Kamçatkada təhlükə: turistlər təxliyə edilir, ARALARINDA AZƏRBAYCANLI VAR
Rusiyanın Kamçatka diyarında Tolbaçik vulkanına gedən yolun yuyulması nəticəsində turist marşrutunda 149 nəfər köməksiz vəziyyətdə qalıb.
Crossmedia.az xəbər verir ki, Kamçatka diyarının regional hökumətinin mətbuat xidməti bu barədə məlumat yayıb.
Bildirilib ki, turistlərin təxliyəsi üçün əməliyyat başladılıb. Onlardan 15-i yeniyetmə olmaqla 117 turist helikopterlərlə ərazidən çıxarılır. Digər 32 nəfər isə sürücülərdən ibarətdir və onlar nəqliyyat vasitələri ilə birlikdə ərazidə qalırlar.
Məlumata görə, turistlərin ilk qrupu artıq helikopterlə ərazidən çıxarılıb, ikinci qrupun isə helikopterə mindirilməsi üçün hazırlıq görülür. Təxliyə olunan şəxslər daha sonra avtobuslarla Petropavlovsk-Kamçatski şəhərinə çatdırılacaqlar.
Qeyd edək ki, müxtəlif ölkələrin vətəndaşlarından ibarət turist qrupunun tərkibində Azərbaycan vətəndaşı Tatyana Dolivets də olub. Qrup Kamçatka yarımadasındakı Tolbaçik vulkanına səfər zamanı əlverişsiz hava şəraiti səbəbindən çətin vəziyyətlə üzləşib.
11:31 23.08.2026
Oxunuş sayı: 53