Pentaqon “Stars and Stripes” qəzetinin rəhbərlərini işdən çıxardı
Pentaqon hərbi qulluqçular üçün nəşr olunan “Stars and Stripes” qəzetinin baş redaktoru Erik Slavin və Yaxın Şərq üzrə müxbir Lara Korteni redaksiya müstəqilliyini müdafiə edən açıqlamalarından sonra işdən çıxarıb.
Crossmedia.az xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.
Eyni zamanda qəzetin naşiri Maks Lederer də vəzifəsindən azad edilib. O, daha əvvəl təqaüdə çıxacağını açıqlamışdı.
Slavin “Associated Press”ə bildirib ki, CBS telekanalına verdiyi müsahibədən sonra ona itaətsizlik səbəbilə işdən çıxarılması barədə bildiriş göndərilib. Jurnalist müsahibəsində ABŞ Müdafiə Nazirliyinin redaksiyanın fəaliyyətinə mümkün müdaxiləsinə qarşı çıxıb.
Slavin “Stars and Stripes” qəzetinin redaksiya müstəqilliyini qorumasının vacibliyini vurğulayıb. Onun sözlərinə görə, bu müstəqillik qanunla və ABŞ Müdafiə Nazirliyinin öz qaydaları ilə təmin edilir.
Lara Korte də işdən çıxarıldığını təsdiqləyib. O, sosial şəbəkədə CBS jurnalistinə “Stars and Stripes” üçün işlədiyini, Pentaqon, administrasiya və ya hər hansı siyasətçi üçün çalışmadığını dedikdən sonra itaətsizlik ittihamı ilə vəzifəsindən uzaqlaşdırıldığını bildirib.
ABŞ Milli Mətbuat Klubunun prezidenti Mark Şoff Jr. Slavinin işdən çıxarılmasını Pentaqonun silahlı qüvvələrin fəaliyyətinin işıqlandırılmasına nəzarət etmək cəhdinin növbəti nümunəsi adlandırıb və qərarın ləğvinə çağırıb.
“Stars and Stripes” ətrafında vəziyyət Pentaqonun nəşrə nəzarəti artırmaq istiqamətində atdığı addımlardan sonra gərginləşib. Bir neçə həftə əvvəl ABŞ Hərbi Dəniz Qüvvələrinin kapitanı Uilyam Urban qəzetin naşir müavini təyin edilib. Məlumata görə, Maks Lederer bu təyinat barədə əvvəlcədən məlumatlandırılmayıb.
Lederer isə qəzetdəki fəaliyyətini Müdafiə Nazirliyinin yeni rəhbərliyinin “Stars and Stripes” qəzetinin missiyası və dəyərləri ilə bağlı mövqeyi ilə fundamental fikir ayrılıqları səbəbindən başa vurduğunu bildirib. O, nəşrdə təxminən 30 il çalışıb və 2007-ci ildən naşir vəzifəsini tutub.
Yanvar ayında ABŞ müdafiə naziri Pit Heqsetin nümayəndəsi Şon Parnell “Stars and Stripes” qəzetinin əsas diqqətini hərbi qulluqçulara yönəltməli olduğunu bildirib. O, nəşrin müharibənin aparılması, silahlanma, döyüş hazırlığı və ordunun döyüş qabiliyyəti ilə bağlı məsələlərə üstünlük verməli olduğunu qeyd edib.
Apreldə Pentaqon qəzetin redaksiya müstəqilliyini təmin etməli olan ombudsman Jaklin Smiti də işdən çıxarıb.
Nəşrin naşir müavini Uilyam Urban isə “Associated Press”ə bildirib ki, hərbi qulluqçular, onların ailələri və hərbi icma üçün müstəqil jurnalistikanın təmin edilməsi istiqamətində işi davam etdirəcək. Onun sözlərinə görə, prioritetlərdən biri qəzetin rəqəmsal formatının inkişaf etdirilməsi olacaq.
Bununla belə, Urbanın “Stars and Stripes” qəzetinin yeni naşiri olub-olmayacağı hələlik məlum deyil.
13:36 22.08.2026
Oxunuş sayı: 58