Somali quldurları neft məhsulları daşıyan tankeri ələ keçirdi
Somali quldurları Yəmən sahilləri yaxınlığında neft məhsulları daşıyan tankeri ələ keçirib. Bu, aprel ayından bəri Aden körfəzi və Hind okeanının qərb hissəsində quldurların nəzarətə götürdüyü altıncı kommersiya gəmisidir.
Crossmedia.az xəbər verir ki, “Associated Press” bu barədə Somali dəniz təhlükəsizliyi xidmətinin nümayəndəsinə istinadən məlumat yayıb.
Onun sözlərinə görə, cümə axşamı altı silahlı quldur Eritreya bayrağı altında üzən M.T. Sibu 1 tankerini Yəmənin Əl-Mükəlla şəhərindən təxminən 136 dəniz mili, yəni 252 kilometr şərqdə ələ keçirib.
Bundan sonra tanker Somalinin Puntland regionunun sahilləri istiqamətində hərəkət edib.
Tankerin göyərtəsində 20 ekipaj üzvü olub. Onlardan 16-sı Hindistan vətəndaşı, digərləri isə Suriya, Sudan və İraq vətəndaşlarıdır. Daha bir dənizçinin vətəndaşlığı hələ müəyyənləşdirilməyib.
Gəmi BƏƏ-də yerləşən Qatrat Alnada Almasi Ship Management şirkəti tərəfindən idarə olunur. Tanker ötən il ABŞ-nin Maliyyə Nazirliyinin sanksiyalarına məruz qalıb. Vaşinqton gəminin ABŞ-nin sanksiyalarından yan keçərək neft məhsullarının daşınmasında istifadə edilən İranın “kölgə donanması”na aid olduğunu iddia edib.
M.T. Sibu 1 tankerinin ələ keçirilməsi quldurların Somali sahillərində Kamerun bayrağı altında üzən Lutuf yük gəmisini ələ keçirməsindən cəmi üç gün sonra baş verib. Həmin gəmidə Hindistan, Türkiyə və Gürcüstan vətəndaşları, həmçinin iki serbiyalı mühafizəçi də daxil olmaqla 10 nəfər olub.
Yeni piratçılıq dalğasının başladığı 21 aprel tarixindən bu yana ümumilikdə altı kommersiya gəmisi ələ keçirilib. Hücumların isə Somali sahillərindən getdikcə daha uzaq ərazilərdə baş verdiyi bildirilir.
Beynəlxalq Dəniz Bürosu 2026-cı ilin ilk yarısında dünya üzrə gəmilərə qarşı 38 piratçılıq və silahlı hücum faktı, o cümlədən beş gəmi ələ keçirmə hadisəsi qeydə alıb. Bu dövrdə dənizçilərin girov götürülməsi hallarının 94 faizi Somali quldurlarının payına düşüb.
Puntland hakimiyyəti piratçılıq fəaliyyətinin yenidən artmasında regional hakimiyyətin nəzarətindən kənarda olan qüvvələrin iştirak edə biləcəyini bildirib. Lakin söhbətin hansı qruplaşmalardan və ya ölkələrdən getdiyi açıqlanmayıb.
14:41 22.08.2026
Oxunuş sayı: 61