Krivoy Roq hadisəsi Avropanı sərt addımlar atmağa məcbur edib
Fransa Ukraynaya müdafiə dəstəyini gücləndirəcək və xüsusilə əlavə raket əleyhinə müdafiə vasitələri təqdim edəcək.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron “X” sosial şəbəkəsində bildirib.
O qeyd edib ki, Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığı zamanı Krivoy Roqa edilən Rusiya hücumunu müzakirə edib.
Makron bildirib ki, Fransa lideri kimi bu hücumdan dəhşət və dərin narahatlıq hiss etdiyini Zelenskiyə çatdırıb. Onun sözlərinə görə, Krivoy Roq və Kiyevdə baş verən son hücumlarla Rusiya təcavüzünü davam etdirir və gücləndirir.
Fransa prezidenti vurğulayıb ki, Ukraynaya hava məkanını qorumaq və Rusiya hücumlarının qarşısını almaq üçün lazımi vasitələr təqdim edilməlidir. O, Ukraynaya əlavə ələkeçirici raketlər göndəriləcəyini bildirib, lakin onların konkret növünü açıqlamayıb.
Makron həmçinin digər ölkələri də Ukraynanın hava müdafiəsinin gücləndirilməsi səylərinə qoşulmağa çağırıb. O qeyd edib ki, Rusiya hərbi əməliyyatları dayandırmaqdan imtina etdiyi müddətdə Moskvaya təzyiqlər artırılmalıdır.
Xatırladaq ki, Krivoy Roqda ticarət mərkəzinə edilən hücum nəticəsində ölən və yaralananların olduğu bildirilib. Ukrayna Prezidenti Volodimir Zelenski hücumun təkrar həyata keçirildiyini və xilasedicilər hadisə yerində işləyərkən ikinci zərbənin endirildiyini açıqlayıb.
17:52 22.08.2026
Oxunuş sayı: 69