Xərçəngə qarşı yeni vaksin uğur qazandı
Melanomaya qarşı hazırlanan fərdiləşdirilmiş mRNT vaksini klinik sınaqlardan keçib.
Crossmedia.az xəbər verir ki, ˝CNN˝-in məlumatına görə, Moderna və Merck şirkətlərinin hazırladığı vaksin Keytruda immunoterapiyası ilə birlikdə sınaqdan keçirilib.
Tədqiqatda cərrahi yolla şişi çıxarılmış, xəstəliyin 2B-4-cü mərhələsində olan və yüksək risk qrupuna daxil edilən 1137 pasiyent iştirak edib. Onlar iki qrupa bölünüb: bir qrup bir il ərzində immunoterapiya ilə yanaşı fərdiləşdirilmiş vaksini, digər qrup isə yalnız immunoterapiya qəbul edib.
Aralıq nəticələrə görə, kombinasiya beş il ərzində melanomanın təkrarlanması və ya xəstənin ölüm riskini 49 faiz azaldıb. Müalicənin xərçəngin digər orqanlara yayılmasının qarşısının alınmasında da müsbət nəticə göstərdiyi bildirilib.
Vaksin hər pasiyent üçün fərdi hazırlanır. Bunun üçün xəstənin şişində aşkar edilən mutasiyalar analiz edilir və həmin məlumat əsasında xüsusi mRNT vaksini hazırlanır. mRNT hüceyrələrə müəyyən genetik məlumat ötürən molekuldur və daha əvvəl COVID-19 vaksinlərində geniş istifadə olunub.
Moderna vaksinin tənzimləyici qurumlardan təsdiq alması üçün müraciəti yaxın aylarda təqdim etməyi planlaşdırır.
19:36 21.08.2026
Oxunuş sayı: 59