Türkiyə-İsrail arasında münasibətlər kəskinləşir - Azərbaycan vasitəçi olacaq
Suriyada hərbi gərginliyin artması Türkiyə ilə İsrail arasında mümkün qarşıdurma riskini yenidən gündəmə gətirib. Azərbaycan Ankara və Təl-Əvivlə münasibətlərindən istifadə edərək tərəflər arasında gərginliyin azaldılması istiqamətində diplomatik səylər göstərir. Məlumata əsasən, Bakının bu prosesdə rolu 2025-ci ilin aprelində Türkiyə və İsrail nümayəndə heyətləri arasında keçirilən birbaşa görüşlərə ev sahibliyi etməsindən sonra daha da aktuallaşıb. Həmin təmasların Suriyada mümkün hərbi insidentlərin qarşısının alınması üçün koordinasiya mexanizminin yaradılmasına zəmin yaratdığı bildirilir.
Milli Məclisin deputatı Ceyhun Məmmədov Crossmedia.az-a açıqlamasında Azərbaycanın hər iki ölkə ilə münasibətlərinin yüksək səviyyədə olduğunu və bu amilin vasitəçilik üçün mühüm imkan yaratdığını bildirib: “Bu gərginlik ilk dəfə deyil yaşanır. Əvvəlki dövrdə də İsraillə Türkiyə arasında müəyyən gərginlik olub. Nəzərə alsaq ki, əvvəlki dövrdə də Azərbaycan bu rolu oynaya bilib və prosesə töhfə verə bilib, hesab edirəm ki, hazırkı dövrdə də bu prosesdə ən uğurlu vasitəçilərdən biri Azərbaycan ola bilər”.

Deputatın sözlərinə görə, Azərbaycanın həm İsraillə, həm də Türkiyə ilə yüksək səviyyəli əlaqələri ölkəyə bu prosesdə xüsusi imkanlar verir: “Azərbaycanın həm İsraillə, həm də Türkiyə ilə çox yaxşı əlaqələri var. Cənab Prezidentin rəhbərliyi ilə Azərbaycanın həyata keçirdiyi siyasət nəticəsində hər iki dövlətlə münasibətlərimiz yüksək səviyyədədir. Azərbaycan ümumiyyətlə, bir dövlətlə münasibətlərini həmin dövlətin digər dövlətlə münasibətləri əsasında qurmur. Azərbaycan müstəqil siyasət həyata keçirir. Bu baxımdan düşünürəm ki, Azərbaycan bu prosesdə ən uğurlu vasitəçilərdən biri ola bilər və prosesə özünün ən yaxşı töhfəsini verə bilər”.
Nigar Xəlilli
20:20 27.08.2026
Oxunuş sayı: 50