Rusiya iki “Kalibr”daşıyıcısını itirmiş ola bilər
Rusiya “Admiral Makarov” və “Admiral Essen” freqatlarının zədələnməsi ilə iki “Kalibr” raketdaşıyıcısını itirmiş ola bilər.
Crossmedia.az xəbər verir ki, bu barədə peyk görüntülərinin təhlilinə istinadən “RBC-Ukraine” yazıb.
Məlumata görə, avqustun 12-də Novorossiyskdəki hərbi-dəniz bazasına endirilən zərbələr zamanı hər iki gəmi zədələnib. Peyk görüntülərində raketlərin buraxılış qurğularının yerləşdiyi hissələrdə ciddi zədələnmələr müşahidə olunur.
Analitiklərin məlumatına əsasən, “Admiral Essen”in burun hissəsində göyərtə deformasiyaya uğrayıb və “Kalibr” raketlərinin buraxılması üçün istifadə olunan 3S14 UKSK qurğusunun səkkizyuvalı modulu zədələnib.
“Admiral Makarov”da isə zərbənin şaquli buraxılış qurğularının yerləşdiyi əraziyə dəydiyi və buraxılış şaxtalarında ciddi zədələnmələrin yarandığı bildirilir.
Bununla belə, gəmilərin zədələnmə dərəcəsi və onların “Kalibr” raketlərindən istifadə imkanlarını itirib-itirmədiyi barədə məlumatlar hələ rəsmi şəkildə təsdiqlənməyib.
12:13 20.08.2026
Oxunuş sayı: 54