdırlar. Orada psixoloqlar işləyir, kişi müəllimləri daha çoxdur və uşağın bu cür hərəkətlərə yol vermə ehtimalı daha aşağıdır. Əgər bu gün hər hansı bir uşaq cinayətə qoşulursa, onun təhsil aldığı məktəbə və yaşadığı ailəyə də baxmaq lazımdır. Çünki uşaq məhz bu mühitlərdə formalaşır. Məktəb gizlədir, ailə ört-basdır edir. Məsələn, Əhməd ondan əvvəl də cinayətlər edib, amma savadlı, ziyalı anası bunu ört-basdır edib. Nəticədə isə çox ağır hadisə baş verdi və ailəsi məhv oldu. Ona görə də uşaqları lap kiçik yaşlardan nəzarətdə saxlamaq lazımdır”.
Nuray Mehtiyeva
19:45 27.08.2026
Oxunuş sayı: 48