Kosta Rika Azərbaycanla münasibətlərin daha da inkişaf etdirilməsində maraqlıdır
Kosta Rika Azərbaycanla münasibətlərin daha da inkişaf etdirilməsində maraqlıdır.
Crossmedia.az xəbər verir ki, Azərbaycanın Kosta Rikadakı səfirliyindən verilən məlumata görə, bunu Kosta Rika Prezidenti Laura Fernandes Azərbaycanın yeni səfiri Seymur Fətəliyevin etimadnaməsini qəbul edərkən deyib.
Bildirilib ki, səfir Azərbaycan Prezidenti İlham Əliyevin səmimi salamlarını və xoş arzularını Kosta Rika Prezidentinə çatdırıb. Prezident Laura Fernandes təşəkkürünü ifadə edərək səmimi salamlarının Azərbaycan Prezidentinə çatdırılmasını xahiş edib.
Görüş zamanı səfir regionda baş verən son geosiyasi proseslər və formalaşmaqda olan yeni reallıqlar fonunda Azərbaycanın artan rolu, ölkənin iqtisadi potensialı və əlverişli investisiya mühiti barədə Laura Fernandesi məlumatlandırıb. Həmçinin Azərbaycan ilə Ermənistan arasında sülh gündəliyi çərçivəsində əldə olunmuş mühüm irəliləyişlər barədə məlumat verib.
Prezident Laura Fernandes Azərbaycan ilə Ermənistan arasında sülh prosesində əldə olunmuş nailiyyətlər münasibətilə təbriklərini çatdırıb. O, prezidentlik müddəti ərzində Kosta Rika ilə Azərbaycan arasında mövcud dostluq və qarşılıqlı əməkdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsi istiqamətində birgə səylərin davam etdirilməsinə hazır olduğunu bildirib. Kosta Rika Prezidenti Azərbaycan səfirinə diplomatik fəaliyyətində uğurlar arzulayıb.
Səfir Heydər Əliyev Fondu tərəfindən nəşr etdirilmiş "Azərbaycan. Təbiətin sehrində" kitabını Laura Fernandesə təqdim edib.
23:30 21.08.2026
Oxunuş sayı: 51