Xocavənd rayonunda mina partlayışı baş verib - yaralanan var
Xocavənd rayonunun Düdükçü kəndi ərazisində 2026-cı il 21 avqust tarixində mina partlayışı hadisəsi baş verib.
Crossmedia.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətləri birgə məlumat yayıb.
Bildirilib ki, Sumqayıt şəhər sakini 1983-cü il təvəllüdlü Şirinov Ramal Qiyas oğlunun minatəmizləmə fəaliyyəti başa çatmayan ərazidə idarə etdiyi traktor minaya düşüb. Hadisə zamanı Şirinov Ramal müxtəlif bədən xəsarətləri alıb.
Faktla bağlı Xocavənd rayon prokurorluğunda araşdırma aparılır.
ANAMA, AR DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa, şübhəli əşyalara toxunmamağa, bələd olmadıqları ərazilərə daxil olmamağa, çəpərləmə fəaliyyəti aparılan ərazilərə müdaxilə etməməyə çağırır.
18:24 21.08.2026
Oxunuş sayı: 68